İçeriğe geçmek için "Enter"a basın

İran rəsmən etiraf etdi – Sərnişin təyyarəsi “səhvən” vurulub… – Video

11-01-2020


[r32]
Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi “insan səhvi” nəticəsində təsadüfən vurulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün vurduqlarını bildirib.

İranın İRİB dövlət televiziya və radio şirkəti də məlumat yayıb ki, təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub.

İranın Xarici İşlər naziri Cavad Zərif öz növbəsində “Twitter” hesabında yazıb ki, “ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi” qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

Ukrayna təyyarəsinin vurulma anı – Video
Xəbər verdiyimiz kimi, İran hökuməti Tehranda qəzaya düşən Ukraynanın “Boeing 737-800” təyyarəsinin səhvən vurulduğunu bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərərgahının yaydığı açıqlamaya görə, hadisə insan səhvi ucbatından baş verib.

“ABŞ böhranı zamanı insan səhvi fəlakətlə nəticələndi. Qəzada ölənlərin ailələrindən üzr istəyirik”, – deyə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Qafqazinfo”nun məlumatına görə, bu məqamda “The New York Times”, “The Guardian” kimi nəşrlər və bir çox nüfuzlu telekanallar iranlı fəal Nəriman Qəribə istinadən İran raketinin Ukrayna Hava Yollarına məxsus təyyarəni vurduğu iddia edilən görüntüləri yayıb.

Qərib də öz tvitter mikrobloqunda videoqeydi yerləşdirərək onu adını açıqlamadığı bir mənbədən əldə etdiyini bildirib.

“The New York Times” videonu yoxladığını, görüntülərin Tehran hava limanının yaxınlığındakı Parand əyalətində çəkildiyini qeyd edib. Elə həmin yerdə Ukraynaya məxsus “Boeing” təyyarəsi havaya qalxdıqdan sonra əlaqəni dayandırıb.

Nəşrin ehtimalına görə, raket təyyarəni vurduqdan sonra kiçik bir partlayış baş verib, lakin layner yerə düşməyib. “The New York Times” yanan təyyarənin hava limanına tərəf uçduğunu, sonra havada partlayaraq qəzaya düşdüyünü vurğulayıb.

Qeyd edək ki, daha öncə bır sıra dünya KİV-ində təyyarənin üzərində mərmi izlərinin olduğuna eyham vuran fotolar yayılıb.

Qeyd edək ki, Böyük Britaniya və Kanada Baş Nazirləri Ukrayna təyyarəsinin İran “yer-hava” raketi tərəfindən vurulması ilə bağlı iddialarla çıxış edib. Ukrayna Prezidenti Vladimir Zelenski də təyyarənin raketlə vurulduğunu istisna etməyib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-I Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

İran rəsmən etiraf etdi – Sərnişin təyyarəsi “səhvən” vurulub… – Video