[r32]
Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb…
Onun keçmiş qudası Rəfail Əsgərli müxtəlif dövlət orqanlarına şahidi olduğu məsələlər haqda son dərəcə ilginc bir müraciət yazıb. O bildirib ki, bir neçə il əvvəl Q.Şükürovun təklifi ilə Moskvaya gediblər. 2013-cü ilin aprelinə təsadüf edən səyahət zamanı Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub. “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.
R.Əsgərli yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə – “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb! Sitat: “Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat”dır”.
Devalivasiyadan əvvəl Şükürov manatlarını 8 milyon dollara dəyişibmiş…
Q.Şükürov 2013-cü ildə o dövrdə qudası olan R.Əsgərovdan bir neçə dəfə də xahiş edib ki, onunla “Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Azəriqazbank”ın filialına gedib pul çıxarsınlar. Hər dəfə 400, 500, 700 min dollar pul çıxarılıb. 2015-ci ilin fevralında – devalvasiyadan bir neçə gün əvvəl Q.Şükürov böyük panika içində manatda olan pullarını dollara çevirib. Həmin vaxt o, pullarını dollara çevirib, ailəvi dostu İlqarın adına “Bank of Baku”ya yatırıbmış. R.Əsgərov müraciətində Şükürovun banka yatırdığı məbləği də göstərib – 8 milyon dollar.
Q.Şükürovun var-dövləti bununla bitmir. Onun Bakının ən bahalı yaşayış binalarından hesab olunan “Gümüş plaza”da hər birinin qiyməti 2 milyon 500 min dollar olan 2 ədəd 5 otaqlı mənzilinin olduğu deyilir. Həmin binada Q.Şükürov yalnız ona və yaxınlarına xidmət edən Yaponiya istehsalı olan, qiyməti 400 min dolları aşan lift quraşdırtdırıb. Azərbaycan Ali Məhkəməsinin arxasındakı “Çıraq Plaza”nın 1-ci mərtəbəsindəki “Women SPA” mərkəzi də faktiki onundur. Təkcə bu mərkəzin təmirinə 4 milyon dollar xərcləndiyini qeyd edib. Hazırda həmin mərkəzi Q.Şükürovun həyat yoldaşı Aynurə Şükürova işlədir.
Təbriz küçəsinin qurtaracağındakı çoxmərtəbəli yaşayış binasında 2 ədəd 4 otaqlı, Səməd Vurğun parkının yanında 2 yaşayış mənzili, Nəsimi rayonu ərazində isə oğlu Samid Şükürova bir neçə ay əvvəl böyük bir restoran aldığı da gələn məlumatlar sırasındadır. Q.Şükürov 2014-cü ildə Moskvanın mərkəzində 2 dənə 5 otaqlı mənzil alıb.
Qüdrət Şükürovun öz qızına “Alov qüllələri”ndə 160 kv-lik ev aldığı, həmin mənzili isə müxtəlif vaxtlarda 3 dəfə təmir etdirdiyi də iddialar arasındadır. Məlumatlı mənbə bildirir ki, idarə rəisinin qızının həmin evi üçün Türkiyədən 180 min manatlıq saat sifariş edilib.
2015-ci ilin fevralında Q.Şükürov Tolyattidə bacanağı Müşfiqin qardaşı Salamın adına böyük – 6 mərtəbəli ticarət mərkəzi və şadlıq sarayı alıb. Buzovna qəsəbəsində 2 böyük torpaq sahəsindəki bənzərsiz imarətləri var. Birində özü, digərində qızı yaşayır. 8-ci kilometr yaşayış massivində 16 mənzili, 3 gözəllik salonunun olduğu da iddia edilir.
Q.Şükürovun keçmiş qudasının müraciətində ilginc detallardan biri də onun Xətai rayonu ərazisində, metronun “Xətai” stansiyasının arxasındakı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində şəxsi lift firmasının olması ilə bağlıdır. O firmaya Q.Şükürovun kürəkəninin qardaşı başçılıq edir. İddia olunur ki, Bakıdakı liftlərin sıradan çıxmasına yönələn hərəkətlərə də həmin firmanın əməkdaşları tərəfindən yol verilir.
