İçeriğe geçmek için "Enter"a basın

Leyla Şıxlinskayanın klinikası “Referans Qrup”a keçdi

04-01-2019


[r32]
Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq klinikaya yeni direktor da təyin edilib. Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq edib.

Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. Belə ki, L. Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L. Şıxlinskaya isə bu məbləğlə razılaşmayıb.

“AzPolitika.info” xatırladır ki, bundan əlavə, klinikada vergidən yayınma hallarının olduğuna dair də istintaq aparılıb. Belə ki, “Leyla Şıxlinskaya” klinikasında aparılan yoxlamalar zamanı müəssisənin 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Faktla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, Şıxlinskayanın şikayətinə əsasən həbs olunan Şəhla Abbasovanın da 1 milyon manata yaxın vəsaiti məhz klinikanın “qara kassasından” oğurladığı iddia olunurdu.

***

Medicina.az məsələni dəqiqləşdirmək üçün Leyla Şıxlinskaya klinikası ilə əlaqə saxlayıb. Xəstəxanadan saytımızın sorğusuna cavab olaraq bildiriblər ki, klinika “Referans Qrup”un rəhbərliyi altında fəaliyyətini davam etdirir.
O da qeyd edilib ki, klinikanın direktoru və baş həkimi də dəyişməyib. Hazırda klinikanın direktoru Rafiq Dəmirçalov, baş həkim isə Samirə Tağıyevadır.
***
Leyla Şıxlinskaya klinikasındakı mənbə virtualaz.org-a bildirib ki, klinikada yeni il bayramı təşkil edilib və orada Leyla Şıxlinskaya, baş həkim Samirə Tağıyeva iştirak ediblər. Bayram mərasimi başa çatdıqdan sonra toplaşanlara klinikanın “Referans Qrup” şirkətinin idarəçiliyi altına keçdiyi haqda məlumat verilib.

Leyla Şıxlinskayanın klinikası “Referans Qrup”a keçdi