İçeriğe geçmek için "Enter"a basın

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə dair videoformatda müşavirə keçirilib

23-07-2020

[r32]
xeber –

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

“Report” xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

– Bu gün biz su təsərrüfatında mövcud olan problemləri müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Biz ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edirik. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi. Təbii ki, infrastruktur layihələri arasında prioritetlər müəyyən edilməli idi və 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda bu prioritetlər çox açıq şəkildə ortaya qoyuldu.

O vaxt bizim infrastrukturla bağlı problemlər kifayət qədər ciddi idi. Ölkəmizdə enerji qıtlığı mövcud idi. Biz elektrik enerjisinin istehsalı ilə bağlı böyük problemlərlə üz-üzə idik, idxaldan asılı idik. Əlbəttə ki, ilk növbədə, bu sahədə vəziyyət normallaşdırılmalı idi. Çünki əks təqdirdə hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Son illərdə enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edirik, eyni zamanda, bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranmışdır. Bu ixrac artıq öz coğrafiyasını genişləndirir. Təbii ki, bu sahəyə çox böyük investisiyalar qoyulmalı idi və qoyuldu. Bu gün 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.

Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görülüb və itirilmiş güclərin bərpası məsələləri öz həllini tapıb. Mövcud stansiyalarda təqribən 800 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu proses davam etdirilir. Yəni, bütün enerji təsərrüfatı müasirləşir.

Əlbəttə ki, o vaxt ölkəmizdə qazlaşdırmanın səviyyəsi çox aşağı idi. Görülmüş işlər nəticəsində bu gün qazlaşdırma ölkəmizdə 96 faizə çatıb. Deyə bilərəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Amma nəzərə alsaq ki, sənayemiz, əhalimiz artır, təbii qaza tələbat artır və bizim elektrik stansiyalarımız yalnız təmiz enerji resursları – təbii qaz və su əsasında fəaliyyət göstərir, əlbəttə, biz bu sahəni bundan sonra da prioritet olaraq diqqətimizdə saxlayacağıq.

Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Bütün nəqliyyat layihələrini sadalamaq hesab edirəm ki, yersizdir. Çünki bu barədə dəfələrlə ictimaiyyətə məlumat verilib. Sadəcə olaraq, onu demək kifayətdir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında bu sahədə görülmüş işlərə çox yüksək qiymət verilir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.

Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. Son illərdə bu sahədə də böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik. Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.

Suvarma suyu ilə bağlı görülmüş işlər də hesab edirəm ki, diqqətəlayiqdir. Əgər biz bu işləri görməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Bir neçə layihə, həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Mən onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olunandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur. Çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır. O vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, biz bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəltdik.

İndi mütəxəssislər yaxşı bilirlər ki, əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi.

Bu, yeganə layihə deyil. Hesab edirəm ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür – 270 milyon kubmetr. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilibdir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Çünki buna qədər Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatana gəlirdi. Əgər ortada bu böyük su hövzəsi olmasaydı, biz bu gün Bakını içməli su ilə təmin edə bilməzdik. Bu, birmənalıdır. Ona görə bu layihənin icrası və ümumiyyətlə Samur çayının sularının ədalətli bölüşdürülməsi üçün çox böyük işlər görülüb. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür.

Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. O vaxt layihə başa çatanda bu təmizləyici qurğu dünyanın ən böyük təmizləyici qurğusu hesab olunurdu. O vaxtdan bu günə qədər bəlkə də haradasa daha da böyük qurğular tikilib. Amma söhbət ondan getmir. Əsas məsələ odur ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi artıq mümkün olub.

Təbii ki, mən Şəmkirçay su anbarının əhəmiyyətini də qeyd etməliyəm. Bu gün Şəmkirçay su anbarı bizim su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır.

Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Mütəxəssislər bunu yaxşı bilir, bu, çox böyük rəqəmdir.

İçməli su layihələrinə gəldikdə, bu layihələrin xüsusi əhəmiyyəti var. Mənim təşəbbüsümlə bu layihələr ardıcıl olaraq icra edilir. Bu gün bizim əksər şəhərlərimizdə içməli su və kanalizasiya layihələri icra olunub. Cəmi bir neçə şəhərdə bu işlər hələ ki, tamamlanmayıb, amma iş gedir. Biz bu sahədə həm müsbət, həm mənfi təcrübəni təhlil etməliyik. Çünki mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməmişdir və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmamışdır. Ona görə içməli su layihələri başa çatan bəzi yerlərdə su qıtlığı yaranıb. Odur ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Əlbəttə, bayaq gətirdiyim rəqəmlər onu göstərir ki, biz böyük inkişafa nail olduq. Ancaq hələ ki, görüləsi işlər çoxdur.

Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq.

Ona görə qeyd etdiyim məsələlər birmənalı şəkildə göstərir ki, içməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır.

Eyni zamanda, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni, bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi?

Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan.

İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir.

Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?

Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə – quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır.

İndi isə Şahin Mustafayev görülmüş işlərlə bağlı məlumat və təkliflər versin.

Baş Nazirin müavini Şahin Mustafayev çıxış edərək dedi:

-Təşəkkür edirəm, cənab Prezident.

