İçeriğe geçmek için "Enter"a basın

Adi kommunal problem!? – “Malalayan” deputatdan qıcıq yaradan açıqlama

05-07-2018


[r32]
Azərbaycanda deputatların bəzən reallıq hissini itirərək, heç bir məntiqə sığmayan açıqlamalar verməsinə artıq adət etmişik. Çox vaxt bu tip açıqlamalarla öz aləmlərində hakimiyyətin mövqe və maraqlarına xidmət etdiklərini düşünən belə deputatların, əksinə “ayı xidməti” göstərdiklərinin necə fərqinə varmadıqları təəccüb doğurur. Özü də bu cür açıqlamalar nisbətən savadlı və hazırlıqlı millət vəkillərindən gələndə bu təəccüb birə beş artır…

Bu günlərdə ölkədə az qala həyatı iflic edən enerji böhranı ilə bağlı mətbuata açıqlama verən deputat Elman Nəsirov baş verənləri “kommunal problem” adlandırıb və bildirib ki, kimlərsə buna siyasi don geyindirmək istəyir. Ardınca da, necə deyərlər, yenə həmin “stil”, həmin köhnəlmiş arqumentlər, təriflər və s.

Onu da qeyd edək ki, E.Nəsirov bu açıqlamanı prezidentin keçirdiyi son müşavirədən əvvəl verib. Yəni bir növ “arientirovkanı” hələ tam tutuzdura bilmədiyi vaxtda. Sözsüz ki, ölkə başçısının məsələyə münasibəti bilinəndən sonra E.Nəsirov və onun kimilər “topun lüləsini” tam başqa istiqamətə çevirəcəklər və bu məsələnin olduqca böyük strateji əhəmiyyət kəsb etdiyini deyəcəklər…

Deputatın sözügedən açıqlamasından isə belə çıxdı ki, demək olar bütün ölkənin bir anda elektrik enerjisindən məhrum olması sadəcə, adi bir kommunal problemdir! Deməli milyonlarla insanın, bununla yanaşı bir çox dövlət qurumlarının, bir sıra xəstəxanaların, metropolitenin, nəqliyyat infrastrukturunun elektriksiz qalması, paytaxtda və regionlarda əhalinin ciddi narahatlıq və təşviş keçirməsi, bu istidə təkcə metro tunellərində 30 min insanın zülm çəkməsi, dövlətə və çoxlu sayda sahibkara külli miqdarda maddi ziyan vurulması və s. adi “kommunal problem” imiş…
Görəsən, ölkənin enerji təhlükəsizliyini ciddi şübhə altına alan, Azərbaycanı Rusiya və Gürcüstandan yardım istəməyə vadar edən bir hadisəyə “kommunal problem” demək üçün hansı “istedada” malik olmaq lazımdır?

Deputatın məntiqilə həmin adi “kommunal problemlə” bağlı ölkə başçısı tərəfindən xüsusi komissiya yaradılır, Prezident Administrasiyası rəsmi açıqlama yayır, vəziyyətin şəxsən prezidentin nəzarətində olduğunu bildirir? Bu nə məntiqdir, nə yanaşmadır? Kimlərinsə xoşuna gəlmək üçün bu qədər də əndazəni aşmağa nə ehtiyac var axı? Yəni bu tip açıqlamaların təkcə deputat statusunu deyil, ali icra orqanını da qeyri-ciddi, xoşagəlməz durumda qoyduğunu anlamaq bu qədərmi çətindir?

Axı ölkənin strateji maraqlarına təhlükə yaradan korrupsiyanın, məmur səhlənkarlığı və məsuliyyətsizliyinın hansı böyük fəsadlara və fəlakətlərə səbəb olacağının siqnalını verən bu hadisəni belə primitiv şəkildə “malalamağın” nə mənası var?

Əlbəttə ki, heç bir həmvətənimiz ölkəmizin güclü və sarsılmaz görünməsini sözügedən deputatdan az istəmir. Xüsusilə düşmən qarşısında bütöv, hər fövqəladə hadisəyə görə sarsılmayan, sınmayan cəmiyyət və dövlət kimi görünmək hər birimizin istəyidir. Amma strateji əhəmiyyətli sahələrimizin saat mexanizmi kimi işləməsinə cavabdeh olanlar da bizi düşmən qarşısına bir şəhərdəki (!) bir elektrik stansiyasının (!) bir blokunun (!) sıradan çıxması ilə az qala iflic vəziyyətə düşən ölkə kimi çıxarmamalıdır axı…

Yəqin ki, dünyada belə ciddi məsələlərə məişət səviyyəsində münasibət göstərmək “istedadı” yalnız bizim kommunal başlı məmur və deputatlarımızda ola bilər. Və nəhayət, bu deputatlar anlamalıdırlar ki, xüsusilə belə durumlarda kimlərisə bu cür savunmaq əhalidə daha artıq qıcıq yaratmaqdan başqa heç nəyə xidmət etmir və prezidentin “utanmalısınız” ifadəsi təkcə Etibar Piriverdiyevə aid deyil…(Azpolitika.info)

Adi kommunal problem!? – “Malalayan” deputatdan qıcıq yaradan açıqlama