İçeriğe geçmek için "Enter"a basın

Şükürova daha bir maddə ilə cinayət işi açıldı

09-10-2018


[r32]
““Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb”. “Report” xəbər verir ki, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Bu arada musavat.com-a daxil olan məlumatda iddia olunur ki, ABŞ-dan xüsusi istintaqçılar Azərbaycana gəlməyə hazırlaşır. Xüsusi istintaqçılar Q. Şükürovun korrupsiya pullarını harada, necə əldə etməsinə şahidlik etmiş keçmiş qudası Rafael Əsgərovu dindirməyi planlaşdırırlar.

Eyni zamanda Q.Şükürovun mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirməsi ilə bağlı yeni məlumatlar yayılıb. Məlumatlarda deyilir ki, İlqar Ramazanovla Qüdrət Şükürovun illərdir ki, əlaqələri var. İddia olunur ki, Qüdrət Şükürovun mal-mülkünü İlqar Ramazanovun, onun yaxınlarının adına rəsmiləşdirməsi təsadüfi deyil. Ramazanov Şükürovun “Binə” ticarət mərkəzindəki böyük biznesini idarə edir. Həmin biznesdə onların şəriklikləri olduğu deyilir. Şükürovla Ramazanovun toy-nişan məclislərində, ad günlərində də birgə görünmələri və tez-tez əlaqə saxlamalarının biznes münasibətlərinə söykəndiyi qeyd olunur. Belə tədbirlərdən birində çəkilmiş, Şükürovla Ramazanovun birgə tort kəsmələri əks olunmuş foto da bu iki şəxsin əlaqələrini bir daha təsdiq edir.

Şükürova daha bir maddə ilə cinayət işi açıldı