İçeriğe geçmek için "Enter"a basın

“Kredit faizləri aşağı salındı”

29-07-2015

vuqarbayramovBu həftədən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinin tətbiqinə başlanılıb.

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O, istehlak kreditləri üzrə illik faiz dərəcələrinin 29, mikrokreditlər üzrə illik faiz dərəcələrinin isə 25 faizdən yuxarı olmayacağını bildirib:

“Kredit faizlərinin inzibati yolla məhdudlaşması liberal iqtisadiyyat prinsiplərinə zidd olsa da, razılaşmaq lazımdır ki, bankların bahalı kreditləri ilə yanaşı effektiv və real faizlər ilə müştərilərin çaşdırılmasına və əksər hallarda aldadılmasına hesablanan süni manevrləri belə müdaxiləni məqbul edirdi. MB “faiz tavanını” qərarlaşdırmadığını, sadəcə tövsiyə etdiyini bəyan edə bilər ki, bu, qanunvericiliyə zidd deyil. “Faiz tavanı” nəyi dəyişəcək? Aydındır ki, bu təşəbbüsdə məqsəd faizlərin aşağı düşməsinə nail olmaqdan ibarətdir. Güman olunur ki, kifayət qədər inzibati xarakter daşıyan sözügedən tövsiyə bankların faiz siyasətinə korrektlərə etməsinə səbəb olacaq. Başqa tərəfdən, bir müddət öncə komisyon haqlarının məhdudlaşdırılması da bankların “yalançı faizlər” ilə bağlı manevr imkanlarını məhdudlaşdırıb.

MB-nin sektoral mənfəət normasının qorunub saxlanması üçün bankların ucuz kredit resurslarına, o cümlədən mərkəzləşdirilmiş kreditlərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki yüksək gəlirə aludə olan bankların “qara bazar” formalaşdırmaq cəhdləri də istisna edilmir. Təbii ki, daha uzun müddətli və stabil faiz endirimləri üçün isə bank sektorunun liberalaşması, xarici kapitala mövcud məhdudiyyətlərin yumşaldılması və eləcə də rəqabətin gücləndirilməsi də vacibdir”.

İqtisadçı bəzi banklar və bank olmayan kredit təşkilatlarının öz kredit növlərinə dəyişiklik edərək faiz məhdudiyyətindən yayınmağa çalışacaqlarını da istisna etməyib:

“Məhdudiyyətlər istehlak və mikro kreditləri əhatə etdiyindən, bankların orta məbləğli kreditləri biznes kreditləri kimi rəsmilləşdirməyə çalışaraq bu “qadağalardan” qaçmağa çalışacaqları istisna edilmir. Eyni zamanda, müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizdən artıq komisyon haqqı hesablamasın və ümumi faizlər 29-dan çox olmasın. Prosesə nəzarət üçün MB-nin monitorinqlərinin gücləndirilməsinə ehtiyac var.

Təbii ki, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən MB artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalacaqlar. Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyini gündəmə gətirir. Hər halda son məhdudiyyətlər faizlərə təsir göstərəcək. Prosesin daha hiss edilən faiz azalmaları ilə müşahidə edilməsi də məhz MB-nin yeni qərarlarından və tövsiyyələrin monitorinqdən asılı olacaq”.

“Kredit faizləri aşağı salındı”