Möhtərəm cənab Prezident, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məruzə olunduğu kimi, su ehtiyatlarının az olması, iqlim dəyişməsi, orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması son illərdə ölkədə su çatışmazlığını şərtləndirmişdir. Müşavirədə Sizin xüsusi vurğuladığınız kimi, bütün bunlar son nəticədə su təhlükəsizliyi məsələsini ən aktual mövzulardan birinə çevirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə – cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olmuşdur. Eyni zamanda, strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard kubmetri ölü həcmdir. Halbuki həmin anbarda suyun həcmi 2019-cu ildə 9,7, 2018-ci ildə 10,9, 2017-ci ildə 11,6, 2016-cı ildə isə 13,6 milyard kubmetr təşkil etmişdir. Sizin rəhbərliyinizlə əvvəlki illərdə böyük həcmdə işlərin həyata keçirilməsinə, ehtiyat tədbirlərinin görülməsinə, məsələn, Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər layihələrin reallaşdırılmasına baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Sərəncamınızla komissiya yaradılmışdır. Su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi komissiyaya tapşırılmışdır. Komissiya ölkə ərazisində su anbarlarında yaranmış vəziyyəti, suvarma mövsümünün başlanmasını nəzərə alaraq operativ tədbirlərin görülməsi məqsədilə fəaliyyətini intensiv formada təşkil etmiş və bütün aidiyyəti qurumların koordinasiyası təmin olunmuşdur. Ötən müddət ərzində müxtəlif formatlarda müzakirələr aparılmış, kritik əhəmiyyət kəsb edən obyektlərə baxış keçirilmiş, onlayn müşavirə formasında komissiyanın tam tərkibdə üç iclası keçirilmiş, zəruri hallarda komissiyada təmsil olunmayan bir sıra digər dövlət qurumları cəlb edilmiş və təxirəsalınmaz tədbirlərin görülməsi təşkil edilmişdir.

Əhəmiyyəti baxımından aşağıdakı tədbirləri xüsusilə qeyd etmək istərdim: Su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların icrasına gündəlik nəzarət təmin olunmuşdur. Operativ məlumat mexanizmi hazırda “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunur. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta Mingəçevir su anbarında sudan istifadə üzrə hər on gündən bir yenilənən iş rejiminin tətbiqi qərara alınmışdır.

Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur. Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və rəsmi saytda dərc edildikdən sonra tətbiq edilir. Yaradılmış proqram təminatı sayəsində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə su modulu kimi inteqrasiya olunan sudan istifadə qrafikləri növbəti mərhələdə əkin sahələrini və subsidiyalaşmanı optimal şəkildə planlaşdırmaq imkanı verir. Belə ki, tərtib olunmuş qrafiklər suvarma dövrü başlamamışdan əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan suyun sifarişini formalaşdırmağa, beləliklə əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının qurulmasına, digər tərəfdən isə məhdud su ehtiyatları və əkin növünün suya tələbatı nəzərə alınmaqla əkin sahələrinin optimal şəkildə planlaşdırılmasına şərait yaradır.

Suvarmaya dair problemlərin operativ həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin 60 rayon üzrə Dövlət Aqrar İnkişaf mərkəzlərinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri cəlb edilməklə birgə fəaliyyəti əlaqələndirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Bakı Metropoliteni ərazisindəki qrunt sularından yaşıllıqların suvarılmasında istifadə istiqamətində layihə təklifləri hazırlanmışdır. Aparılan analizlər sərfi saatda 127 (sutkada 2500-3000) kubmetr olan suyun suvarmaya yararlı olduğunu göstərmişdir və artıq bu sudan istifadəyə başlanılmışdır.

Zəruri istiqamətlərdən biri də hidrotexniki qurğuların mühafizəsinin gücləndirilməsi və həmin qurğulara mümkün mənfi təsirlərin qarşısının alınması üçün qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir və bu istiqamətdə müvafiq iş aparılır.

Möhtərəm cənab Prezident, bu gün su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi qarşımızda durur. Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilmişdir. Su təsərrüfatı balansının formalaşdırılması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı elektron su təsərrüfatı informasiya sistemi yaradılmışdır. Birinci mərhələdə su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. İkinci mərhələdə aidiyyəti dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası, üçüncü mərhələdə isə su obyektlərinə daxil olan, çıxan və obyektlərdə olan suyun həcmi ilə bağlı ölçmə cihazlarının və digər avadanlıqların məlumatlarının real vaxt rejimində ötürülməsi və dövri hesabatların əldə edilməsi təmin olunacaqdır. Eyni zamanda, əsas su və su təsərrüfatı obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Bu vaxta qədər xüsusi əhəmiyyətli obyektlərin su ehtiyatlarından müasir ölçmə cihazları tətbiq edilmədən və ya ümumiyyətlə ölçmə aparılmadan istifadə edilmişdir. Hazırda prioritet hesab edilən məntəqələr üzrə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən 12, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 25 müasir ölçmə cihazının quraşdırılaraq yaxın günlərdə tam funksional vəziyyətə gətirilməsi üzərində intensiv iş gedir. Artıq Mingəçevir su anbarında və çıxışlarında quraşdırılan müasir ölçmə cihazları tam işlək vəziyyətdədir.

Cənab Prezident, məruzə edim ki, artıq üç gündür biz real müasir ölçmə cihazları vasitəsilə əsas su anbarımızın həm çıxışlarını, həm su həcmini nəzarətə götürmüşük.

Möhtərəm cənab Prezident, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə vurğuladığınız kimi, su təsərrüfatı sahəsində vahid idarəetmə və nəzarət sisteminin, effektiv koordinasiyanın olmaması su ehtiyatlarından səmərəsiz istifadəyə gətirib çıxarmışdır. Su və su təsərrüfatı obyektlərindən dəqiq uçot və optimal bölgü aparılmadan istifadə ilə yanaşı, aparılan monitorinqlər kütləvi şəkildə nəzarətdənkənar qoşulma hallarının da mövcud olduğunu ortaya çıxarmışdır. Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, əhalinin və iqtisadiyyatın artan tələbatına uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədlərinə nail olmaq üçün görülməli tədbirləri ehtiva edən Milli Strategiyanın hazırlanması da məqsədəuyğundur.

