İçeriğe geçmek için "Enter"a basın

İŞİD liderinin öldürülməsində Türk kəşfiyyatının böyük uğuru

29-10-2019


[r32]
İŞİD lideri Əbubəkir əl Bağdadinin öldürülməsi ilə nəticələnən əməliyyatın keçirilməsinin səbəbkarı Türkiyədir.  “Röyter”ə istinadla  bu barədə xəbəri verilir.

Xatırladaq ki, İŞİD xəlifəsinin öldürülməsi ilə başa çatan əməliyyatdan sonra ABŞ Prezidenti Donald Tramp xüsusi bəyanatla çıxış edərək, islam dövlətinin liderinin öldürüldüyünü elan edib və bu əməliyyata dəstək verdiyi üçün Rusiya, Suriya, İraq və Türkiyəyə təşəkkür edib. Bundan sonra Türkiyənin bu əməliyyata hansı formada dəstək verməsi sualı ortaya çıxıb. Bağdadinin öldürüldüyü İdlibin Barişa qəsəbəsinin Türkiyəyə yaxın olması belə bir versiyalara əsas yaradıb ki, ABŞ xüsusi təyinatlıları məhz Türkiyə ərazisindən Barişa qəsəbəsinə uçublar. Amma sonradan aydın olub ki, Bağdadiyə qarşı əməliyyat keçirən Pentaqonun “Delta gücü” qrupunu əməliyyat yerinə aparan helikopterlər Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildən havaya qalxıb və 70 dəqiqə sonra Barişa qəsəbəsinə çatıb. Türkiyənin bu əməliyyatda hansı rol aldığını isə “Röyter” agentliyi ortaya çıxarıb. “Röyter” bəyan edib ki, məhz Türkiyə Əbubəkir əl Bağdadinin “sağ qolu” olaraq tanınan İsmail el-Ethavi həbs etdikdən sonra xəlifəyə qarşı əməliyyatı şəkilləndirmək mümkün olub.

Məlumata görə, İsmail əl Ethavini həbs edən türk kəşfiyyatı onu İraqa təslim edib. Ethavidən kəşfiyyat informasiyaları alan İraq kəşfiyyatıı isə bu əməliyyatda mühüm rol oynayıb. “Röyter”ə danışan İraq kəşfiyyatının yüksək rütbəli məmuru bildirib ki, Ethavi xəlifə Bağdadinin hərəkətləri, gizləndiyi yerlər haqqında qiymətli məlumatlar verib. O, əlavə edib ki, məhz türk kəşfiyyatının həbs edib onlara verdiyi Ethavi Bağdadinin yaxın ətrafındakı 5 köməkçisi ilə birgə Suriya ərazilərində keçirdiyi toplantıların ünvanı haqda danışıb.

Saxlanılan şəxs bildirib ki, Bağdadi bəzi köməkçiləri ilə birlikdə minibuslarda toplantı keçirirmiş, bu zaman diqqət çəkməmək üçün həmin avtomobildə göyərti daşındığı mənzərəsi yaradılırmış. Bundan başqa, 2019-cu ilin əvvəllərində Türkiyə, ABŞ və İraq kəşfiyyatının birgə əməliyyatı nəticəsində İŞİD-in yüksək çinli terrorçusu saxlanılıb və bu amil Bağdadini zərərsizləşdirmək üçün həyata keçirilən əməliyyatda xüsusi rol oynayıb.

İraqlı mütəxəssis bildirib ki, məhz bu andan sonra Bağdadinin bütün toplantı ünvanları onlara məlum olub: “Biz də əldə etdiyimiz bütün informasiyaları Mərkəzi Kəşfiyyat İdarəsi ilə paylaşdıq və bölgəyə daha çox casus yerləşdirməyə başladıq”.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, İŞİD terror təşkilatı artıq özünün yeni liderini müəyyənləşdirib. Bu şəxs “Hacı Abdullah əl-Afari” ləqəbli terrorçu Abdullah Qardaşdır. Qardaş buna qədər Bağdadinin əmri ilə İŞİD-in dini məsələləri üzrə cavabdehlik daşıyırmış. Abdulla Qardaş bir dövrlər İraqın devrilən lideri Səddam Hüseyndə də yaxın adam olub.

AzPolitika.info

İŞİD liderinin öldürülməsində Türk kəşfiyyatının böyük uğuru