İçeriğe geçmek için "Enter"a basın

“Qarabağı Azərbaycandan qoparmaq planları hazırlanır” – Müsahibə

02-06-2018


[r32]
Azərbaycanla həmsərhəd dövlətlərdə son vaxtlar ciddi proseslər baş verir. Gürcüstan sürətlə NATO-ya yaxınlaşır, Ermənistanda Qərbyönümlü qüvvələr hakimiyyətə gəlib, İran-ABŞ münasibətləri isə hər an böyük müharibəyə çevrilmək həddindədir… Bəs bu vəziyyət Azərbaycana nə və edir?

“Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayılla son vaxtlar regionumuzda gərginləşən bu məsələlər və onların Qarabağ probleminə təsiri barədə söhbətləşmişik:

– İlham müəllim, 2018-ci ildə regionda bir sıra mühüm hadisələr baş verib. Ermənistanda inqilab oldu, ABŞ nüvə sazişindən çıxaraq İrana qarşı sanksiyaları bərpa etdi. Şübhəsiz, bunlar Azərbaycana təsir edən hadisələrdir. Beynəlxaq mətbuatda yazırlar ki, bu iki hadisənin əslində biri-biri ilə əlaqəsi var, Ermənistanda baş verən hakimiyyət çevrilişinin arxasında ABŞ və İsrail durur, məqsəd də Azərbaycanın işğal olunmuş əraziləri hesabına İranla sərhədləri yaranan Ermənistandan istifadə etməkdir. Bu barədə Siz necə düşünürsüz?

– Regionda baş verən proseslərin gedişatının xüsusi qlobal dəyişikliyə gətirib çıxarması az ehtimal olunur, amma istisna deyil ki, qlobal hadisə baş versə, elə İranda olacaq. Ona görə şərtlə deyirik ki, İran böyük və ideoloji dövlətdir. Onun birdən-birə yıxılması gözlənilmir. Amma İranda müəyyən dəyişikliklər olacaq, buna daxildən sosial sifariş, xaricdən kifayət qədər təsirli təzyiqlər var. Ölkənin mövcud şəriət dövlət quruluşunun dəyişib dünyəvi konstitusion quruluşla əvəzlənməsini istəyən qüvvələr var.

Təbii ki, ən güclü təzyiq xaricdəndir və onun başında da ABŞ və İsrail durur. İrana qarşı həm iqtisadi, həm siyasi, həm də hərbi təzyiqlər güclənir. Bu yaxınlarda Suriyada İranın qurduğu 16 hərbi bazası darmadağın edildi…

Regionda ikinci mühüm dəyişiklik artıq Ermənistanda baş verib. Bu ölkədə gedən prosesləri perspektivdə İrana təsir etmək kimi dəyərləndirmək doğru deyil. Əlbəttə, ABŞ-ın, Avropanın burada müəyyən qədər rolu var və bu yolu illərdir ki, səbrlə erməni cəmiyyətinin şüuruna yeridə biliblər. Çünki cəmiyyət, tədricən olsa da, Rusiyadan çox, Qərbə meyillənməyin tərəfdarıdır. Rusiya gözlənilmədən baş verən hadisələrlə yaxalansa da, situasiyaya tez nəzarət edə bildi. Paşinyan və tərəfdarları Rusiyanın aqressiv münasibəti ilə qarşılaşmamaq üçün “ məxməri inqilabın” şimal qonşusu ilə münasibətlərə xələl gətirməyəcəyini tələsik vurğulamaqla müdaxilədən yayına bildilər. Amma Rusiya onu da bilir ki, yeni hakimiyyətin nümayəndələri daha çox Qərbə meyillidirlər, sadəcə Qarabağ problemi, Rusiyadan hərbi və iqtisadi asılılığa görə erməni tərəf hiyləgərliklə vaxt qazanır və xarakterlərinə uyğun olaraq hər zaman sürüşkən mövqe ortaya qoya bilərlər. Hər halda Paşinyan hökuməti bu gün daha çox Rusiyanın nəzarətindədir, amma bunun Sarkisyana olan nəzarət olmadığı da, birinci elə Rusiyanın özünə məlumdur.

