İçeriğe geçmek için "Enter"a basın

Bakıda müxalifətin mitinqi keçirilib – Foto

20-01-2019


[r32]
Bu gün Bakıda, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda Demokratik Qüvvələrin Milli Şurasının mitinqi keçirilib.

“AzPolitika.info”nun məlumatına görə, aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.

Mitinqin aparıcısı bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn olub. Məlumata görə, mitinq başladıqdan bir qədər sonra ərazidə internetə giriş dayandırılıb. Aksiyanın əsas şüarı siyasi məhbuslara azadlıq tələbi olub.

Aksiyanı Müsavat Partiyasının, Real partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb. Real partiyasının sədri İlqar Məmmədov mitinqdə iştirak edib, çıxış edəcəyini elan etsə də, dünən və bu gün İcra və Probasiya Şöbəsinə çağırılaraq xəbərdarlıq olunub. “Bu gün saat 12:00-da REAL sədri İlqar Məmmədovla birgə Probasiya Xidmətinə gəldik. Bir saatdan çoxdur ki, İlqar idarədədir, hələ ki, heç bir xəbər ala bilməmişik. REAL-ın İdarə Heyəti və Məclis üzvləri də burdadır, İlqarı gözləyirik. Ümid edirəm ki, növbəti səhv addım atmazlar…”, – mitinqin başlanmasına təxminən 2 saat qalmış Real partiyası Məclisinin sədri Natiq Cəfərli “Facebook”da yazıb.

Lakin buna baxmayaraq, İlqar Məmmədov mitinqə qatılıb və çıxış edib. Ondan əvvəl isə keçmiş Daxili işlər naziri İsgəndər Həmidov çıxış edib.

Mitinqdə çıxış edən İlqar Məmmədov dəvətə görə, Milli Şura rəhbərliyinə təşəkkür edib və vurğulayıb ki, bu onun kütləvi mitinqdə ilk çıxışı olacaq. İlqar Məmmədov deyib ki, əgər Azərbaycanda əsl Cümhuriyyət olsaydı bu gün insanlar burda toplaşmazdı. Onun vurğulamasına görə, insanlar bundan da gözəl məkanlarda toplaşaraq Azəbaycandakı demokratiya ilə fəxr edərdi: “Əgər Azərbaycanda əsl Cümhuriyyət olsa idi Milli Məclisdə Azərbaycanın tarixi problemləri, ciddi problemləri müzakirə edilərdi. Ayların adını dəyişməklə məşğul olmazdılar. Azərbaycan son illərdə geosiyasi rəqabətdə öz qonşularına uduzmağa başlayıb”.

İlqar Məmmədov Azərbaycan iqtisadiyyatının artıq geri getməkdə olduğunu bildirib.

Mitinqdə çıxış edənlərdən biri Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqbulu olub. O, ölkədə mövcud olan problemlərə görə, Azərbaycan hakimiyyətini tənqid edib. Bildirib ki, insanların hüquqsuzluğu baxımından Azərbaycanı XX əsrin 80-ci illərindəki bəzi Afrika ölkələrinə bənzətmək olar.

Mitinqdə daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli çıxış edib. O da hökuməti tənqid edib, ölkədə vəzifəli şəxslərin korrupsiyaya bulaşdığını bildirib.

Əli Kərimlinin vurğulamasına görə, insanlar meydana gəliblər ki, hökumətdən bir sıra məsələləri tələb etsinlər: “Gəliblər tələb etsinlər ki, siz kimsiniz şəhid ailələrini təhqir edirsiniz?… Siz kim olursunuz ki, uşağın, əsgərin, pensiyaçının, işsizin pulunu oğurlayıb Londondakı ofşorlara yerləşdirirsiniz?”

Müsavat Partiyası başqanının müavini Saxavət Soltanlı isə deyib ki, bu aksiyanın bir nəçə məqsədi var. Onun vurğulamasına görə, əsas məqsədlərdən biri, başda Mehman Hüseynov olmaqla, bütün siyasi məhbuslarla həmrəylik nümayiş etdirməkdir.

Aksiyanın sonunda qətnamə də qəbul edilib. Qətnamədə bütün siyasi məhbuslara azadlıq təlb edilib. Eyni zamanda qətnamədə korrupsiya iddiaları ilə bağlı bir sıra məqamlar da yer alıb. Daha sonra bu aksiyanın təşkilatçılarından saxlanan şəxslərin buraxılması, cərimə edilənlərin isə cərimələrinin ləğvi tələb edilib. AXCP rəhbərliyinin bildirməsinə görə, bu aksiya ərəfəsində 100-ə yaxın fəal saxlanıb.

RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsi bu gün paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb. İdarədə bildiriblər ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının, ümumi sayı 2800-dək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.


Bakıda müxalifətin mitinqi keçirilib – Foto