Ölkə üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, cari ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az – 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir. Proqnoza əsasən, cari ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq saziş layihəsi hazırlanaraq aidiyyəti üzrə artıq təqdim olunmuşdur.

Möhtərəm cənab Prezident, qeyd edilənlərlə yanaşı, sudan istifadə zamanı itkilərin azaldılması da həlli vacib istiqamətlərdəndir. Həm suvarma, həm də içməli su təchizatı şəbəkələrinə nəzarətdənkənar qoşulmaların aradan qaldırılması, içməli su təchizatı sahəsində sayğaclaşmanın başa çatdırılması itkilərin azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri də suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə suvarma kanallarının əsaslı təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə bağlı təkliflər hazırlanır. Eyni zamanda, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə də prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.

Prioritet məsələlərdən biri də energetika sahəsində su ehtiyatlarından səmərəli istifadə ilə bağlıdır. Məlum olduğu kimi, suvarma dövrü əsasən beş aydır: may-sentyabr ayları. Xüsusi əhəmiyyətli su anbarlarında qeyri-suvarma dövründə, o cümlədən qış aylarında su ehtiyatlarının artırılması məqsədilə istilik elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi, bu stansiyalarda soyutma məqsədilə sudan qənaətli istifadənin təmin edilməsi, ölkə üzrə elektrik enerjisi tezliyinin daha optimal formada tənzimlənməsi imkanları araşdırılmalıdır.

Bunlarla yanaşı, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik:

Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;

Qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması;

Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi;

Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviq olunması;

Suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması.

Möhtərəm cənab Prezident, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da daxil olmaqla, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı qarşımıza qoyduğumuz bütün vəzifələr yerinə yetiriləcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: İndi söz verilir Kənd Təsərrüfatı naziri İnam Kərimova.

Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident, quraqlıq və su çatışmazlığının təsir etdiyi ən böyük sahələrdən biri də kənd təsərrüfatıdır. Ölkə üzrə su istehlakının 80 faizə yaxını məhz kənd təsərrüfatının payına düşür.

Bu ilin əvvəllərindən havaların quraq keçməsi, yağıntıların miqdarının azalması, əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində problemlər yaradıb. Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra, xüsusilə aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəymişdir. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq keçmiş ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az olmuşdur.

Prezident İlham Əliyev: Nə qədərdir bu gün?

İnam Kərimov: Cənab Prezident, bu il 90 faiz biçilib, 1 milyon 800 min ton buğda yığılıb və buğda istehsalı təxminən 1 milyon 900 min ton ətrafında gözlənilir.

Prezident İlham Əliyev: Məhsuldarlıq nə qədərdir?

İnam Kərimov: Bu günə faktiki yığılmış ərazilərdən məhsuldarlıq 31,3 sentner olub.

Prezident İlham Əliyev: Keçən il də təqribən 32 sentner idi?

İnam Kərimov: Bəli, 32, 31,7 sentner.

Prezident İlham Əliyev: Düşüb, amma bu tənəzzül o qədər də kritik deyil. Əgər su təminatı yaxşı olsaydı, daha çox məhsuldarlıq ola bilərdi.

İnam Kərimov: Cənab Prezident, bir məsələni qeyd edim ki, burada faktiki yığılan ərazilər götürülüb, yəni hansı ərazilərdə ki, məhsul yığılmayıb, bu statistikaya daxil edilməyib.

Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir. Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Eyni zamanda, bu günə 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır.

Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Keçənilki dövrdə bugünkü tarixə biz 23 min hektar az ikinci suvarma həyata keçirmişik. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik. Hazırda pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur.

Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşayırıq.

Su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə də məcburi azalmalar baş vermişdir. Belə ki, şəkər çuğunduru üzrə 7500 hektar əkin nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda aparılıb. Çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olmuşdur.

Mövcud vəziyyət meyvə bağları üçün də risklər yaradır. Meyvə bağlarının əsasən çoxillik ağaclardan ibarət olduğunu nəzərə alsaq, su çatışmazlığının mənfi təsiri bu sahədə daha çox ola bilər. Yaranmış vəziyyət yem bitkilərinə və təbii yem mənbələrinə də mənfi təsir göstərir. Suvarma kifayət qədər olmazsa, yem bitkiləri üzrə məhsuldarlıq xeyli dərəcədə azala bilər. Həmçinin yağıntının azalması səbəbindən otlaq sahələrində təbii ot örtüyünün zəif inkişafı müşahidə olunur. Bu da heyvandarlığın inkişafına maneələr yarada bilər.

Hazırda aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür. Növbəti aylarda da su təminatı ilə bağlı çətinliklərin davam etməsi gözlənilir. Belə ki, əsas su kanallarına verilən suyun həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə iyul ayının sonunadək 30 faizə qədər, avqust ayında isə 40-50 faiz düşməsi gözlənilir. Söhbət Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarından gedir.

Su çatışmazlığı, o cümlədən izafi su itkisi torpaqların şoranlaşmasına, eyni zamanda, eroziya və səhralaşmaya səbəb olur. Sadalanan problemlər torpağın münbitlik göstəricilərinin pisləşməsinə, nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.