Paşinyan hökuməti ilk növbədə ölkəni iqtisadi cəhətdən ayağa qaldırmaq istəyir, bunun üçün Qərbdən də, Rusiyadan da ciddi dəstək almağa çalışırlar. Bu istiqamətdə vacib addım Abxaziya dəhlizinin açılmasına cəhdlərdir.

– Paşinyan Gürcüsatana elə bu məqsədlə getmişdi…

– Bəli, bu barədə Gürcüstan rəhbərliyi ilə danışıqlar aparılıb. Bundan əvvəl isə Soçi görüşündə Abxaziya dəhlizinin açılmasını Putindən xahiş etmişdi. Amma bugünlərdə Suriya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından sonra Gürcüstan tərəfi prosesi tormozladı. Çünki aydındır ki, bu, Suriyanın deyil, Rusiyanın siyasətidir.

Regionda daha bir mühüm dəyişiklik kimi 27 mayda NATO Parlament Assambleyasının Gürcüstan və Ukraynaın hərbi ittifaqa inteqrasiyasının sürətləndirilməsi ilə bağlı mövqeyi oldu. Litva prezidenti xanım Qribauskaytenin “Cənubi Qafqazda bel bağlanası ölkə Gürcüstandır” deməsi təsadüf deyil.

– Bəs bütün bunların Azərbaycana təsiri necə olacaq?

– Ən böyük təsir İranla bağlı baş verə biləcək hadisələrdir. Bölgədə, həmsərhəd olduğumuz ölkələrdə yuxarıda qeyd etdiyimiz dəyişikliklərin və ehtimal olunan dəyişikliklərin Azərbaycana mütləq təsiri var. Tutaq ki, Ermənistanda və Gürcüstanda baş verən daxili idarəetmədəki rejim dəyişikliyi birbaşa olmasa da, dolayısı ilə təsirsiz ötüşmür və hansısa formada özünü göstərəcək. O cümlədən İran da. Azərbaycan ABŞ və İsail üçün həm də İrana görə maraqlıdır. Burdan heç kim, təbii ki, top qoyub İrana atası deyil. Amma coğrafi mövqeyimizə görə bir sıra məsələlərdə, sahələrdə – mən onları sadalamaq və konkretləşdirmək istəmirəm, – ciddi əməkdaşlıq ola bilər.

– Bəs İranın Azərbaycana qarşı münasibəti necə olacaq?

– İndiyədək aparılan və əsasən doğru olan siyasət nəticəsində Azərbaycan İrana qarşı hər hansı bir əks siyasətin iştirakçısı olmayıb və İrandan xüsusi təpkilər və hədələr almamışıq. Amma İranın bizə münasibətdə kinli olduğu, hələ də müstəqilliyimizi qəbul edə bilmədiyi və burdakı təsir vasitələri ilə bizə problemlər yaradacağı gizli məsələ deyil. Azərbaycanın İrana qarşı bir poliqon olması istisnadır.

Biz bundan sonra nə olacağını bəribaşdan deyə bilmərik. Bu, hadisələrin inkişafından, İrandakı daxili proseslərdən asılıdır. İran çətin vəziyyətdə olmasına baxmayaraq, Yəməndən tutmuş Suriyaya qədər öz sərhədlərindən kənarda təsir gücünə malikdir. Onlar Azərbaycanla müqayisədə böyük dövlətlərdir. Azərbaycan bu məsələlərdə ehtiyatlı olmalıdır. Onu da deyim ki, bütün bu hadislərin heç biri Azərbaycanda hansısa dəyişikliklərə gətirib çıxarası deyil.

– Hansı dəyişikliklərdən söhbət gedir?

