İçeriğe geçmek için "Enter"a basın

Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər – “Elmar Vəliyevə 1 güllə dəyib”

04-07-2018


[r32]
Dünən silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vəziyyətilə bağlı suallar açıq qalır.

Başçının sağlıq durumu ilə bağlı bir xeyli ziddiyyətli məlumatlar verilir. Rəsmi şəxslər və qurumlar yaralansa da, onun həyatı üçün təhlükə olmadığını bildirirlər, qeyri-rəsmi mənbələr isə E.Vəliyevin başından və qarın boşluğundan güllə yaraları aldığını, vəziyyətinin ağır olduğunu deyirlər. REAL-TV-nin rəhbəri Mirşahin isə hətta Elmar Vəliyevlə danışdığını, onun narahatçılığa əsas olmadığını dediyini də iddia edib.

E.Vəliyevin hansı motivlə hücuma məruz qaldığı da naməlumdur. Bildirilir ki, Rusiya vətəndaşı olan Yunis Səfərov başçını güllələyəcəyi haqda onun özünə xəbərdarlıq edibmiş. Lakin onların arasındakı gərginliyin səbəbi bilinmir.

Bu arada Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də Elmar Vəliyevin bir güllə yarası aldığını və vəziyyətinin ağır olduğunu bildirib. Partiya sədri bununla bağlı Feysbukda yazır: “Məlumat qıtlığı çox pis şeydir. Hökumət susur. Bu qədər hadisələr qarşılığında rəsmi mövqe yoxdur. Aldığım məlumatları bölüşüm: 3 güllədən biri Elmar Vəliyevə, 2-si cangüdənə dəyib. Başçı Gəncə Mərkəzi Klinikasında əməliyyat olunub. Vəziyyəti orta ağırdır. Cangüdənin vəziyyəti daha pisdir”.

***

“AzPolitika.info” xəbər verir ki, bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanada dünyasını dəyişdiyi xəbəri yayılıb. “Report” əvvəlcə, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən icra başçısının həyatını xilas etməyin mümkün olmadığını bildirsə də, məlumat rəsmən təsdiqlənməyib.

Sonradan icra başçısının vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərildiyi bildirilib.

Elmar Vəliyevin oğlu Elmir Vəliyev REAL-a açıqlamasında bildirib ki, atasının ölüm xəbəri ilə bağlı yayılan məlumatlar yalandır.

Bu arada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başından və qarın boşluğundan güllə yarası aldığı xəbəri yayılıb. Gununsesi.info-nun xəbərinə görə, icra başçısı Gəncədəki Mərkəzi Klinik Xəstəxanada əməliyyata alınıb. Əməliyyat zamanı icra başçısının güllə toxunduğu baş nahiyyəsində tikiş aparılıb. Bundan başqa qarın boşluğundakı güllə əməliyyat yolu ilə çıxarılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov Gununsesi.info-nun olayla bağlı sualına cavab verməkdən imtina edib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin məlumat yayacağı gözlənilir.

***

Təxminən 1 saat əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb!
“AzPolitika.info“ya Gəncədəki mənbələrdən verilən məlumata görə, Elmar Vəliyev ağır yaralıdır, cangüdəni isə ölüb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb.

“Report”un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumat da “AzPolitika.info”nun xəbərini təsdiqləyib. Məlumata görə isə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

****
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosu yayılıb.

Musavat.com criminal.az-a isitinadən xəbər verir ki, Q.Aşbazov polis əməkdaşı olub.

Ağır güllə yarası alan E.Vəliyev bu vertolyotla Bakıya göndərilib.

Hadisə dünən saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov və hələlik adı məlum olmayan qırmızı köynəkli şəxs icra başçısına hücum edib.

Rusiya vətəndaşı olan Y.Səfərov ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını dəmirlə döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçıb. Həmin vaxtda axtarışa verilib. Bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Faktla bağlı hüquq-mühafizə orqanları hələlik məlumat yaymayıb.

****
Sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən şəxsin pasportundan çəkilmiş fotoları yayılıb.

Rəsmi açıqlamaya görə, bu şəxs 1983-cü il təvəllüdlü Yunis Səfərovdur. Pasport fotosundan belə görünür ki, Y.Səfərov Rusiya Federasiyasının vətəndaşıdır.

Y.Səfərovun fotosunu təqdim edirik:

Əlavə məlumat veriləcək!

Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər – “Elmar Vəliyevə 1 güllə dəyib”