İçeriğe geçmek için "Enter"a basın

Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… – Nehrəmlinin ABB borclarını necə “bağlayırlar”?

16-10-2018


[r32]
İbrahim Nehrəmlinin Beynəlxalq Banka olan 800 milyon borcunun “Xəzər Adaları”ndakı 5-6 yarımçıq bina ilə əvəzlənilməsinə hazırlıq gedir
Bir neçə gündür ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda on milyonlarla dollarlıq xərcləməsinə dair ortaya çıxan faktlar ölkə gündəminin əsas mövzusuna çevrilib. Ərinin dövlətə məxsus bankdan oğurladığı milyonlar hesabına Londonda ərəb şeyxlərinin belə həsəd aparacağı həyat yaşayan xanım Hacıyevanın harınlığı o səviyyəyə çatıb ki, Böyük Britaniya hökumətinin də diqqətini çəkib.

Buna görə də Britaniya Ali Məhkəməsi araşdırmaların mərkəzinə düşən Z.Hacıyevadan sərvətinin mənbəyini izah etməyi tələb edib. Hər gün təkcə şəraba 2500 dolar vəsait ödəyən, gündəlik xərclədiyi vəsaitin həcmi 5000 funt-sterlinqdən (təxminən 11 min manat) çox olan Hacıyeva “bu bulağın suyunun” hardan gəldiyini Britaniya hökumətinə izah edə bilməzsə, əmlaklarının və banklardakı kapitalının müsadirə olunacağı bildirilir. Pulların oğurluq olduğu şübhə doğurmadığından, yəqin ki, belə də olacaq.

Yəni, Cahangir Hacıyevin oğurlayaraq arvadının adına ölkədən çıxardığı, Azərbaycan dövlətinə, millətinə məxsus 100 milyonlarla dollar Britaniya hökumətinin sərəncamına kecəcək, bu ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə xərclənəcək.

Hacıyevanın Londonda müsadirə olunacaq sərvətinin Azərbaycana qaytarıla biləcəyinə dair fikirlər isə sadəcə nağıldan başqa bir şey deyil. Bəlkə də, göstərməlik üçün Bakıya 5-10 milyon dollar göndərəcəklər. Ancaq 100 milyonlar Britaniya Krallığında qalacaq…

Zatən tarixən belə olub: Şərq-müsəlman ölkələrində milli qeyrətini, şərəfini itirmiş məmurların, fırıldaqçı iş adamlarının dövlətdən və millətdən oğurlayaraq xaricə daşıdığı milyonların, milyardların böyük hissəsi müəyyən müddətdən sonra Qərb ölkələrinin sərəncamına keçib. Azərbaycandan oğurlanaraq Avropa ölkələrinə, bu ölkələrin nəzarətində olan ofşor adalara daşınan milyardların da gec-tez eyni aqibətlə üzləşəcəyi şübhə doğurmur. Cahangir Hacıyevin oğurlayaraq arvadı ilə Londana göndərdiyi sərvətin müsadirəsinə bu prosesin başlanğıcı kimi də baxa bilərik…

Gələcəkdə xeyli sayda Azərbaycan məmurunun, iş adamının ailəsi barədə oxşar faktların ortaya çıxmasının şahidi ola bilərik. Hər halda ölkədən pul çıxaran təkcə Cahangir Hacıyev deyil, 10 milyonlarla, 100 milyonlarla, hətta milyardlarla vəsaiti xaricə daşıyan bəlli və “gözəgörünməz” məmurlarımız var…
Təkcə Beynəlxalq Bankdan oğurlanmış vəsaitin miqyasına baxsaq, Cahangir Hacıyevi hətta çox “gözütox” biri kimi xarakterizə edə bilərik. Məsələ ondadır ki, məhkəmə hökmündə elan olunub ki, Cahangir Hacıyev və digərləri Beynəlxalq Bankın 211 milyon manatını mənimsəyib, “Aqrarkredit” QSC-yə isə 7 milyon 423 min manat ziyan vurublar. Hökmə görə, Hacıyev və dəstəsi ABB-dən mənimsədikləri 211 milyondan 102 milyon manatını artıq geri ödəyiblər. Yəni, məhkəmə “Aqrarkredit” QSC-yə vurduqları 7,4 milyon ziyanla birlikdə Hacıyev və dəstəsinin 116 milyon manat dövlət vəsaitini ələ keçirdiyi ilə bağlı qərar çıxarıb. Bunun da 70 milyonunu Cahangir Hacıyevin ələ keçirdiyi bildirilib.

Beynəlxalq Bankdan oğurlanan vəsaitin ümumi miqdarı isə milyardlarla dollarla ölçülür. Bankın borcları ilə bağlı bu ilin may ayında açıqlanan məlumatlardan sonra məlum oldu ki, ABB-də 19, 4 milyard manat dövlət vəsaiti “yeyilib”. Yəni, Cahangir Hacıyevin imzası ilə bankdan milyardlarla manat dövlət vəsaiti çıxarılıb mənimsənildiyi halda, onun özü cəmi 200 milyon oğurlayıb! Məhz buna görə, Cahangir Hacıyevi “gözütox” biri kimi xarakterizə edə bilərik. Ancaq əsas məsələ bu deyil.

Əsas məsələ bu milyardların kimlərdə və harada olmasıdır. 200 milyon oğurlayan (bunun da 100 milyonunu qaytaran) Cahangir Hacıyev və bir neçə 10 milyon oğurlayan “xırda balıqlar” həbsə alındıqları halda, müxtəlif layihələr adı altında dövlətin 100 milyonlarını, milyardlarını ələ keçirib xaricə daşıyanlar azadlıqda kef işində yaşayırlar.

Hətta onların əksəriyyətinin kimliyi belə ictimaiyyətdən gizlədilir. Bu 20 milyarda yaxın vəsaitin kimlərin əlində olduğu açıqlanmır. Düzdür, zaman-zaman onlar haqda məlumatlar ortaya çıxır. Məsələn, bu yaxınlarda “AzPolitika.info” ya verilən məlumatlardan belə məlum olmuşdur ki, Beynəlxalq Bankdan 400 milyon dollar kredit də Cahangir Əsgərovun ailə şirkəti olan “Silk Way Holding” MMC üçün götürülüb, ancaq qaytarılmayıb. Cahangir Əsgərovun da bunun məsuliyyətini uzun illərdir “Silk Way Holding” MMC-yə rəhbərlik edən Zaur Axundovun üzərinə qoyaraq, onu vəzifəsindən uzaqlaşdırıb.(Azpolitika.info) (Davamı var)

Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… – Nehrəmlinin ABB borclarını necə “bağlayırlar”?