Hazırda su çatışmazlığı fermerləri narahat edən ən aktual problemlərdəndir. İlin birinci yarısında bununla əlaqədar nazirliyə 2500-dən çox müraciət daxil olub. Müraciətlər əsasən suvarmada yaranmış çətinliklər, subartezian quyularının istismarı və qazılmasında yaranmış problemlər, irriqasiya sistemlərinin nasazlığı, suvarma qrafiklərinin pozulması ilə bağlı olub. Bu problemlərin həlli üçün Sizin Sərəncamınızla yaradılmış komissiyanın koordinasiyası ilə müvafiq tədbirlər görülür, qurumların fəaliyyəti əlaqələndirilir. Mövcud su ehtiyatlarının ədalətli bölünməsi üçün 53 rayon üzrə 580 mindən çox suvarma qrafiki tərtib olunub və nazirliyin saytında yerləşdirilib. Qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri həyata keçirilir. Daxil olan müraciətlər təhlil edilir və baxılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilir. Müraciətlərin sayına görə Goranboy, Sabirabad, Ucar, İmişli, Kürdəmir, Xaçmaz, Ağcabədi, Beyləqan, Biləsuvar və Salyan rayonları üstünlük təşkil edir. Həmçinin fermerlərin müraciətləri ilə bağlı müvafiq komissiyaya hər gün operativ məlumatlar göndərilir və problemlərin aradan qaldırılması üçün yerlərdə Meliorasiya və Su Təsərrüfatı ASC və yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət göstərilir.

Görülən tədbirlərin əsas məqsədi dəyər zəncirinin bütün mərhələlərində, yəni suyun sututarlarda toplanması, kanallarla nəqli və əkin sahələrinə paylanmasında effektivliyin təmin olunmasıdır. Habelə su balansının elektronlaşdırılması, dəqiq uçot sisteminin qurulması və suvarma məlumatlarının elektron kənd təsərrüfatı sisteminə inteqrasiya edilməsi sudan səmərəli və qənaətlə istifadəni özündə ehtiva edən subsidiya mexanizminin formalaşdırılması istiqamətində təkliflər hazırlanır.

Məhdud su resursları kontekstində suvarmanın səmərəliliyinin artırılması üçün suvarma zəncirinin bütün mərhələlərində, o cümlədən birbaşa suvarma fazasında innovasiyaların tətbiqi artıq zərurətə çevrilmişdir. Suvarma zəncirinin son mərhələsi olan birbaşa suvarmada fermerlərin pivot, damlama, yağış yağdırma və tamburlu suvarma sistemlərinə marağı yüksəkdir. Dövlət tərəfindən müasir suvarma sistemlərinin qurulması təşviq edilir. Belə ki, suvarma sistemləri dövlət tərəfindən subsidiyalaşdırılan avadanlıqlar siyahısına daxildir. Son iki il ərzində nazirlik xətti ilə 9,3 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 28,8 milyon manat subsidiya verilib. Verilən güzəştlərlə iki il ərzində iqtisadiyyata əlavə 54 milyon manat investisiya qoyuluşu təşviq edilib.

Möhtərəm cənab Prezident, hazırda yazlıq əkinlər üzrə suvarılmanın aparıldığı aktiv dövrdür. Su çatışmazlığının əkinlərə mənfi təsirinin minimuma endirilməsi üçün nazirlik tərəfindən və müvafiq komissiyanın koordinasiyası ilə digər qurumlarla birlikdə tədbirlər görüləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sizin məruzənizdə açıq-aydın göstərilir ki, suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Biz indi fermerləri, sahibkarları stimullaşdırmaq üçün çox böyük proqramlar icra edirik – subsidiyalar, güzəştli kreditlər, texnika ilə təminat, gübrə, yanacaqla təminat. Bütün bunları dövlət öz üzərinə götürüb ki, fermerlər daha yaxşı yaşasınlar. Biz onları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad etmişik. Amma təkcə suyun çatışmazlığı görün bizə nə qədər böyük ziyan vurur. Taxılçılıqda məhsuldarlıq daha yüksək olmalı idi, pambıqçılıqda da həmçinin.

Bu il biz birinci dəfə təkrar əkinlə bağlı təcrübədən istifadə etdik. Mənə ilk verilən məlumat o idi ki, biz 100 min hektarda qarğıdalı əkək. Sonra suyun çatışmazlığı ilə əlaqədar bunun 50 min hektarını ixtisar etdik. Amma heç 50 min hektarda da əkə bilmədik. Misal üçün, biz 100 min hektarda bunu əkə bilsək, bu, bizə nə qədər xeyir verəcək, yem bazamız, nə qədər genişlənəcək və idxaldan asılılıq azalacaq, valyuta xaricə getməyəcək. Ona görə bütün bu məsələlər çox ciddi təhlil edilməlidir və edilir. Eyni zamanda, veriləcək tapşırıqlar və qəbul ediləcək proqram hərtərəfli olmalıdır. Biz nə mümkündürsə, bu il etməliyik. Əsas işləri, əlbəttə ki, gələn ilin əkin mövsümünə hazırlıq məqsədilə etməliyik.

Mənə göndərilən məktublarla bağlı. Mən bu məktubları Prezident Administrasiyasının şöbəsinə və Nazirlər Kabinetinə göndərirəm. Zeynal Nağdəliyev məlumat verin, məktublarda qaldırılmış məsələlərin araşdırılması və görülən tədbirlər nədən ibarətdir və bu məsələlərin təxminən neçə faizi öz həllini tapıb? Bundan sonra hansı addımların atılması gözlənilir?