Musavat.com-a verilən məlumata görə, Qüdrət Şükürovun varidatının digər mənbəyi liftlərin quraşdırılması və montajı ilə bağlıdır. Belə ki, iş cədvəlində bir liftin montajı üçün 12400 manat yazıldığı halda, briqadir və fəhlələrə, sadəcə, 1440 manat pul ödənilib. Briqadalara verilən rəqəmlər sonradan lap aşağı, 800 manat səviyyəsinə qədər salınıb. Yəni bir liftin quraşdırılmasından cənab Şükürov ən azı 11 min manat qabağa düşüb.
Bütün yaxın qohumlarını – bacısı, qardaşı qızlarını, gəlinlərini Lift İdarəsinin müəssisələrində yerləşdirib
Mənbə deyib: “Nəticədə Bakı şəhərində dəyişdirilməsi planlanan liftlərin ən azı yarısı dəyişdirilməyib. Cəmi 600 lift dəyişdirildiyi halda isə hökumətə 1000 liftin yenidən montajı barədə saxta hesabat verilib. Beləliklə, 400 liftin pulu dövlətin büdcəsindən çıxarıldı”.
Bununla belə, Bakı Lift İdarəsinin dövlət büdcəsinə 8 milyon manat borcu yaranıb və onun, sadəcə, 2 milyonu ödənilib.
Bundan başqa, Bakı şəhərində dövlət binalarında istifadə olunan 5000 liftin hər birinin lazımi vəziyyətdə saxlanılması və təmirindən ötrü dövlət tərəfindən ayda 35 manat pul ayrılır. Bu təkcə bir ayda 175 min manat, ildə isə 2 milyon yüz min manat pul deməkdir!
Lakin hər kəsə məlum olduğu kimi, həmin məbləğ nəinki liftlərin lazımi vəziyyətdə saxlanılması və təmiri üçün xərclənmir, hətta sakinlərdən heç bir əsas olmadan “lift pulu” adı altında əlavə ödəniş qəbul olunur.
Bütün bu məlumatları analiz edəndə idarə rəisinin dəbdəbəli həyatı ilə bağlı gedən söz-söhbətlərin motivlərini anlamaq çətin deyil. Bu xüsusda əlavə təfərrüatlar da var.
Belə ki, Qüdrət Şükürovun öz ailəsi, həyat yoldaşı və qızı üçün ayrı -ayrı maşın və sürücü tutduğu iddia olunur. Onların xərcləri isə Bakı Lift İdarəsinə tabe olan 5 müəssisənin rəhbərləri tərəfindən ödənilir. Bu da könüllülük əsasında deyil. Bu cür ödəmələrə etiraz edən vəzifəli şəxslərə büdcəyə olan borcları xatırladılır və onlar həbs olunacaqları ilə hədələnirlər.
Bundan başqa, əvvəl də xəbər verildiyi kimi, Akif Çovdarovla da əlaqələri ortaya çıxan Qüdrət Şükürov həmin vaxt MTN təmizləmələrində işdən azad edilən bir qohumunu Bakı Lift İdarəsinin bazasına müdir təyin edibmiş. Əvvəllər, sadəcə, təhlükəsizlik xidmətində çalışan həmin adamın heç bir istehsalat təcrübəsi ümumiyyətlə olmayıb.
Verilən məlumatlara görə, Qüdrət Şükürov bütün yaxın qohumlarını, bacısı, qardaşı qızlarını, gəlinlərini ixtisaslarına uyğun olmadığı halda Bakı Lift İdarəsinin müəssisələrində yerləşdirib. Həmin adamlara 400 manat maaş kəsilib. Həmin 400 manatın 250-si idarədən aldıqları rəsmi maaş, qalan 150 manat isə idarələrin öz “cib”indən bu şəxslərə ödənilir. Hər ayın axırlarında həmin xanımların yoldaşları idarəyə gəlir, “maaş”larını alıb gedirlər. Halbuki Bakı Lift İdarəsinin 250 manat maaşa möhtac olan əsl işçiləri illərlə əmək haqqı üzü görməyiblər.
Aparılan araşdırma nəticəsində bu iddialar təsdiqlənərsə , Qüdrət Şükürovu çətin günlərin gözlədiyini söyləımək olar. (Azpolitika.info)