– Burada xarici ölkələrin təsiri ilə nə inqilab olasıdır, nə də hakimiyyət dəyişikliyi. Amma gərginlik yarana bilər və ondan daxili, yoxsa xarici qüvvələrin daha çox istifadə edəcəyi sual altındadır.

– O zaman Qarabağ məsələsinə də bir təsirdən söhbət getmir?

– Qarabağ problemi bu işlərin hamısından kənardadır. İndiyə qədər bizim diplomatiyada görsənməyib ki, Azərbaycanın atdığı iqtisadi, siyasi addımların qarşılığında Qarabağla bağlı məsələni qoysunlar. Biz hələ də 30 il əvvəl qəbul olunmuş BMT qətnamələrindən yapışırıq. Bu təşkilatın o qədər icra olunmayan qətnamələri var – Şimalı Kiprdən tutmuş Krıma qədər…

– Bizim status-kvonu dəyişmək gücümüz varmı?

– Bizim status-kvonu dəyişmək üçün bir neçə imkanlarımız yaranıb. Birinci hərbi imkanlardır, bundan istifadə edib dəyişiklik etmək olar.

– Yəni buna imkan verərlər?

– Belə bir şey uydurublar ki, biz güc tətbiq etsək, dünya bizim üstümüzə gələcək. Aprel döyüşlərində 3 gün dünyadan səs çıxdımı? Bu müddət ərzində ABŞ-dan və Avropa Birliyindən nə bir kəlmə söz, nə də bir bəyanat oldu. Qərb mətbuatı sadəcə informasiya verirdi ki, Qarabağda müharibə gedir. Rusiyanın özü də bir gərgin münasibət göstərmədi. Bizimkilər tez-tez vurğulayırlar ki, müdafiə naziri Şoyqu dedi, “atəşi dayandırın”. Amma bunu onların öz dilindən eşitmədik.

– Amma yerli mətbuatda yazıldı ki, Rusiyanın Şimali Qafqazdakı ordusu döyüşə hazır vəziyyətə gətirilib, Xəzərdəki hərbi donanmaya döyüş hazırlığı komandası verilib…

– Yerli mətbuat dediyiniz bu məlumatı hardan aldı? Bu barədə heç Azərbaycan rəsmiləri bir söz deməyiblər. Bunlar Azərbaycanın sürüşkən jurnalsitikasına verilən pasların nəticəsidir.

– Amma sətiraltı həmişə deyirlər ki, Rusiya mane oldu…

– Bu, öz cəsarətsizliklərini və bacarıqsızlıqlarını sığortalamaqdan başqa bir şey deyil.

– Bəs müharibə niyə dayandı?

– Müharibə yox, döyüş. Nəzərdə tutulmamışdı ki, hərbi əməliyyatlar sona qədər davam etməlidir. Ölkədə müharibə əhval-ruhiyyəsi vardımı?

– Əlbəttə, vardı…

– Yox, o mənada ki, səfərbərlik elan olunsun, fövqəladə vəziyyət rejiminə keçilsin, müharibə hazırlıqlarına start verilsin və s. Qəflətən genişmiqyaslı döyüşlər başlayır və bunun nəticəsində ölkədə bir ruh yüksəkliyi yaranır. Aprel döyüşlərinin ən böyük xeyri millətin ayaqda olduğunun, öz torpağı üçün vuruşacağının aydın şəkildə nümayiş etdirilməsi oldu. Bundan başqa döyüşlərin bizə bir xeyri olmayıb.

