İçeriğe geçmek için "Enter"a basın

Bayram Səfərov Qarabağ icmasının sədri vəzifəsindən getdi

22-12-2018


[r32]
Bu gün Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçirilib.

Qurultayda təşkilatın hazırkı sədri Bayram Səfərov vəzifəsini tərk edib.
Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri seçilib.

Həmçinin icmanın vəfat etmiş üzvləri Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simaların seçilib.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.

Asif Cahangirov icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili – Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.

Qeyd edək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 23 üzvü var. Bunlar Bayram Səfərov (sədr), Elçin Əhmədov, Fərhad Bədəlbəyli, Rövşən Rzayev, Elman Məmmədov, Vaqif Fərzəliyev, Şahmar Usubov, Eyvaz Hüseynov, Kamal Abdullayev, Polad Bülbüloğlu, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Murad Adıgözəlzadə, Cavid Əliyev, Ceyhun Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov, Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevdir.

Bayram Səfərovun icma rəhbəri vəzifəsindən getməsi gözlənilməz olub. Belə ki, onun sədr postunu tərk etməsi son dövrlərdəki qalmaqallı açıqlamaları ilə bağlı olduğu ehtimal olunur.

Bayram Səfərov Qarabağ icmasının sədri vəzifəsindən getdi