İçeriğe geçmek için "Enter"a basın

Vəzifədən çıxarılan baş liftçi ölkədən qaçıb!

05-10-2018


[r32]
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub. Bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb. Virtualaz.org-a məlum olduğuna görə, Eldar Əzizovun əmri ilə Q.Şükürovun səlahiyyətlərinin müvəqqəti icrası Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin başçısı Xalid Ələkbərova tapşırılıb.

Xalid Ələkbərov bildirib ki, tezliklə şəhərin lift təsərrüfatında irimiqyaslı dəyişikliklər baş verəcək və bakılılar buna şəxsən şahid olacaqlar.

Maraqlıdır ki, Qüdrət Şükürov “Bakılifttəmir” İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa gəlməyib, belə ki, hazırda Almaniyadadır. Bildirilir ki, Qüdrət Şükürov ürəyində yaranmış propblemlərlə əlaqədar Almaniyaya müalicəyə yollanıb.

Ancaq onun həbs oluna biləcəyini düşünərək, ölkədən qaçması, müalicə adı ilə uzun müddət Almaniyada qalacağı da istisna olunmur.

Məsələ ondadır ki, bu yaxınlarda Eldar Əzizovun tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlanılıb. Bakı Şəhər Prokurorluğunun və BŞİH-in nümayəndələrindən ibarət qrupda 30 nəfər təmsil olunur.Həmin komissiya idarədə maliyyə və digər işlərin həyata keçirilməsi üzrə yoxlamalar aparır. Ekspertlərin fikrincə, bu yoxlamalar obyektiv aparılarsa Şükürovun həbsi qaçılmazdır.

“AzPolitika.info” xatırladır ki, Q.Şükürovun “Bakılifttəmir” İB-də yol verdiyi qanunsuzluqların, burada baş verən korrupsiya və rüşvət əməliyyatlarının səsi isə artıq ABŞ-a qədər yayılıb.

Şükürova 11.8 milyon dollar qazandıran rüşvət sövdələşməsi
ABŞ-ın “United Technologies Corporation” şirkəti ötən gün sentyabrın 12-də bu ölkənin Qiymətli Kağızlar Komitəsinə (SEC) 13.4 milyon dollar cərimə ödəməyə razılaşıb. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir.
SEC bildirir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binalarını liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. Bununla da ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozub. “United Technologies Corporation” Azərbaycan məmurlarına rüşvət verdiyini nə təsdiq, nə təkzib edir.

SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13.9 milyon dolları dövlətə ödəyib.

SEC bildirir ki, 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub.

İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını “şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Pulları “Liftremont”un vəzifəli şəxslərinə ötürmək üçün iki subpodratçı şirkətin bank hesablarından istifadə olunub. Bildirilir ki, həmin subpodratçıların hesablarına 790 min dollar köçürülüb. Bu da müqavilənin ümumi dəyərinin 44 faizi idi. Subpodratçılara pulların köçürülməsi müvafiq sənədləşdirmə olmadan, müqavilə bağlanmadan həyata keçirilib.

2013-cü ilin fevralından 2014-cü ilin dekabrına qədər “Otis” Bakı Lift Təmir İstehsalat Birliyindən əlavə müqavilə almağa çalışıb. İstehsalat Birliyinin “yüksək vəzifəli şəxsinin” göstərişi ilə “Otis Rusiya” şirkəti dörd ayrı vasitəçi şirkət üzərindən “Liftremont”la 9 ayrı müqavilə bağlayıb. Hər dəfə “Otis Rusiya” liftləri vasitəçilərə eyni qiymətə satıb, korrupsiya sövdələşməsinə əsasən həmin vasitəçilər liftləri xeyli şişirdilmiş qiymətə Bakı Lift İstehsalat birliyinə satıblar. Arada olan fərq birliyin rəhbərliyinin hesablarına keçirilib.

SEC “Otis Rusiya” şirkətinin menecerləri ilə Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyi arasında elektron yazışmaları da əldə edib. Bu yazışmalarda tərəflər liftlərə görə alınacaq “şapka”nı müzakirə edirlər. Rüşvət pulları ya üçüncü ölkəyə, ya birbaşa Azərbaycana transfer edilib. Məsələn, elektron məktublardan birində “Liftremont”un vəzifəli şəxsləri və “Otis Rusiya” şirkətinin menecerləri Türkiyədəki hesaba 214 min 126 avro və 104 min 465 dolların köçürülməsini müzakirə edirlər.

