HSBC bankının varlı müştərilərinin vergidən yayınması ilə bağlı araşdırmalarda bütün ermənilərin katolikosu İkinci Qareginin də adı çəkilib. Azadliq.az BBC-ə istinadən xəbər verir ki, İkinci Qareginin adı HSBC-nin bank hesablarında 2000-ci ildən xatırlanır. 2006-2007-ci illərdə “Qaregin İkinci Nerses” adına hesabda 1,1 milyon dollar məbləğində pul olub. Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun (ICIJ) müraciətinə cavab olaraq Üçmüədzin Baş Kilsəsinin mətbuat katibi bu hesabın kilsə üçün xeyriyyəçilik məqsədləri ilə açıldığını bildirib: “Hesab İkinci Qareginin adına onun sələfi vəfat etdikdən sonra eyni məqsədlərlə istifadə etmək üçün açılıb. Katolikosun səlahiyyətləri dairəsində olan erməni kilsəsinin katolikosluğu milli dini idarə olaraq vergidən azaddır. Vergi qoyma məsələsində Baş Patriarx toxunulmazdır”. Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) İsveçrədə HSBC bankına gəlir təmin edən, milyonlarla dollarlıq aktivlərini gizlədən müştərilərinin siyahısı və hesablarını məxfilikdən çıxarıb. Məxfiliyin aşkar edilməsi bankın Cenevrə bölməsinin sabiq əməkdaşı tərəfindən 2008-ci ildə dövlət strukturlarına təqdim etdiyi sənədlərə əsaslanır. Bu sənədlərə əsasən, HSBC bankının İsveçrə bölməsində 203 ölkədən olan 106 min müştərilərin hesabında 100 milyard dollardan çox pul var. Hesabda olan məbləğin ölçüsü üzrə tərtib edilən siyahıda Ermənistan 146-cı yeri tutur.