İçeriğe geçmek için "Enter"a basın

99 avro… – AZAL-ın manat müəmması

23-07-2015

azalqiymet
Azərbaycan Hava Yolları AZAL-ın bilet qiymətlərinin aşağı salınması ilə bağlı mətbuat konfransı keçirir.

Azadlıq.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, AZAL QSC-nin vitse prezidenti Arif Məmmədov və AZAL Sərnişindaşıma Şirkətinin direktoru Eldar Hacıyev iştirak edir.

Vitse-prezident A.Məmmədov biletlərin qiymətinin 99 avro olması ilə bağlı açıqlama verib. Bildirib ki, təyyarənin sərfəli uçması üçün maya dəyəri var: “Biz bu qərardan sonra bəzi marşrutları bağlamaq məcburiyyətində qalacağıq. Hava yollarının çoxlu xərcləri var. Xaricdəki hava limanlarının xərcləri hesablanır. Biz qiymətləri İqtisadiyyat Nazirliyinə təqdim etdik.

99 avrodan aşağı qiymət iki-üç saat başqa ölkəyə gedib-gəlməyin xərclərini ödəmir. Amma ehtiyacın olduğunu nəzərə alaraq buna getmişik”.

AZAL Sərnişindaşıma Şirkətinin direktoru Eldar Hacıyev bildirib ki, Moskva, Dubay, İstanbul ən populyar olduğundan ilk növbədə aşağı büdcəli uçuşların həmin istiqamətlərdə başlamasına qərar verilib: “Avqustun 7-dən başlayaraq Bakı-Antalya-Bakı istiqamətində aşağı büdcəli uçuşlar təşkil olunacaq. Bunlar bir tərəfə 99 avro qiymətindədir. 2006-cı ildə AYATA tərəfindən aviasiya qurumları arasında Avro zonasına daxil edilib. 2006-ci ilə qədər biletlər dollarla satılırdı.

Əlavə olaraq 99 avro biletlərində əl yükü götürə biləcəklər. Yük 5 kq çəkidə olmalıdır. Baqajda 20 kq-a yaxın yük üçün 50 manat qiymət təyin olunub. Bu endirim iki saat yarım gediş və dönüş olan reyslərə aiddir. Gələcəkdə Avropanın başqa şəhərlərinə getmək üçün aşağı büdcəli uçuş reysləri yoxdur. Digər ölkələrdən də bura eyni tipli reyslər gələ bilər.

Təyyarə satış sistemində lessinq deyilən satış sistemi tətbiq olunur. Təyyarədə bəlli oturacaq sayları var. Cəmi 4 sinif satış sinfi olacaq. Bu günə qədər 17 satış sinfi var idi. Onlar ləğv olunub yerinə 4 satış sistemi yaradılıb. Daha tez bilet alanlar daha ucuz bilet almaq imkanına malik olacaqlar. Bu o demək deyil ki, bahalı bilet almaq istəyənlərin aşağı bilet almaq imkanı olmayacaq. Ucuz biletin geri qayıtma, bileti dəyişmə imkanları yoxdur.

Uçuşlarda qidalanma nəzərdə tutulmayıb, yalnız su veriləcək. Baqaj da əlavə pullu olacaq. Bu reyslərdən istifadə etmək bəlli insanlar üçün nəzərdə tutulub.

İl ərzində AZAL 3 milyon sərnişinə xidmət göstərir. Daşınan sərnişinlərin 60 faizə yaxını AZAL-ın payına düşür. Türkiyə ilə müqayisədə isə, AZAL sərnişindaşımada Türk Hava Yollarına uduzur”.

Vitse-prezident Arif Məmmədov qeyd edib ki, manatın devalvasiyasından sonra AZAL 20-40 faiz arasında endirimlər edib: “Novruz, Ramazan bayramı ərəfəsində endirimlər etdik. Avropa Oyunlarına görə akreditasiyadan keçənlər üçün 50 faiz həcmində ilin sonuna kimi endirimlər tətbiq etmişik. Amma bütün təyyarələr üçün sərfəli imkanlar olmalıdır. Biz yaxın günlərdə turizm agentlikləri ilə toplantı keçirəcəyik. Biz reysləri 30 faizdən az satsaq, reyslər səmərəli olmayacaq.

Embrayerlərin alınması 2013-cü ildən başlayır. Bunları əvvəlcə Bakı-Naxçıvan uçuşları həyata keçirmək üçün almışdıq. Avqustun 1-də Bakı-İstanbul-Bakı ən aşağı tarif 238 avro, ən bahalı 468 avro olacaq. Əvvəl ən aşağı qiymət 274 idisə, indi bu 238, ən bahalı isə 504 avro idisə, indi bu 468 avro olub”.

Vitse-prezident Vizz Air şirkəti ilə münasibətlərə də aydınlıq gətirib. O bildirib ki, AZAL Vizz Air-in Azərbaycana uçuşlarına heç bir qadağa qoymayıb: “Vizz Air yayda uçur, qışda uçuşları bağlayırlar. Onlardan ricamız o idi ki, hüquqi baza yaradaq. İki dövlət arasında uçuşa icazə olmadığı halda biz onlara icazə vermişik. İlk dəfə onlarla 3 il kontrakt bağlamışdıq. AZAL-ın şərti isə ondan ibarət idi ki, ilboyu reysləri uçsun. Yayda Vizz Air bizim sərnişinləri gəlib aparır, qışda isə uçmur. Biz son günlərdə onlara yazmışıq ki, qış uçuşlarını davam etdirəcəkləri halda daha üç illik müqavilə bağlamağa hazırıq”.

99 avro… – AZAL-ın manat müəmması