İçeriğe geçmek için "Enter"a basın

“Qüdrət Şükürovun hamamı hərraca çıxarılsın…” – Deputat “vurulanların” əmlakları haqda…

07-11-2018


[r32]
“Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?!”

“Report” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: “Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.

Fəzail Ağamalının ehtiyyatla, hətta qorxa-qorxa dilə gətirdiyi bu məsələ həqiqətən də çox düşündürücüdür. Son illərdə “vurulan” məmurların üst-üstə milyardlarla dəyərində əmlaklarının və pullarının əıllərindən alındığı haqda məlumatlar yayılıb. Bu məlumatların bir qismi isə faktlarla öz təsdiqini tapıb. Lakin məmurların vəzifədə olarkən Azərbaycan xalqından oğurladıqları pullar hesabına əldə etdikləri bu əmlakların, şirkətlərin “müsadirə olunduqdan” sonrakı taleyi haqda heç bir məlumat verilmir. Bu əməliyyatlardan dövlət büdcəsinə, yəni Azərbaycan xalqına nəsə qaytarılırmı – məlum deyil. Çox böyük ehtimalla, qaytarılmır. Əks halda bu proses şəffaf, F.Ağamalının dediyi kimi, hərrac vasitəsilə həyata keçirilərdi və bundan hamının xəbəri olardı.

İndi isə belə bir “budama əməliyyatının” Qüdrət Şükürovun ətrafında aparıldığı bildirilir ki, onun əlindən alınan pulların və əmlakların da kimlərin əlinə keçdiyi qaranlıqdır. Çünki bu tipli “müsadirələr” qurd qanunları əsasında aparılır – düşən qurdu digərləri parçalayır…

F.Ağamalı isə, belə görünür ki, buna etiraz etmək istəyib, yəqin ki, tarix üçün; nə vaxtsa “mən buna etiraz etmişdim”, – deyə bilmək üçün. Lakin qorxu cəsarətinə üstün gəldiyindən bu, hörmətli deputatımızda o qədər də tutarlı alınmayıb…(Azpolitika.info)

****
Qüdrət Şükürov hamam məsələsini təkzib etdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürov nümayəndəsi vasitəsi ilə “Yeni Müsavat”a açıqlama verib.

Nümayəndə bildirib ki, Qüdrət Şükürovun hamamı yoxdur və əmlakını satışa çıxarmayıb.

“Qüdrət Şükürovun hamamı hərraca çıxarılsın…” – Deputat “vurulanların” əmlakları haqda…