İçeriğe geçmek için "Enter"a basın

Nazirlər Kabineti istefaya göndərilməlidir” – İqtisadçı Qubad İbadoğlu

30-01-2019


[r32]
“Dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir”.

“AzPolitika.info”nun məlumatına görə, bunu Azərbaycanın beynəlxalq korrupsiya hesabatında mövqeyinin daha da pisləşməsini şərh edən iqtisadçı Qubad İbadoğlu təklif edib.

Onun fikrincə, Azərbaycanın sözügedən reytinqdə bərbad yerdə olmasından böyük biabırçılıq ola bilməz, baş verənlər tarixdə qara ləkə kimi qalacaq, hamımızı xəcalətli edəcək.
“Korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə və eyni balla 152-156-cı yerləri bölüşdürür. Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə “çempion” olub. Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Qazaxıstanı və Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan Rusiyanı və İranı 14 pillə, Nigeriyanı 8, Uqandanı isə 3 pillə qabaqlayıb. Bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı və Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya da çata, Somalinin əlindən “birinciliyi” də ala bilər”.

Q.İbadoğlu bildirib ki, Azərbaycanda baş verən hətta adını çəkdiyi ölkələrdə baş versəydi, hökümətlər istefaya gedərdi.
“Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azından Nazirlər Kabineti ya özünü buraxmalı,ya da istefaya göndərilməlidir. Çünki korrupsiya ilə mübarizə milli təhlükəsizliyin təminatı qədər önəmlidir, korrupsiya nərdivanında bir ildə ən azı 30 pillə qalxmaqdan böyük biabırçılıq ola bilməz”.

Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur. Beləliklə, ölkə ötən illə müqayisədə 30 bənd aşağı düşüb. Beynəlxalq Transparency İnternational təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiya İndeksinin gəldiyi nəticə belədir.

Təşkilatın hesabatında qeyd edilir ki, son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il ölkədəki mənfi proseslərin gizlədilməsi məqsədilə Avropa qurumlarının ələ alınması faktları aşkar edilib. Xüsusən, “Azərbaycan landromatı” hesabatı Avropa Şurası deputatlarının mütəşəkkil şəkildə ələ alınması, böyük pul məbləğlərinin köçürülməsi faktlarını aşkar edib, deyə hesabatda qeyd edilir.

Qeyd edək ki, Korrupsiya İndeksində Gürcüstan 41-ci, Ermənistan 105-ci, Rusiya və İran 138-ci yeri tutub.
Korrupsiya İndeksi ekspertlər tərəfindən məlumatların təhlili əsasında müəyyən edilir.

“AzPolitika”dan: Hesabatdan da göründüyü kimi, Azərbaycanın reytinq siyahısındakı yerinin kəskin pisləşməsi Avropa qurumlarının ələ alınması faktlarının aşkar edilməsilə bağlıdır. Ümumilikdə isə 2018-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində çox ciddi addımlar atılıb və nəticələr əldə olunub ki, bunlar Azərbaycanın siyahıdakı mövqeyini yaxşılaşdırmalı idi. Bu dediklərimizə misal kimi gömrük və vergi orqanlarında aparılmış çox ciddi islahatları göstərmək olar.

Bu baxımdan, Korrupsiya İndeksində Azərbaycanın birdən-birə 30 bənd aşağı yuvarlandırılması qərarının siyasi motivli olduğunu iddia etmək üçün əsaslar var.

Nazirlər Kabineti istefaya göndərilməlidir” – İqtisadçı Qubad İbadoğlu