İçeriğe geçmek için "Enter"a basın

180 min rüşvət verən polkovnik işdən çıxarıldı

29-09-2018


[r32]
Adı məhkəmə qalmaqalında hallanan polkovnik işdən çıxarılıb. General polkovniki vəzifədən azad edərək sərəncama götürüb. Musavat.com-un əldə etdiyi məlumata görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev vəzifəsindən azad edilib.

Rəsul Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən sərəncama götürülüb.

Qeyd edək ki, Rəsul Quliyev bir neçə gün əvvəl zərərçəkmiş kimi iştirak etdiyi məhkəmə prosesində işə düzəlmək üçün 180 min manat rüşvət verdiyini açıqlamışdı. Bununla bağlı məlumatı “AzPolitika.info” şərh etmişdi.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesində şahid kimi iştirak edən Rəsul Quliyev bildirmişdi ki, 2011-ci ildə Məlahət Məmmədovaya Hərbi Komissarlıqda işə düzəltmək adı ilə 180 min manat pul verib. Lakin sonradan o, pulu geri qaytarıb.

Daha əvvəl Müdafiə Nazirliyində çalışdığını deyən R.Quliyev işə düzəlmək istəyən ərəfədə ehtiyatda olduğunu bildimişdi.

“AzPolitika.info” isə diqqəti polkovnik Rəsul Quliyevin hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin Qazax rayon şöbəsinin rəisi işləməsinə çəkmişdi. Qeyd etmişdik ki, adam özü Müdafiə Nazirliyində işləyərkən Hərbi Komissarlıqda vəzifəyə keçmək üçün 180 min verdiyini etiraf edir: “Məlahət Məmmədova bu işi “düzəldə” bilmədiyi üçün pulunu qaytarıb. Ancaq görünən budur ki, polkovnik Rəsul Quliyev başqa vasitə və ya vasitəçi ilə istəyini gerçəkləşdirə bilib. Necə, bu suala məhkəmədə cavab verilməyib…” -deyə yazıda vurğulanırdı.
Yazıda eyni zamanda müafiq qurumlara və polkovnik Rəsul Quliyevə bir neçə sual da yönəltmişdik:

“Əəvvəla, polkovnik Rəsul Quliyev Hərbi Komissarlıqda vəzifəni hansı yolla əldə edib? Bunun üçün əvvəl M.Məmmədovaya 180 min manat pul verən polkovnik Rəsul Quliyev bu dəfə “işini” kimin vasitəsilə və neçəyə düzəldə bilib?

İkincisi, Azərbaycan qanunvericiliyində işə düzəlmək, vəzifə əldə etmək məqsədilə rüşvət verilməsi də cinayət məsuliyyəti yaradır. Rüşvətvermə aktiv rüşvətxorluq sayılır və ona qarşı Cinayət Məcəlləsininin 312-ci maddəsində nəzərdə tutulmuş cəzalar tətbiq edilir. Məhkəmə niyə polkovnik Rəsul Quliyevlə bağlı cinayət işinin açılmasına dair qərar qəbul edərək, işi prokurorluğa göndərməyib?

Nəhayət, üçüncüsü Azərbaycanın hüquq-mühafizə orqanları polkovnik Rəsul Quliyevin bu “səmimi etirafına” diqqət yetirəcəklərmi?

O da ayrıca araşdırılmalıdır ki, Müdafiə Nazirliyində işləyərkən bu polkovnik 180 min manatı (söhbət yəqin ki, devalvasiyadan qabaq olub – red.) necə, hansı yollarla əldə edib?”

Hələlik bu suallara cavab ala bilməsək də, polkovnik Rəsul Quliyevin işdən çıxarılması, onun rüşvətlə işə düzəlməyə çalışması faktının ən azı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinin diqqətini cəlb etdiyini göstərir. Hüquq-mühafizə orqanlarının da R.Quliyevin “səmimi etirafını” araşdıracağına, dələduzdan pulunu aldıqdan sonra polkovnikin Hərbi Komisarlıqda vəzifəyə hansı yolla, kimin vasitəsilə və necə düzəldiyini də dəqiqləşdirərək, ictimaiyyətə məlumat veriləcəyinə ümid edirik.

180 min rüşvət verən polkovnik işdən çıxarıldı