[r32]
Bir neçə gün əvvəl Bakıda parkda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran, Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov bundan öncə də oxşar cinayəti törədibmiş. O, bir neçə il əvvəl də arvadı Dilarə Bəhmənovaya 11 bıçaq zərbəsi ilə xəsarət yetirib.
D.Bəhmənovanın anası Elmira Zeynalova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızı ilə keçmiş kürəkəni 19 il evli olub:
“Onların 15 yaşlı qızı, 20 və 6 yaşlı iki oğlu var. Ceyhun dindar idi, evlənən kimi qızımı hicab bağlamağa məcbur etdi. Qızı olanda ona da zorla hicab bağlatdırmışdı, onu məktəbə getməyə qoymurdu. Bu illər ərzində daim ailəsinə zülm verib, onları evdən çölə buraxmırdı. Oğlunun 16 yaşı olanda namaz qılmaqdan imtina etdiyi üçün evdən qovmuşdu. Mən və xalaları onu götürüb saxladıq, indi Avropada təhsil alır.
Ceyhun bir dəfə qızıma 11 bıçaq zərbəsi vurmuşdu, atası Nizami sağ olduğu üçün onun köməkliyi ilə azadlığa buraxılmışdı. Ceyhun daim qızımı təhdid edirdi, onu bizi öldürəcəyi ilə hədələyirdi. Biz də dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Amma bizə deyirdilər ki, təhdidə görə heç kimi həbs edə bilmərik, hələ ki, sizə heç nə etməyib. Ceyhun qızına və azyaşlı oğluna zülm edirdi, onları təhqir edirdi. Bunlar başlayanda artıq qızım dözmədi, boşanmaq istədiyini bildirdi. Özünə edilənlərə isə illərlə dözmüşdü. Qızım boşanmaq istəyəndə Ceyhun buna qarşı çıxdı, boşanacağı təqdirdə hamımızı öldürəcəyini demişdi.
Xəbər verdiyimiz kimi, Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov fevralın 1-də keçmiş arvadı Dilarə Bəhmənovanı küçədə 16 bıçaq zərbəsi ilə yaralayıb.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə hadisədən sonrakı görüntülər yer alıb. Videoda qadının yerdə uzandığı, qızının isə onun başında durması əks olunub.
Video qarşıdakı binada mənzillərin birindən çəkilib.
Qeyd edək ki, D.Bəhmənovanın vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, C.Bəhmənov 6 ay öncə ondan boşanmış arvadını poliklinikadan çıxanda bıçaqlayıb. Həmin zaman D.Əliyeva 15 yaşlı qızını həkimə gətiribmiş.