İçeriğe geçmek için "Enter"a basın

DYP rəisini ittiham edən şəxs həbs olundu! – “Özü bunu etiraf etdi…” (Yeniləndi)

29-11-2018


[r32]
“Whatsapp” sosial şəbəkəsində Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovla bağlı səs yazısı yayan şəxs həbs edilib.

“Report”un xəbərinə görə, bu, Qasımov Fariz Mürvət oğludur. Həmin şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, F.Qasımov barəsində tərtib edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb: “Vətəndaş səmimi olaraq peşmançılığını bildirib və belə informasiya yaymaqla etdiyi avtoxuliqanlıq hərəkətinə görə məsuliyyətdən yayınmağa çalışmaq istədiyini etiraf edib”.

Qeyd edək ki, Whatsapp-da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına ittihamlar səslənib. Səs yazısını yayan F.Qasımov bildirib ki, özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.

***
Bu gün WhatsApp sosial şəbəkəsində bir sürücünün səs yazısı yayılıb.

“AzPolitika.info”nun məlumatına görə, bir neçə saat ərzində minlərlə adamın telefonuna göndərilən səs yazısında Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovun ünvanına ağır ittihamlar səslənir.

Bildirilir ki, bu polis rəisi 005 nömrəli “Toyota Camry” markalı avtomobillə “Babək” prospektində hərəkətdə olan sürücüləri təxribata çəkir, onların qarşısında çox aşağı sürətlə hərəkət etməklə sürücüləri manevr qaydalarını pozmağa təhrik edir, bu zaman DYP peyda olur və sürücülər avtoxuliqanlıqda ittiham olunaraq, maşınları cərimə meydançasına aparılır. Bundan sonra “rəisin yanındakı adamla” bazarlıq başlayır, kimisi 500, kimisi 400, “dizini yerə atıb yalvaranlar” isə 300 verməklə canını qurtarır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bu səs yazısı ilə bağlı Avtosfer.az-a bildirib ki, Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir. Bu səsi yayan şəxs isə ümumilikdə yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır: “Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır”.

Vaqif Əsədov bildirdi ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb: “Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil”.

Qeyd edək ki, əvvəllər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olmuş (2016-ya qədər) Cavanşir Ələkbərovla bağlı oxşar səpkili şikayətlər əvvəllər də olub. Bu barədə mediada da yazılar verilib.

DYP rəisini ittiham edən şəxs həbs olundu! – “Özü bunu etiraf etdi…” (Yeniləndi)