Prezidentin köməkçisi Zeynal Nağdəliyev: Təşəkkür edirəm, cənab Prezident. İcazə verin, məruzə edim ki, təkcə iyulun 2-dən başlayaraq Siz tərəfdən bizə araşdırılmaq üçün 100 müraciət göndərilib. Araşdırılan müraciətlərin 10-u tam olaraq həllini tapmışdır və yüksək diqqətinizə məruzə edilmişdir. Hazırda təqribən 12-15 müraciət yerlərdə həllini tapmışdır və biz bununla bağlı məruzəyə hazırlaşırıq. Bunlar suyun çatışmazlığı ilə bağlı olan müraciətlərdir, söhbət ondan gedir. Eyni zamanda, suyun çatışmazlığı ilə bağlı 10 müraciətin Sizin tapşırığınız əsasında əlavə potensial imkanlardan istifadə etməklə həlli istiqamətində iş görülür. Sizin tapşırığınız müvafiq qurumlara çatdırılmışdır və indi o imkanlar araşdırılır. Ümumiyyətlə, yerlərdə suyun çatışmazlığında əsas məsələ, həqiqətən də suyun olmaması idi. Bəzi hallarda suyun verilməsinin, onun fermerlərə çatdırılmasının sistemliliyi pozulmuşdu. Tapşırığınıza uyğun olaraq Nazirlər Kabineti ilə birlikdə məsələyə müdaxilə etdikdən sonra nizamlanmış növbəlilik təmin edilmişdir. Arxlar təmizlənmiş, digər texniki çatışmazlıqlar aradan qaldırılmışdır. Cənab Prezident, hazırda bu istiqamətdə bütün tədbirlər görülməkdədir.

Prezident İlham Əliyev: Hər bir məktuba çox diqqətlə yanaşmaq lazımdır və həlli bilavasitə qısa müddət ərzində mümkün olan məsələlər dərhal həll olunmalıdır. Məktublarda elə məsələlər qaldırılır ki, onlar daha genişmiqyaslı iş tələb edir. Əlbəttə ki, biz onları nəzərə almalıyıq. Artıq İqtisadiyyat Nazirliyinə göstəriş verildi ki, bizim investisiya proqramımızın imkanları daxilində bu məqsədlər üçün əlavə vəsaitin ayrılması da nəzərdən keçirilsin və biz gələn ili gözləməyək, nə mümkündürsə, bu il edək. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi əlavə vəsaitin tapılması ilə əlaqədar birlikdə işləsinlər.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, vəziyyətlə bağlı məruzə edin.

Nazir Kəmaləddin Heydərov: Çox sağ olun, möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının su ehtiyatlarının qiymətləndirilməsi layihəsi haqqında Sizin tapşırığınıza əsasən 2014-cü ildə Niderlandın “Deltares” şirkəti ilə müqavilə bağlanmışdır və ölkəmizin bütün su balansının çıxarılması, həm yeraltı ehtiyatların, həm də yerüstü çayların, göllərin təhlili prosesi başlanmışdı. Təəssüflər olsun ki, 2014-cü ildən sonra bu layihənin icrası müəyyən maliyyə çatışmazlıqları səbəbindən dayandırılmışdır.

Yüksək diqqətinizə məruzə edirəm ki, bu dövr ərzində Bakı və Abşeron yarımadasının bütün yeraltı, yerüstü suları və gölləri haqqında təhlil hazırlanmış və müvafiq orqanlara göndərilmişdir. Amma bizim ölkə üzrə digər çaylarımızın, göllərimizin tam təhlili əlavə vəsait tələb edir və qısa müddətdə başa çatdırıla bilər. 2017-ci ildən bu layihənin həyata keçirilməsi dayandırılmışdır.

Möhtərəm cənab Prezident, vaxtınızı çox almamaq üçün bir cümlə ilə qeyd edim ki, həm hidrotexniki qurğuların, həm göllərin və su anbarlarının vəziyyəti haqqında müvafiq qurumlara ünvanladığımız məktubların bir qismi öz həllini tapmışdır. Azərenerji tərəfindən Mingəçevir gölünün beton hissəsinin su-torpaq yuyulmasından qorunması üçün işlər tamamilə başa çatdırılmışdır. Yuxarı Qarabağ kanalının bütün layihə işləri hazırlanıb verilmişdir. Amma, möhtərəm cənab Prezident, bu, Sizin qeyd etdiyiniz kimi, köklü və əsaslı surətdə təmin olunmalıdır. Əgər biz həm suvarma suyunun, həm içməli suların tam nəzarətdə olması və səmərəli istifadə edilməsi, ədalətli bölünməsi üçün işlər görmək istəyiriksə, bir neçə təklifimiz var. İcazənizlə, onların bir-ikisini səsləndirim.

Suyun uçotunun təkmilləşdirilməsi üçün müasir ölçmə vasitələrinin tətbiq edilməsi. Bu prosesi Baş Nazirin müavininin dediyi kimi, biz başlamışıq, yəqin ki, qısa müddətdə başa çatdıracağıq. Əkin sahələrində suya qənaətedici müasir suvarma texnologiyasının tətbiqi üçün istehsalçılara dövlət dəstəyinin verilməsi. Kollektor-drenaj tullantı sularının təmizlənməsi, təkrar istifadəyə cəlb olunması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi. Dağ çaylarında relyefin imkan verdiyi yerlərdə sel sularının toplanması üçün kiçik su anbarlarının və yağış sularının toplanması məqsədilə sututarların tikintisi.