Habelə “Otis Rusiya” Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərlərinə qanunsuz ödəmələr etmək üçün başqa sxemlərdən də istifadə edib. Sxemlərdən birinə görə, Bakı Lift Təmir İstehsalat Birliyi “Otis Rusiya” şirkətinin Azərbaycan distribütoru seçilib. Baxmayaraq ki, İstehsalat Birliyi dövlət orqanı idi. İstisna deyil ki, əslində bu distribütorluq razılaşması “Liftremont”un rəhbərliyinə rüşvət ötürmək üçün idi. Çünki razılaşma elə kağız üzərində də qalıb.r
SEC müəyyən edib ki, “Otis Rusiya” şirkəti və “Lifttəmir” arasında qurulmuş korrupsiya sxemləri sayəsində vasitəçilər ən azı 11.8 milyon dollar alıblar. Və bu məbləğin əsas hissəsi “Lifttəmir”in rəhbərliyinə çatıb.

Bildirilir ki, “United Technologies Corporation” şirkəti bütün bu korrupsiya sxemlərindən xəbərsiz olduğunu bildirib. Şirkət SEC-ə izahatında göstərib ki, ilk dəfə bu haqda 2017-ci ilin aprelində Azərbaycan mətbuatında “Otis Rusiya” şirkətinin baş əməliyyat direktorunun “Lifttəmir”in rəhbəri Qüdrət Şükürova 1.7 milyon dollar rüşvət verdiyi haqda xəbərlərdən sonra duyuq düşüb. Bu məlumat Şükürovun keçmiş qohumlarının bəyanatlarına əsaslanırdı. Bildirilirdi ki, Şükürov həmin pullara İstanbulun elit yaşayış komplekslərindən birində 4 mənzil alıb.

2012-ci ilin martından 2014-cü ilin avqustuna qədər “Otis Rusiya” “Liftremont”a liftlər satmaq üçün cəmi 10 müqavilə bağlayıb. Bu müqavilələrin ümumi məbləği 14.6 milyon dollar olub.

Göründüyü kimi, ABŞ-ın Qiymətli Kağızlar Komitəsi “Otis” şirkəti ilə Bakı Lift Təmir İstehsalat Birliyi arasında milyonlarla dollarlıq korrupsiya sövdələşməsinin izinə Azərbaycan mətbuatında gedən xəbərlərdən sonra düşüb. Hansı ki, şəhərin baş “liftçisi” Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Mini-oliqarx Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları yerli KİV-lərə, habelə müxtəlif dövlət orqanlarına yazdı.

Dövlət büdcəsindən ayrılan milyonlar çırpışdırılıb
Bundan sonra vaxtilə Bakı Lift İdarəsində çalışmış mötəbər mənbə musavat.com-a bildirib ki, 2013-cü ildə Bakı şəhərində köhnə liftlərin dəyişdirilməsi və əsaslı təmiri üçün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 7 milyon manat vəsait ayrılıb və həmin vəsaitin mühüm bir hissəsi çırpışdırılıb. (Bundan sonrakı məlumatlar həmin mütəxəssisin təqdim etdiyi faktlar əsasında hazırlanıb – redaksiya).
Bundan başqa, 2013-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan da 50 milyon manat ayrılıb. Bu pullar da heç bir əsaslı iş görülmədən yeyilib və ya başqa məqsədlərlə xərcləndiyi göstərilərək silinib.
Mənbə deyib: “Qüdrət Şükürovun rəhbərlik etdiyi idarə Sankt-Peterburqdan gətirilən və dəyəri 8 min manat olan lifti 54 min manata sənədləşdirdi. Həm də nəzərə alaq ki, həmin vaxt dolların kursu 0,78 manatdan hesablanırdı. Yəni 8 minlik bir liftin alınmasına 54 min manat pul silindi”.

Q.Şükürov əvvəllər də medianın gündəmində olub. 2010-cu ildə ona məxsus “Range Rover” markalı maşından 210 min manat oğurlanıb. Həmin vaxt mətbuatda bu haqda geniş yazılar dərc olunub. Q.Şükürov oğurluq baş verdikdən sonra həmin maşını satıb. Onun son illər gəzdiyi Az 10 AA 828 nömrə nişanlı, ən son model S klass “Mersedes” zavodda xüsusi sifarişlə yığılıb, motorun həcmi 6.3-dür. İddialara görə, Q.Şükürov təkcə bu maşının yanacağına hər gün 100-120 manat civarında pul xərcləyirmiş. O da bildirilir ki, xüsusi sifarişlə hazırlanan bu nəqliyyat vasitəsini Q.Şükürov 450 min avroya alıb. Bundan başqa, Q.Şükürovun “Range Rover” markalı, Az 10 ZZ 447 nömrə nişanlı maşınının olduğu deyilir. Bu maşının qiyməti də az deyil – 250 min dollar. Q.Şükürovun oğlu Samid Şükürovun Az 10 XO 777 nömrə nişanlı “Mercedes Qalendvagen”, nömrə nişanının sonu 447 ilə bitən “Lexsus” markalı maşınları var.

Q.Şükürovun qızının həyat yoldaşı Oqtaya 160 min dollara aldığı iddia olunan “Porşe” markalı, Az 90 OA 900 nömrə nişanlı maşın da digərlərindən geri qalmır.(Davamı var)

Vəzifədən çıxarılan baş liftçi ölkədən qaçıb!