[r32]
Araz Əlizadə İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən səsləndirdiyi bəzi xoşagəlməyən fikirləri ilə yenidən tənqid hədəfinə tuş gəlib. O, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 1918-ci ildə Azərbaycanda pul müqabilində döyüşdüyünü və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmadığını bildirib. Bu açıqlamalarının ardından deputat nəinki ictimaiyyət, həm də həmkarları tərəfindən məhşər ayağına çəkilir.
Ard-arda onu fikirlərinə ən sərt formada reaksiyalar verilir. Hətta onun deputatlıq mandatından məhrum edilməsi barədə tələblər də səslənməkdədir. A.Əlizadənin həmkarlarına onun məsələsinin parlamentdə qaldırılması barədə çağırışlar edilir.
“Azərbaycan xalqı adından danışmaq Araz Əlizadənin səviyyəsinə uyğun deyil”
“Azərbaycan xalqı adından danışmaq Araz Əlizadənin səviyyəsinə uyğun deyil.” Bu sözləri axar.az-a deputat Musa Quliyev deyib. O bildirib ki, həmkarı ümumi danışmaqla çox böyük səhv edib: “Araz Əlizadə yalnız öz adından danışa bilər. Azərbaycan xalqı oğuz elinə mənsub, köklü türk xalqıdır. Bizim mədəniyyətimiz, mənəvi və tarixi dəyərlərimizlə yanaşı, həm də dilimiz türk dilidir. Əlbəttə, ölkəmizdə fərqli köklərə mənsub xalqlar yaşayır, amma Azərbaycanın əsasını türklər təşkil edir. Araz Əlizadə hansı millətə, xalqa mənsubdur, özü bilər, amma bütövlükdə Azərbaycan xalqı adından danışmaq onun səviyyəsinə uyğun bir iş deyil”.
M.Quliyev onu da qeyd edib ki, deputat tutduğu vəzifəni nəzərə almalı və belə səhvləri təkrarlamamalıdır: “Araz Əlizadə əvvəllər də belə fikirlər səsləndirdiyi üçün ictimai qınaqla üzləşib. Hesab edirəm ki, millət vəkili olan şəxs belə məsələlərdə daha həssas və ciddi olmalıdır. Lakin həmkarım hansısa qüvvələrin təsirindən bu çıxışları edir. Ümumiyyətlə, Azərbaycan xalqının türk kökənli olmasının heç sübuta ehtiyacı yoxdur. Bizim soyumuzun haradan gəlməsi tarixlə təsdiqlənmiş məsələdir”.
Məsələyə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da A.Əlizadənin türklərlə bağlı fikrinin həqiqəti əks etdirmədiyini söyləyib: “Hər hansı bir şəkildə Azərbaycanı xilas etmiş şəxslərə, Nuru Paşaya belə bir böhtan səsləndirməyin heç bir məntiqi izahı yoxdur və bu, qəti şəkildə yolverilməzdir. Nuru Paşa və türk ordusu Azərbaycana məhz xalqımızı xilas etmək üçün gəlmişdi. Hesab edirəm ki, Araz Əlizadə bu fikirləri məqsədyönlü şəkildə söyləyib”.
Fazil Mustafa onu da qeyd edib ki, həmkarları türklərlə bağlı fikrinin yanlış olması səbəbindən bir neçə dəfə Araz Əlizadəyə irad tutub: “Biz özümüz də dəfələrlə həmkarımıza türklərlə bağlı fikirlərinin yanlış olduğunu söyləmişik. Bunu bir neçə dəfə Milli Məclisdə də qaldırdıq. Hesab edirəm ki, artıq bu məsələni gündəmdə saxlamağın heç bir mənası yoxdur”.
“Bu da Araz Əlizadənin növbəti sayıqlamalarından biridir”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsavat.com-a müsahibəsində həmkarının ünvanına ağır ittihamlar səsləndirdi: “Parlamentin nizamnaməsinə görə, orada etik normaları pozanlara Nizam-İntizam Komissiyası tərəfindən bu və ya digər şəkildə xəbərdarlıq edilir yaxud ona cəza verilməsi haqqında məsələ qaldırılır. İndi araşdırmaq lazımdır ki, onun bu açıqlamaları, sayıqlamaları nə dərəcədə nizamnamənin tələbləri ilə üst-üstə düşür. Bütövlükdə bu insanla dəfələrlə ən müxtəlif problemlərin ətrafında fikir mübadiləsi aparanda onun birmənalı olaraq anti-milli mövqeyinin şahidi olmuşam. Uzun illərdir bu adamın türklərə qarşı açıq və gizli şəkildə nifrəti özünü göstərməkdədir. Bu şəxs türk deyil. O etnikdir, farsdan törəmədir. Ona görə də, türk dövlətlərinin mövqeyi artdıqca, türk dövlətləri arasında münasibətlər yüksək səviyyəyə qalxdıqca, Azərbaycanın Türkiyə ilə münasibətləri ən yüksək səviyyədə inkişaf etdikcə, bu şəxs son dərəcə narahatlıq keçirir, buna qısqanclıqla yanaşır. Beləliklə, ən müxtəlif vaxtlarda yeri gəldi gəlmədi, bu cür antimilli, antitürk mövqeyini ortalığa qoyur. Mənə elə gəlir ki, millət vəkilləri tərəfindən ona verilmiş olan tutarlı cavablar, xüsusilə, Məlahət xanımın cavabı hər halda ciddi reaksiyalardır. Düşünmürəm ki, onun mövqeyində bu cür cavablar, ona veriləcək hər hansı bir cavab onu mövqeyindən çəkindirsin. Çünki, bu onun genetikasından irəli gələn məsələdir. Hər zaman türk və türkçülüyə qarşı özünün antipatiyası ilə gündəmə gələn Araz Əlizadənin bu da növbəti sayıqlamalarından biridir. Məncə ona çox ciddi şəkildə təpki oldu. Millət vəkilləri tərəfindən ona layiqli cavab verildi. O bunlardan nəticə çıxarmasa, düşünürəm ki, onun haqqında ümumiyyətlə, danışmağa ehtiyac qalmayacaq. Mətbuat vasitəsilə verilən cavablar reaksiyalardan biridir. İndi siz sual verdiniz, mən də bu şəkildə ona cavab verdim. Bu qınağın bir formasıdır. Deyirlər ki, parlamentdə bu şəxslə bağlı məsələ qaldırılsın. Tutaq ki, bunu etdik, nə nəticəsi olacaq? Bu şəxs düzələn deyil. Bir daha təkrar edirəm ki, onun Azərbaycan türkünə, türk dünyasına qarşı antipatiyası var. Bu antipatiya da genetik kodlardan irəli gəlir. Bildiyim qədəri ilə o Azərbaycan türkü deyil. Ata tərəfi ya fars dili, ya da farsdilli xalqlardandır. Bu baxımdan genetikası ilə farsların yanındadır. Həm də o farsların ki, həmin farslar Azərbaycan türkünə qarşı hər zaman həqarətli hərəkətlər edirlər. Bu gün də etməkdədirlər. Onların daşıyıcılarından biri də Araz Əlizadədir. O yatanda üzü farsa tərəf yatır, yəni türklərə tərəf deyil”.