Möhtərəm cənab Prezident, Sizinlə müzakirə zamanı suvarma dövründən başqa dağ çaylarındakı suyun akkumulyasiya olunması üçün müvafiq yerlərin seçilməsi və oralarda qış dövründə, yəni suvarma olmayan dövrdə suların akkumulyasiya edilməsi haqqında mənə tapşırıq vermişdiniz. Biz Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə bu istiqamətdə bəzi yerlərdə araşdırma aparmışıq. Onun reallaşdırılması üçün xarici mütəxəssislərə ehtiyacımız var və yəqin ki, onları pandemiyadan sonra dəvət edəcəyik. Çünki təbii olaraq Kürün suyu artmağa doğru deyil, azalmağa doğru gedir. Bizim də əsas su ehtiyatlarımızı təmin edən Mingəçevir, Varvara, Şəmkirçay və digər anbarlardır. Ona görə də biz gələcək üçün mövcud anbarların faydalı həcmini artırmaqdan ötrü Varvara, Türyançay və Əliçay çaylarını təmizləməliyik.

Bir də, möhtərəm cənab Prezident, bildirməliyəm ki, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Yaponiyanın “Kahişa” şirkəti ilə 2017-ci ildə bağlanmış müqavilənin həyata keçirilməsi üçün vəsaitin ayrılması lazımdır.

Prezident İlham Əliyev: Bəs nə üçün bu müqavilə icra edilməyib? 2017-ci ildə bağlanıb, üç il keçib, niyə icra olunmayıb?

Kəmaləddin Heydərov: Deməli, 9 milyon dollar vəsait çatışmadı. Ona görə də bu layihənin icrası dayandırıldı.

Prezident İlham Əliyev: Onda gərək bu məsələ çoxdan öz həllini tapaydı. Bir halda ki, müqavilə bağlanıb. Buyur, Maliyyə naziri, arayış ver.

Maliyyə naziri Samir Şərifov: Möhtərəm cənab Prezident. Məsələ ilə bağlı məruzə etmək istərdim ki, bu vəsaitin ayrılması ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olub. Həmin qərara əsasən, bu vəsaitin bir qismi Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon dollar məbləğində həll edilməli idi. Yerdə qalan hissəsi ilə “Azərenerji” Səhmdar Cəmiyyəti tərəfindən görülməli idi. Lakin naməlum səbəblərə görə bu məsələlər öz həllini tapmadı. Hər iki qurumun vəsaiti olub və 2014-cü ildə də “Deltares” şirkətinin apardığı texniki araşdırma ilə bağlı da burada mən sözün açığı hər hansı bir əsas tapa bilmirəm, nəyə görə bu vəsait olmayıb. Amma icazə versəniz, biz bununla bağlı müvafiq arayış təqdim edə bilərik.

Prezident İlham Əliyev: Siz məsələni araşdırın. Çünki mən belə başa düşürəm ki, bu vəsait olub, ancaq Fövqəladə Hallar Nazirliyi və Azərenerji bundan istifadə etməyib. Elədir?

Samir Şərifov: Bəli. O zaman bu vəsaiti dövlət büdcəsindən istəyiblər. Cənab Prezident, amma hər iki qurum bilir ki, bu, büdcədə nəzərdə tutulmamışdı. Bununla bağlı həm Azərenerjidə bunun bir hissəsinin verilməsi nəzərdə tutulmuşdu, 2 milyonunu isə Fövqəladə Hallar Nazirliyi ayırmışdı.

Prezident İlham Əliyev: Bu, böyük vəsait deyil. Bunu indi yubatmaq olmaz. Neçə il keçib və əgər bu vaxtında olsaydı, bu qiymətləndirmə də aparılardı və bütün təmir-bərpa işləri görülərdi.

Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, bizim tərəfimizdən 2 milyon və xatirimdədirsə 3 milyon da Azərenerji tərəfindən ayrılmışdı və qalan hissəsini büdcə təmin etməli idi. Sonradan bu vəsait təmin olunmadığına görə layihə dayandırılmışdır.

Prezident İlham Əliyev: Gərək, məsələ qaldıraydınız. Vəsait təmin olunmayıb, siz də məsələ qaldırmamısınız. Mən bu gün bunu eşidirəm. İndi Baş Nazirə tapşırıq verirəm ki, tez bir zamanda bunu həll edin və builki investisiya proqramından vəsait ayırın ki, bu məsələ tezliklə həll olunsun. Siz də tərəf müqabilləri ilə əlaqə saxlayın və onları indi dəvət etmək lazımdır ki, gəlib bu qiymətləndirməni aparsınlar. Çünki bilirsiniz, əgər bu bürokratiya belə davam edərsə, bu, heç bir nəticəyə gəlib çatmayacaq. Çünki kontrakt imzalanıb, vəsait ayrılmayıb. Nəyə görə ayrılmayıb? Kimsə ya istəməyib, ya da ki, istəyib kimsə verməyib, ya sonra ixtisar olunub. Belə şeylərə son qoymaq lazımdır.

İndi isə Ekologiya və Təbii Sərvətlər naziri, məlumat verin.

Nazir Muxtar Babayev: Hörmətli cənab Prezident, bildiyiniz kimi, iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz azalmışdır. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər. Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, dünya ölkələrində olduğu kimi, ölkəmizdə də yağıntıların zaman və məkan üzrə qeyri-bərabər şəkildə paylanması baş verir. İqlim dəyişmələri nəticəsində ölkəmizdə havanın temperaturu yüksəlir, bunun nəticəsi olaraq ölkənin dağlıq ərazilərində şaxtalı və qarlı günlərin sayının azalması qeydə alınır. İqlimin istiləşməsi ölkənin dağ çaylarını qidalandıran qar ehtiyatının və buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzərsahili rayonlar istisna olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Anomal hadisələrin sayı və sel-daşqın proseslərinin təkrarlanması artır. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, son 6 ayda isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalmışdır. İqlimin inertliyini əsas götürsək, növbəti onillikdə iqlim norma ilə müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar. Hər il mütəmadi olaraq hidrometeoroloji xidmət çaylarda sululuq üzrə proqnozları hazırlayır və müvafiq qurumlara təqdim olunur. Bu proqnozlar həm də dağlarda qarölçmə işləri əsasında aparılır. Bu qədər, cənab Prezident.

