İçeriğe geçmek için "Enter"a basın

“Qarabağı Azərbaycandan qoparmaq planları hazırlanır” –Müsahibə

04-06-2018


[r32]
(Əvvəli dünənki yazıda)
Azərbaycanla həmsərhəd dövlətlərdə son vaxtlar ciddi proseslər baş verir. Gürcüstan sürətlə NATO-ya yaxınlaşır, Ermənistanda Qərbyönümlü qüvvələr hakimiyyətə gəlib, İran-ABŞ münasibətləri isə hər an böyük müharibəyə çevrilmək həddindədir… Bəs bu vəziyyət Azərbaycana nə və edir?

“Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayılla son vaxtlar regionumuzda gərginləşən bu məsələlər və onların Qarabağ probleminə təsiri barədə söhbətləşmişik:
– Azərbaycan bunu Qərbin ikili standartları, erməni lobbisinin təsiri ilə əsaslandırır…

– Səhv yanaşmadır. Hər üç respublika ərazi itkisində başlıca rolu Rusiyanın oynadığını açıq şəkildə bildirir. Amma biz Rusiyanı günahlandırmırıq. Daxildə deyirk ki, Rusiya qoymur, Yalamaya qoşun yeridir, amma beynəlxalq təşkilatlara bunu ünvanlamırıq. Saakaşvilinin BMT-dəki məşhur çıxışını yadınıza salın. Açıq dedi ki, Rusiya hər iki dövlətə təsir etmək üçün Qarabağ problemini həll etmir. Bunu beynəlxaq səviyyədə də qabartmalıyıq. Bu, düzəlməyincə, biz Qarabağ məsələsində beynəlxaq aləmdən xüsusi dəstək qazana bilməyəcəyik.

– Belə çıxır ki, burada hakimiyyət və dövlət maraqları toqquşur.

– Hakimiyyət maraqları ilə milli maraqları tərəziyə qoyanda, hakimiyyətin mənafeləri daha üstün görsənir. Belə deyilsə, Qarabağ məsələsi ilə əlaqədar xalqa dürüst rəsmi məlumat verilsin.

– Aprel döyüşləri göstərdi ki, Qarabağ faktoru cəmiyyəti birləşdirən amildir. O zaman, cəmiyyət niyə bu məsələdə ortaya mövqe qoymur?

– Bu, bizim ən yaralı yerimizdir. Vətəndaşa olan münsaibət nəticəsində cəmiyyətimiz, ictimai mühit həddindən artıq aşınıb, deqredasiya olunub. Ölkədəki korrupsiya bəşəri və milli dəyərlərin üstündən xətt çəkib. Hər gün bunu televiziyalarda, vətəndaş-məmur münasibətlərində görürük. Əhalidə bir xof da yaranıb, milli və bəşəri dəyərlərə meyil yoxdur, insanlar başını aşağı salıb gündəlik yaşamağa, problemləri həll etməyə çalışırlar. Üstəlik cəmiyyəti haqsızlığa alışdırma prosesi gedir.

– Bu günlərdə Amerikanın məşhir xarici siyasət jurnalı belə bir məqalə ilə çıxış etmişdi ki, Azərbaycanın enerji layihələrinə mane olmaq üçün Rusiya Qarabağ münaqişəsindən istifadə edə bilər. Çünki biz Avropada Rusiyanın enerji maraqlarına mane oluruq. Bu konteksdə qarşıdurma realdırmı?

– Təkcə Azərbaycanın deyil, Orta Asiyanın da qazı buradan keçib Avropaya gedəcək. Rusiya buna razılıq verib. Bu layihələr axı ölkələrə pul gətirir. Bu olmayacaqsa, hakimiyyətlər necə dayanacaqlar? Vəsaitlər gəlməzsə, bölgədə vəziyyət daha da gərinləşə bilər. Hamı qazını, neftini Rusiyaya versə ki, al, sən sat, bu mümkün deyil, heç dünya da bunu qəbul etməyəcək.

– Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycanda belə bir ümidlər yaranıb ki, Rusiya, nəhayət, Qarabağ məsələsində mövqeyini dəyişə bilər. Yəni artıq Ermənistanda Qərbpərəst bir hakimiyyət mövcuddur, Moskva bundan narahatdır, ona görə hansısa mərhələdə onları cəzalandıra bilər. Bu yanaşma barədə fikirləriniz maraqlıdır.

