İçeriğe geçmek için "Enter"a basın

Nursultan Nazarbayev istefa verib

20-03-2019


[r32]
Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.
“Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk Prezidenti olmağa imkan verdi”,

Azadlıq.az-ın məlumatına görə, bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib. Seçkilərə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayev icra edəcək.
O, Prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri və hakim partiyanın sədri vəzifələrində qalacağını bildirib.

Nazarbayev nailiyyətlərindən biri kimi Qazaxıstan Respublikası adlı müasir demokratik dövlətin yaradılmasını vurğulayıb. Onun səlahiyyətlərini müvəqqəti olaraq, parlament sədri Kasım-Jomar Tokayev həyata keçirəcək.

Qeyd edək ki, Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulub. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilib. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.

Evlidir, üç qızı var.

Nazarbayev 3 aprel 2017-ci ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevral ayında Qazaxıstan Konstitusiya Şurası dövlət başçısı Nursultan Nazarbayevin müraciətinə cavab olaraq ölkənin əsas qanununun respublika Prezidentinə səlahiyyətlərini vaxtından əvvəl təhvil verməyə icazə verdiyini bildirib.

Maraqlıdır ki, təxminən 1 ay bundan öncə 78 yaşlı prezident ölkənin Nazirlər Kabinetini istefaya göndərmişdi. Nazarbayev bu qərarını hökumətin ölkənin iqtisadi inkişafı ilə bağlı qoyulan hədəfləri yerinə yetirə bilməməsi ilə izah etmişdi. Baş nazir səlahiyyətlərinin yerinə yetirilməsi isə paytaxt Astananın sabiq rəhbəri və baş nazirin birinci müavini Askar Maminə tapşırılmışdı.

Onu da qeyd edək ki, gələn il Qazaxıstanda növbəti prezident seçkiləri keçirilməli idi və Nazarbayevin bu seçkidə iştirak etməyəcəyi gözlənilirdi. Bu üzdən xeyli müddətdir ki, Nazarbayevin varisinin kim olacağı geniş müzakirə olunurdu. Çoxları prezidentin öz qızı Dariqa Nazarbayevanı varis gördüyünü iddia edirdilər. Hətta ABŞ-ın və digər Qərb ölkələrinin də bu namizədə isti münasibət göstərdiyi bildirilirdi. Rusiyanın isə parlament sədri Kasım-Jomar Tokayevin namizədliyinə üstünlük verdiyi qeyd olunur.

Ancaq hər halda, yaxın müddətdə bu xəzəryanı ölkədə əslində nə baş verdiyi və Nazarbayevin varisinin kim olacağı aydınlaşacaq.

Nursultan Nazarbayev istefa verib