İçeriğe geçmek için "Enter"a basın

Rus rublunun ucuzlaşmasının manatın kursuna tə’siri

02-03-2015

Paulgobl
Paul A. Gobl 1949 təvəllüdlü amerikalı politoloq, hazırda “İslam və Avrsiyada geosiyasət” mövzusunda dərs verən keçmiş Sovet İttifaqını çox yaxşı bilən bu mövzularda 150 dən çox məqalələr yazan bir bilim insanıdır. Erməni mətbuatı da qəzetlərində Paul Goblun fikirlərinə çox yer verirlər.

“Rusiya hökuməti və cənab Putin son zamanlar Bakını Moskva hakimiyyətinə yenidən tabe etdirmək üçün Azərbaycan qarşısında bir sıra çətinliklər yaradıb. Onlar manatın devalvasiyasından istifadə edirlər. Elita arasında parçalanmaya səbəb olub, əhaliyə zərər verməklə. Bu, Bakıda rejimin zəifləməsinə gətirib çıxaracaq və Moskvaya qəbul olunması mümkün olmayan tələblər irəli sürməyə imkan verəcək”.

Bu fikirlər tanınmış amerikalı politoloq Pol Qobla məxsusdur. Postsovet məkanındakı prosesləri kifayət qədər peşəkarlıqla təhlil etmək qabiliyyətinə malik şərhçi Azərbaycanı gözləyən növbəti təhlükədən bəhs etməklə əslində bizi xəbərdar etmək istəyib.
Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlindən sonra şimal qonşumuzda vəziyyətin olduqca təhlükəli olduğuna bir daha şahid olduq. Dünyanı nüvə ilə təhdid edən, istədiyi ölkəyə qoşun yeridən, onu tikə-parça edən imperiya varisində artıq silahlar işə düşüb, müxalif mövqeli insanlarla silahla danışılır. Nə fərqi, tətiyi kim, yaxud kimin sifarişi ilə çəkib?
Düzdür, rəsmi Bakı Avrasiya Birliyinə qoşulmadığı kimi, heç may ayında Riqada Avropa Birliyinin asosiativ üzlük sazişinə də imza atmağı düşünmür. Lakin Rusiya daha balansı qəbul etmir, “qoşulmamaq” yolunu tutan Bakının iradəsini qırmaqdan ötrü hər cür təxribata gedilə bilər.

Əgər P.Qoblun dediyi kimi, rus rublunun ucuzlaşması belə Azərbaycan manatının kursuna təsir göstərib ölkədə idarəolunmaz situasiya yaradırsa, o halda Rusiyadan ehtiyatlanmaq gərəkdir. Bu, 2013-cü ildə hərbi gəmilərlə Bakı buxtasına gələn Putindir və geriyə yolu yoxdur.

Üstəlik, Amerika, Avropa oturub plan cızana qədər Moskva istədiyi postsovet ölkəsinə bayrağını taxa bilir. Görünən budur ki, şimaldan növbəti təhlükələr gəlir. Qış bitir, “rus ayısı” yuxudan hələ indi durur. Gürcüstan ram olundu, Gümrüyə quru yol açıldı, qaldı Bakı. Azərbaycan Xalq Cümhuriyyəti də elə bir yaz günündə işğal olunmuşdu…

Bu gün ölkədə sabitliyin qorunması üçün həm iqtidar, həm müxalifət bütün gücü ilə çalışmalıdır. Əksi böyük fəlakətlərə səbəb ola bilər. Hakimiyyət manatın kursundakı dəyişikliyin əhaliyə vurduğu zərbənin qarşısını almaq üçün təcili tədbirlər görməlidir ki, hansı qüvvə müflisləşən camaatın emosiyasını coşdura bilməsin. Naməlum birisinin təyin etdiyi 28 fevral aksiyasında iştirak etməyən müxalifəti tənqid edənlər də haqlı deyil məncə. Üstəlik, bu gün bahalaşma əleyhinə mitinq də çıxış yolu deyil. Olsa-olsa bu, “ərəb baharı”ndakı aksiyaları xatırladacaq.

O zaman hökumət inqilab dalğasından narahat olub nələrsə etmək istəyirdi, ancaq müxalifətin aksiyaları, həbs dalğası bu tədbirləri arxa plana keçirdi, zəif etirazları görən iqtidar bir az rahatlaşdı. İndi də keçirilən aksiyalar ən uzağı “manat məhbusları” kimi yadda qalacaq. Sonra həbsdə olanların azadlığı üçün əfv müraciətlərini eşidəcəyik. Bunlar isə ümumölkə miqyaslı problemlərin həllinə aparmır, əksinə, daxildə münasibətləri kəskinləşdirir, xarici təzyiqləri artırır.

İstədik, istəmədik, Azərbaycan hakimiyyəti Avropa Oyunlarına ciddi hazırlaşır. Gəlin məsələyə real yanaşaq, nə hakimiyyət etirazları nəzərə alıb bu tədbirdən imtina edəsi, nə də dünya ölkələri yol puluna qədər ödənəcək oyunlara “yox” deyəsi deyil. Ona görə də ən normal yol ölkəsində Avropa oyunları keçirən hakimiyyətin elə Avropa prinsiplərini tətbiq etməsinə, siyasi məhbusları bu yarışlara qədər azad etməsinə, bahalaşmanın qarşılığında vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atmasına nail olmaqdır.

Təcrübə göstərib ki, hakimiyyət onunla zorakı dillə danışanların haqlı arqumentlərini belə qəbul etmir. O halda üz-üzə oturub danışmaq, inandırmaq yeganə çıxış yoludur. Ərəb ölkələrinə inqilabların gətirdiyi “xoşbəxtliyi” görəndən sonra gərək ki, kimsə inqilab sözünü dilə gətirməsin. Təbii ki, əgər bu məmləkətin gələcəyini düşünürsə…

Bu gün ölkədə iqtidar-müxalifət münasibətlərində yeni bir mərhələyə keçid müşahidə olunur, artıq iki görüş arxada qalıb, üçüncüsünə hazırlıq gedir, təmasların iki aydan bir keçirilməsi razılaşdırılıb. Deməli, ölkədə yaranan gərginlik bu kövrək münasibətlərin üstündən xətt çəkə, münasibətləri daha da pisləşdirə bilər. Bu, Rus ayısı üçün göydəndüşmə olar. Bizə belə nəticə lazım olmamalıdır məncə…
Elşad Paşasoy

Azadliq.az

Rus rublunun ucuzlaşmasının manatın kursuna tə’siri