Prezident İlham Əliyev: İndi söz verilir Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənova. Mənə geniş arayış hazırlayıb. Çox böyük təhlil işi aparılıb. Bu təhlil işini, bu arayışı mən komissiyaya göndərmişəm, komissiya da buna baxır. Siz, indi görülmüş işlərlə bağlı qısa məlumat verin və mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

Kərəm Həsənov: Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Sizin tapşırığınızla, əhalinin içməli su təminatı, suyun keyfiyyəti və bu sahədə olan vəziyyətlə, eyni zamanda, kənd təsərrüfatının suvarma sistemi ilə bağlı yaxın günlərdə tərəfimizdən monitorinq aparılmışdır. Həmçinin ölkənin mövcud su ehtiyatları, onlardan istifadə vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və hazırlanmış arayış ali diqqətinizə təqdim edilmişdir.

İcazənizlə, mövcud vəziyyətlə bağlı onu demək istərdim ki, tamamilə çox düzgün buyurursunuz, ölkəmizin su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir. Axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatlarımız 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilmişdi. Biz hazırda su sistemi ilə bağlı məlumatları bu qiymətləndirmələrdən əldə edirik. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatlarımız yenidən qiymətləndirilməmişdir. Bayaq Fövqəladə Hallar naziri bu məsələ ilə bağlı qeyd etdi. Eyni zamanda, 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Bu da əvvəllər su ehtiyatlarımızın 1,8 faizini təşkil etmişdir. Hazırda isə 15 faiz su ehtiyatlarının azalması bu rəqəmlərə təsir etmişdir . Mövcud su ehtiyatlarına içməli su 2,2 faiz nisbətindədir. Amma buna baxmayaraq, bu rəqəmlər suyun təminatının azalmasına çox cüzi təsir edir.

Cənab Prezident, bir rəqəmi demək istərdim ki, sistem üzrə götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir. Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılmışdır. Çox düzgün qeyd etdiniz ki, su itkiyə məruz qalır və bu da təxminən istehlakçılara verilən su təchizatının 50 faizi həcmindədir. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir. Bəli, bu rəqəmlər var. Eyni zamanda, çox düzgün qeyd etdiniz ki, su anbarlarımızda mövcud vəziyyətlə, yəni hidrotexniki qurğuların və avadanlıqların istismar müddəti ilə bağlı bəzi yerlərdə vaxtı keçmiş məsələlər var. Ona görə də çox doğru tapşırıq oldu ki, bu təhlükə mənbələrinin aradan götürülməsi üçün hidrotexniki qurğuların yenilənməsi ilə bağlı müvafiq iş aparılsın.

Digər məsələ isə, çox düzgün buyurdunuz ki, suya qoyulan investisiyaların sosial-iqtisadi səmərəliliyi düzgün hesablanmır. Yəni, həm əhalinin sayına görə, eyni zamanda, təchizat sistemində, yəni investisiyaların geri dönməsi, iqtisadi cəhətdən onların səmərəli olması heç də düzgün hesablanmır və sosial səmərəliliyinə baxılmır. Belə ki, bəzi ərazilərdə, məsələn Xaçmaz rayonunda biz bu məsələlərə baxmışıq. Xaçmaz rayonunda su təchizatı həll edilməmişdən öncə bir su mənbəyi müəyyən olunmuşdur. Sonradan isə bu mənbəyə də quraqlıq təsir etmişdir və bulaq qurumuşdur. Nəticədə bu gün 2 min fərdi ev, təxminən 10 minə yaxın əhali su təchizatından narazıdır. Bu narazılığı biz ali diqqətinizə çatdırmışıq və Siz göstəriş vermisiniz. Biz əməkdaşlarımızı Xaçmaz rayonuna dərhal ezam etdik və Zeynal Nağdəliyevin şöbəsinin əməkdaşları ilə birlikdə orada bu məsələlərlə məşğul olduq.

Eyni zamanda, şikayətlərlə bağlı isə onu demək istərdim ki, 12 rayondan su təchizatı ilə bağlı şikayətlər var idi. Bunu, əsasən, aran rayonları – Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Biləsuvar rayonları təşkil edirdi. Sizin tapşırığınız əsasında onların su ilə təminatı məsələlərinə ciddi fikir verilmişdir və məsələlər araşdırılmışdır.

