[r32]
“Düşünürəm ki, Mərkəzi Seçki Komissiyasının ləğvi struktur islahatlarının növbəti mərhələsində müzakirə mövzusu ola bilər. Zənnimcə olmalıdır da”.
Azadlıq.az xəbər verir ki, “AzPolitika.info”nun məlumatına görə, belə bir təkliflə sabiq YAP-çı deputat Alqış Musayev çıxış edib.
Onun fikrincə, MSK ləğv olunmalı, seçkini keçirmək səlahiyyəti Daxili İşlər və ya Ədliyyə nazirliyinə verilməlidir. “Düzdür, müstəqilliyin ilk illərində belə bir qurumun yaradılmasına xüsusi ehtiyac vardı. Zamanında yaranmış bu zərurəti heç kim inkar etmir. Artıq o vaxtdan 27 il keçib.
Etiraf etmək lazımdır ki, hazırda bu təsisat həm məzmunca, həm də prinsipcə dəbdən düşüb və köhnəlibdir. Bu həqiqətdir ki, MSK formaca sovetdən qalma bir formatdır.
Digər tərəfdən, seçki prosesi bir hüquqi prosesdir. Nəyə görə belə bir hüquqi prosesə nəzarəti bu prosesi udmaqda maraqlı olan siyasi partiyalar həyata keçirməlidir?
Bu baxımdan MSK-nın siyasi partiyaların nümayəndələri hesabına formalaşması özü də ədalətli deyil. Məhz bu səbəblərə görə MSK- nın ləğv edilib, səlahiyyətlərinin ya Daxili İşlər, ya da Ədliyyə Nazirliyinin müvafiq strukturlarından birinə verilməsi daha düzgün və məqsədəuyğun olardı…”