– Neçə illərdir ki, şüurlara yeridilir ki, Ermənistanla Rusiyanın münasibətləri pozulacaq, Moskva bizim tərəfə keçəcək, Ermənistanı cəzalandıracaq, Qarabağı bizə qaytaracaq və s. Bunlar tamamilə yanlış ümidlərdir. Ermənistanın gücü Azərbaycanın zəifliyindədir. Bunu amerikalılar da, ruslar da etiraf edirlər. Bu gün Ermənistan qərbpərəst mövqe tutur, tutacaq da. Eyni zamanda Rusiyanın qoşunları da orada qalacaq. Paşinyan göstərdi ki, nə Avrasiya İttifaqından, nə KTMT-dən çıxacaqlar. Əksinə, Rusiya vasitəsi ilə Abxaziya ilə sərhədləri açmağa çalışırlar. Paralel olaraq islahatlar üçün Qərbdən da böyük yardımlar almaq istəyəcəklər. Xatırlayırsınızsa, Paşinyanla görüşəndə Putin şərtlər qoyurdu: beynəlxaq məsələlərdə, BMT müstəvisində biz birgə addımlar atacağıq. Yəni, sabah Krım məsələsi müzakirə olunanda siz bizim tərəfimizi tutacaqsıznız. Ermənstan da bu yolu tutacaq, Qərb də buna anlayışla yanaşacaq ki, erməni niyə belə mövqe tutur.

– Belə nə qədər davam edə bilər?

– Bu, uzunmüddətli yol ola bilməz. Çünki Rusiya razılaşmayacaq, münasibətlərdə gərginlik yaşanacaq.

– Yəni 1999-cu ildə parlamentdə baş verən gülləbaran kimi olaylara gətirəcək…

– Hakimiyyət dəyişikliyi edə bilərlər. Qarabağ klanının, Sərkisyan və tərəfdarlarının kifayət qədər maliyyə imkanları var. Necə ki, parlamenti darmadağın elədi, yeni bir qüvvəni də həmin yolla hakimiyyətə gətirə bilər. Qarabağda elə bir vəziyyət yarada bilər ki, Xankəndində yaşayan əhali Yerevana yürüşə çıxar. Amma Rusiya heç vaxt Qarabağ məsələsində Azərbaycanın tərəfinə keçməyəcək. Rusiya hakimiyyəti dəyişsə belə, biz yenə udmuruq. Biz o zaman uda bilərik ki, Qarabağ məsələsində xalq və hakimiyyət eyni ruhda birləşib hərbi gücünü göstərsin. O zaman bizimlə hesablaşacaqlar.

– Qarabağ məsələsində dönüş etmək, nailiyyət qazanmaq iqtidarda olan siyasi qüvvəni daha da möhkəmləndirəcək. Bu, şəksizdir. Bəs bizim hökumət niyə bu imkandan yararlanmaq istəmir?

– Rusiyanın tələbləri, təzyiqləri ilə 94-cü ildən bəri tamamilə başqa yol tutulub. İndi bizə deyirlər ki, bu yolla nə qədər istəyirsiniz, davam edin. Bu status-kvo ilk növbədə Rusiyanın xeyrinədir, çünki Cənubi Qafqazda təsirini saxlayır. Ona görə də prioritet Qarabağ deyil, hakimiyyətdə qalıb davam etməkdir. Bu məsələdə xalqın iradəsinin nümayiş olunması qadağan olunub. Hətta süni şəkildə belə mümkün deyil ki, hökumətin təşkilatçılığı ilə bir milyon adam meydana çıxıb Qarabağ tələb etsin.

– Müxalifət də bu məsələdə çox israrlı deyil.

– Fikir verirsinizmi, hakimiyyət uğurunda mübarizə aparan müxalifət nədən çox danışır? Qarabağdanmı? Xeyr!

– Bəs cəmiyyətə necə çatdırsınlar ki, biz Qarabağı istəyirik?

– Bunun yolları çoxdur. Millətə demək lazımdır ki, bizim demokratik islahatlardan sonra həm daxildən, həm xaricdən böyük dəstəyimiz yaranacaq və Qarabağ məsələsini həll edəcəyik. Cəmiyyət Qarabağ probleminin müharibə yolu ilə həllini qəbul etsə, Qərb ona mane ola bilməyəcək. Ermənistan da dirənə bilməyəcək, o zaman bilmək olmaz, hansı qərarı qəbul edəcəklər. Amma hazırki vəziyyət çox davam etsə, biabırçı sonluğu olacaq.