Suvarma sistemi ilə bağlı isə onu demək istərdim ki, orta hesabla ölkə üzrə illik 6,3 milyarddan 6,7 milyard kubmetrə qədər su təminatı mövcuddur. Ölkə üzrə orta hesabla 2017-2019-cu illərdə, əslində, il ərzində 3,2 dəfə suvarma olmalıdır. Bu, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin verdiyi məlumatlardır. Əslində, faktiki vəziyyətdə isə bir qədər fərqli rəqəmlər görünür. Kənd Təsərrüfatı naziri də bu məsələni qeyd etdi. Yəni, 28 rayonda 671 min 264 hektar kənd təsərrüfatı torpaqlarının 50 faizində suvarma ortalama həddən aşağı olmuşdur. Məsələn, daha kritik vəziyyət Qobustan rayonunda 1,2 dəfə, Ağsuda 1,4 dəfə, Şamaxıda 1,6 dəfə və Füzuli rayonunda 1,8 dəfə suvarma işləri həyata keçirilmişdir. Bu da kənd təsərrüfatının, xüsusilə aqrar sektorun inkişafına çox ciddi mənfi təsir edən amillərdən biridir. Beləliklə, Sizin tapşırığınızla biz həm kənd təsərrüfatının suvarma sistemində, həm də əhalinin içməli su ilə təminatı sistemində bu məsələlərə fikir veririk və Sizin tapşırığınızla nəzarətə götürmüşük, baxırıq. Amma suda sanitar məsələləri də xüsusilə qeyd etmək istərdim. Cənab Prezident, ali diqqətinizə çatdırıram ki, suyun keyfiyyətinə, epidemioloji vəziyyətə aidiyyəti qurumlar tərəfindən fikir verilsə, daha yaxşı olar. Bu qədər. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bilirsiniz bu, nəyi göstərir? Onu göstərir ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmamışdır, o cümlədən Prezident Administrasiyasından da olmamışdır. Mən Dövlət nəzarəti şöbəsinə göstəriş verəndən sonra onlar işə başladılar, geniş arayış hazırladılar. Kərəm Həsənov bütün məsələləri indi demədi, çünki vaxt baxımından imkan yoxdur. Amma bu arayışda hər şey göstərilib. Komissiya formalaşdı, işə başladı, üç ay ərzində təhlil apardı, demək olar ki, bütün qüsurlar üzə çıxdı. Yaxşı, bu qüsurları görən yox idimi? Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular? Hesab edirdilər ki, orada boru çəkdim, burada kanalı betonladım. Bununla da iş bitir? Bununla iş bitmir. Gərək işi elə qurasan ki, fermerlər, vətəndaşlar razı olsunlar. Su qıtlığı ola bilər, təbii səbəblər var. Aydın məsələdir ki, keçən il, bu il heç tarixdə bəlkə də görünmədiyi səviyyədə quraqlıq var idi. Amma əgər düzgün işlər görülsəydi, vaxtında bu məsələlər üzə çıxsaydı, əlbəttə ki, biz bu vəziyyətdən daha az itkilərlə çıxardıq. Ona görə bugünkü müşavirədən sonra, əlbəttə, geniş tədbirlər planı hazırlanacaq. Bu gün səslənən təkliflər və eyni zamanda, aidiyyəti qurumlar tərəfindən aparılmış təhlil nəticəsində təkliflər, yerlərdən gələn təkliflər mütləq nəzərə alınmalıdır. Çünki regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramını və ondan sonrakı proqramları qəbul edərkən biz yerlərdən məlumat əsasında bir çox məsələləri o proqramlara daxil etdik. İnsanları nə narahat edir? Hansı rayonda hansı problem var? Bu ərizələr və təkliflər əsasında biz bu proqramları tərtib etdik. Eyni qaydada bu dəfə də bu, olmalıdır. Çünki bütün mövcud problemlər gərək bu proqramda öz əksini tapsın.

Su təsərrüfatı balansına gəldikdə, yaxşı ki, bu məsələ qısa müddət ərzində həll olundu. Təbii ki, bundan sonra müntəzəm olaraq su balansı hazırlanmalıdır. Bu, bizim üçün əsas “yol xəritəsi” olacaqdır. Su balansı tərtib olunmadan biz öz işimizi planlaşdıra bilmərik.

Bizim əsas su obyektlərində müasir ölçü cihazları quraşdırılmalıdır və bir neçə obyektdə artıq quraşdırılıb. Amma bu, çoxdan olmalı idi. Necə ola bilər ki, bizim əsas su anbarlarında ölçü cihazları yoxdur. Nə qədər su gəldi, nə qədər su çıxdı, dədə-baba üsulu ilə baxırlar, səviyyəyə baxırlar, orada xətlərə baxırlar, ondan da nəticə çıxarırlar. Ona görə indi mən Şahin Mustafayevdən soruşmaq istəyirəm ki, hansı obyektlərdə bu quraşdırıldı və bu məsələ nə vaxt tam təmin ediləcək?

Şahin Mustafayev: Cənab Prezident, 12 ədəd müasir ölçü cihazı Fövqəladə Hallar Nazirliyi tərəfindən əldə olunub və ondan 4-ü artıq quraşdırılıb. Biz, ilk növbədə, məsləhətləşdik, baxdıq ki, əsas suyumuz haradadır. Ona nəzarəti təmin etmək üçün Mingəçevir Su Anbarını götürdük. Mingəçevir Su Anbarına üç çıxış var – Yuxarı Qarabağ, Yuxarı Şirvan kanalları, bir də Mingəçevir SES-ə gedən Varvara Su Anbarına tökülən yerdə.

Biz, ilk növbədə, bu üç yerdə və bir də Mingəçevirin özünün su həcminin ölçülməsi üçün cihaz quraşdırdıq. Bu 4 cihaz artıq quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də 25 cihaz əldə olunub. Mən düşünürəm ki, təxminən bir ay ərzində daha 33 cihaz quraşdıracağıq. Komissiyada baxmışıq ki, ilk növbədə, hansı nöqtələrdə bu cihazlar quraşdırılmalıdır. Bir neçə gün öncə biz komissiyada məsləhətləşdik, razılaşdırdıq ki, şimal istiqamətində bir neçə ən önəmli su anbarında və kəmərlərdə, kanallarda da bu cihazları quraşdıraq. Düşünürəm ki, biz bu sahədə bütün işləri bu ilin sonunadək zəruri yolla, amma kritik olanları bir ay ərzində başa çatdıracağıq.

Prezident İlham Əliyev: Fövqəladə Hallar naziri əlavən var?

Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, əslində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində suölçmə


mənbə :
Report.az

Prezident İlham Eliyevin yaninda su teserrufatinin veziyyetine dair videoformatda musavire kecirilib