[r32]
BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.Bu barədə Unikal.org-a özəl açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya “Suşi” sifariş veriblər: “Tələbələr “Suşi”ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri – 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb.
1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.
***
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi müəyyənləşib. “Report”un xəbərinə görə, bunlar Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.
Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.
Qeyd edək ki, BDU-nun rektoru Elçin Babayev universitetin 2 saylı yataqxanasında zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.
***
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.“Report”un xəbərinə görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub. O, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.
Səhiyyə Nazirliyindən “Report”a məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicəsi davam edir.