İçeriğe geçmek için "Enter"a basın

Şirvanda “O OLMASIN, BU OLSUN” ssenarisi – Camalovların “b” planı işə düşüb

08-02-2020


[r32]
Növbədənkənar seçki kampaniyasının ən qalmaqallı dairələrindən biri olan 46 saylı Şirvan Seçki Dairəsində baş verənlər, yəqin ki, ölkənin seçki tarixinə düşəcək. Hələ seçki kampaniyasının ilk günlərindən bu dairədən namizədliyi irəli sürülən Rəşad Camalov barəsində müxtəlif məlumatlar yayılmağa başlamışdı.

Rəşad Camalovun personasına olan bu diqqət onun mərhum sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu, rayonun bundan öncəki icra başçısı, hazırda Zərdab rayonuna rəhbərlik edən Mərdan Camalovun isə qardaşı oğlu olması ilə əlaqədar idi. Həmin məlumatlarda qeyd edilirdi ki, artıq dairədə məhz Camalovun seçiləcəyinə, daha doğrusu, seçdiriləcəyinə dair fikir formalaşdırılır, müvafiq icra strukturlarına bununla bağlı tapşırıqlar verilir. Daha sonra isə mətbuatda Rəşad Camalovun Rusiya vətəndaşlığının olması, vergi ödəyicisi kimi həmin ölkədə rəsmi qeydiyyatının olduğuna dair məlumatlar və sənədlər təqdim olundu. Qeyd edildi ki, bu hal seçki qanunvericiliyinə ziddir və onun nə bu seçkidə iştirakına, nə də deputatlığına qanun icazə vermir.

Əvəzində, Rəşad Camalovun adından bu məlumatları yayan mətbu orqanlara hədə-qorxu dolu rəsmi məktub ünvanlandı. Lakin həmin məktubda ikili vətəndaşlıq və başqa ölkə qarşısında öhdəliklə bağlı məlumatları real formada təkzib edəcək heç nə göstərilmədi. Və görünür, Camalov və onun ətrafı da mətbuatın bu hədə-qorxudan çəkinərək susacağını və aranın sakitləşəcəyini düşündü. Lakin dünən MSK Rəşad Camalovun namizədliyini ləğv edən qərar çıxarmaqla, onun ikili vətəndaşlığı və öhdəliyi barədə yayılan məlumatları təsdiqləmiş oldu.

Ancaq müşahidələr göstərir ki, Camalovlar ailəsi fiaskoya uğradığı dairədən əl çəkmək niyyətində deyil. Belə ki, həmin dairədən daxil olan məlumatlara görə, Rəşad Camalov üçün səfərbər olunan qüvvələr bu dəfə sözügedən ailəyə qohumluğu olan və “Şirvan Əməliyyat Şirkəti”ndə çalışan İltizam Yusifovun seçdirilməsinə yönəldilib. Həmin məlumatlardan belə aydın olur ki, Camalovlar klanı seçkinin əvvəlində İ.Yusifovu namizəd kimi qeydiyyatdan keçirməklə, seçkinin sonuna yaxın onun öz namizədliyini R.Camalovun xeyrinə geri götürməsini planlaşdırırmış. Buna qədər isə həmin namizəd digər rəqiblərin elektoratını dağıtmaq istiqamətində fəaliyyət göstərməliymiş. Lakin vəziyyət dəyişdiyindən və MSK-nın məlum qərarından sonra bir növ acığa düşən Camalovlar az qala seçki prosesinə meydan oxumağa, nə yolla olursa-olsun, rayona nəzarəti əldən verməməyə çalışırlar. Buna görə də, İ.Yusifovun təbliğat-təşviqat kampaniyasını qızışdıraraq, vətəndaşlara maddi kömək təklif edir, seçicilərin Yusifova səs verəcəkləri halda məşğulluqlarının təmin olunacağı kimi vədlər verilir.
Hətta rayonun 10 saylı məktəbinin direktorunun müəllimləri yığaraq, İ.Yusifova səs vermələrini tələb etdiyinə dair iddialar var. Bununla yanaşı bildirilir ki, Yavər Camalovun yaxın qohumu olan Şirvandakı Yol İdarəsinin müdiri Şıxverdi Məmmədov da kollektivə İ.Yusifova səs verməyi tapşırıb. Bir sözlə, Camalovlar əllərindən gələni edirlər ki, İ.Yusifovun qutudan çıxmasına nail olsunlar.

İ.Yusifovun özünə gəlincə, neft sektorunda vəzifə tutan bu şəxsin indiyə qədər əhaliyə hər hansı dəstəyinə, ictimai fəaliyyətinə və s. dair məlumata rast gəlinmir. Seçicilərin də çoxunun onunla bağlı ətraflı məlumata, yaxud rayon üçün hansısa faydalı əməlinə dair məlumata malik olmadığı qeyd edilir. Ancaq bütün bunlara baxmayaraq, görünür Camalovlar bu namizədin üzərində dayanaraq, rayondakı təsirlərini, nüfuzlarını qorumağa çalışacaqlar. Təbii ki, buna nə dərəcədə nail olacaqları seçki günü bilinəcək. Ancaq onların bu dairədəki fəaliyyətinə dair məlumatlar bir daha göstərir ki, məmur-oliqarxlar və onların ətrafı öz imkanlarından istifadə edərək, seçki də daxil olmaqla, ölkə üçün mühüm əhəmiyyət kəsb edən siyasi tədbirlərə, proseslərə mənfi mənada təsir etmək imkanlarına malikdirlər.

Şirvanda “O OLMASIN, BU OLSUN” ssenarisi – Camalovların “b” planı işə düşüb