– Nə olacaq?

– Qarabağın Azərbaycanın əlindən çıxması üçün böyük planlar hazırlanır. Sadəcə Rusiya Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün buna mane olur.

– Qərbdə hazırlanır bu planları?

– Qərb istəyir ki, Azərbaycan və Ermənistan onun tərəfində dayansınlar, bu münaqişə də qan tökülmədən ermənilərin xeyrinə həll olunsun. ABŞ bu məsələdə, Avropaya baxanda, bizim mövqeyimizə daha yaxın mövqe qoyur. Vaşinqton həmişə birmənalı şəkildə deyir ki, işğal olunmuş 7 rayon mütləq qaytarılmalıdır. Amma Avropanın belə tələbi yoxdur. Amerika ona görə belə mövqe qoyur ki, bölgəyə rus qoşunları deyil, beynəlxaq sülhməramlılar yerləşdirilsin.

– Ümumiyyətlə, bu məsələnin ölü nöqtədən tərpənməsi hansı perspektivdə görsənir?

– Yalnız daxili perspektivdə. Xaricdən heç nə gözlənilmir. O yerdə hərəkət var, ona beynəlxalq maraq yaranır. Azərbaycanda isə ətalət olduğuna görə heç bir dəstək yoxdur. Bu, çox pis tendensiyadır. Xaricdən, əlbəttə, təsir var, amma o daxildə bir qüvvəyə istinad etməlidir. Əgər istinad yoxdursa, heç bir dəstək ola bilməz.

– Ölkədə bu qədər narazlıq var, niyə o zaman müxalifət istinad nöqtəsi ola bilmir?

– Cümhuriyyətin 100 illiyi ilə bağlı hər siyasi qurum ayrıca tədbir keçirdi. Mən də Rəsulzadənin qəbrini fərdi şəkildə gedib ziyarət eləmişdim. Belə vəziyyətdə nə xalq, nə də xaric o gücü görmür.

– Belə çağırışlar var ki, üçüncü qüvvə meydana çıxmalıdır. Cəmiyyət belə qüvvəni doğmağa hazırdırmı?

– İndi hazır deyil. Amma bu proses gedir. Yəni iki il əvvəlki vəziyyət deyil.

– Cəmiyyətdəki qorxunun elə bir səbəbi budur ki, vəziyyət nəzarətdən çıxsa, hər şey məhv olacaq, ölkə Suriyanın, İraqın gününə düşəcək. Hökumət də bu fikirlərin oturuşmasında maraqlıdır.

– Elədirsə, islahat aparsınlar.

– Hakimiyyət özünü qurduğu stabillik modelinin qalmasını təklif edir. Tutaq ki, inqilabı dəyişiklilər oldu, hazırda parçalanmış, dərin konfilikt içində olan cəmiyyəti birləşdirib dövləti qoruyacaq, sabitlik yaradacaq bir qüvvə varmı?

– Mən o qüvvəni görmürəm. Amma bu cür sabitlik də problemi həll etmir.

– Bütün imkanlar tükənib?

– Çoxdan tükənib.

– O zaman perspektiv nədir?

– Perspektivə proqnoz vermək çox çətindir. Ölkədəki bu günkü narazılıq böyük qarşıdurma yarada bilər. Əgər bu vəziyyətdən qaçmaq istəyirlərsə, gerçək islahatlar aparılmalıdır. Bəzi kadr dəyişiklikləri mahiyyəti dəyişmir.

– Ziyalılar da susublar.

– Bizdə böyük bir susqunluq var. Çox təəssüf edirəm, hətta xahiş edəndə belə deyirlər ki, zaman yetişməyib. Bilmirəm, o zaman nə vaxt yetişəcək. Deqredasiya elə bu deməkdir, təkcə aşağılara təsir etmir ki, elə yuxarıdan, ziyalılardan başlayır. Əvvəllər qapı açıq idi, beş ziyalı durub dövlət başçısının qəbuluna gedib problemi deyə bilərdilər. İndi ya o qapılar bağlanıb, ya da getmək istəyən yoxdur.

– Sonda belə nətəcəyə gəldik ki, perspektiv görünmür…

– Perspektiv hər zaman var, amma onun zaman kəsiminin bir il, ya bir əsr olacağını demək çətindir.

Söhbətləşdi:

Elçin Rüstəmli

Strateq.az

“Qarabağı Azərbaycandan qoparmaq planları hazırlanır” –Müsahibə