– Bəs müəyyən qədər torpaq azad etmişik…

– Əldə etdiyimizlə itirdiklərimiz adekvat deyil. Bunu hərbçilər də müqayisə etsinlər ki, həqiqətən belədir, ya yox. Həmin döyüşlərdə Talış kəndi, Madagiz, hətta Tərtər su-elektik stansiyası da alınıb o yerlərdə möhkəmlənə bilərdik. Necə ki, Lələtəpədə möhkəmləndik. Buna görə Rusiya bizə nə dedi? Başqa yerləri azad edib möhkəmlənsəydik, nə deyəcəkdi ki? Bu, bizim torpağmızıdr. Bura Ermənistan ərazisi deyil ki, KTMT dəstək versin. Biz Ermənistanın ərazisinə girmirik axı. Jurnalistlər yazırdı və indi də yazırlar ki, Yalamada 25 minlik rus qoşunları hazır vəziyyətdə dayanıb. Yalan idi. Rusiya müdaxilə etsə, elə Qarabağdan edərdi və bunu üçün onun imkanları daha genişdir, nəinki Xaçmazdan. Sən Qarabağı azad etdiyinə görə, mən Xaçmazı işğal edirəm? Belə şey mümkün deyil.

– Amma Gürcüstan Abxaziyanı azad etmək istəyəndə rus qoşunları Tiflisin 40 kilometrliyinə qədər gəlmişdilər…

– Bəli gəlmişdilər. Amma qarşısında Gürcüstan yox, dünya durdu. Məsələnin o hissəsinə gəlirik. Dünya bizi bu işlərdə müdafiə edə bilərmi? Niyə bizim dünyada heç bir güclü müttəfiqimiz yoxdur? Söhbət hansısa bir müsəlman ölkəsindən deyil, beynəlxalq güclərdən gedir. Gürcüstan hadisələri zamanı Fransa prezidenti Sarkozi iki gün Medvedevin yanında oturub müharibəni dayandırmağı tələb etdi. Bizim üçün kim uçub gələcək? Ərdoğan gələcək?

– Gəlməz?

– Gəlsə də, təsiri olmayacaq. Gürcüstana elə-belə dəstək vermədilər axı. Gürücstan demokratiya yolunu tutumuşdu, ona görə də başda NATO olmaqla Qərb, ABŞ Rusiyaya qarşı xüsusi təzyiq göstərdi. Biz isə demokratik ölkə deyilik, tərəfimizdə duran olmayacaq, ona görə də müharibəni dayandırmağa məcbur olduq.

– Bizim geniş iqtisadi resurslarımız var. Diplomatiyada bu üstünlükdən necə istifadə edirik?

– Bəli, bizim iqtisadiyyatımız Ermənistanda da, Gürcüstanda da böyükdür. Ermənistanı sıxırıq, amma bundan o tərəfə addım ata bilmirik. Bu məsələnin həlli diplomatik və hərbi yoldan ibarətdir. Diplomatiyamız qısırdır, əl-ayağı bağlıdır, dünyadan sona qədər dəstək görə bilmir. Daxildə aparılmayan islahatlara görə Qərb bizə xüsusi dəstək vermir. Qərb uzaqbaşı deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Bundan o tərəfə addım yoxdur.

– Bu günlərdə Cənub Qaz Dəhlizinin açılışı oldu. Qərbin burada böyük sərmayələri var, Azərbaycan da bu layihələrin mərkəzində durur. Bu qədər güclü iqtisdadi əlaqələr var, amma bunun müqabilində bizə dəstək yoxdur…

– Biz etdiklərimizin əvəzində Qarabağ tələbi qoymuruq. Amma onlardan tələb edirik ki, ölkənin daxili işlərinə qarışmayın. İnsan haqlarının təmin olunması, demokratik islahatların keçirilməsinə görə Azərbaycanın təzyiqə məruz qalmamasını istəyirlər.

Yəni Qərb də Qarabağ problemindən öncə daxili islahatları tələb edir?

– Bəli. Postsovet məkanında Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan ərazi itkisinə məruz qalıb. Fikir vermisinizmi, böyük dövlətlər Azərbaycandan başqa bu ölkələrin milli bayramlarını təbrik edəndə, onlara deyirlər ki, “biz sizin ərazi bütövlüyünüzü dəstkləyirik, əminik ki, tezliklə ölkənin bütlünlüyü təmin olunacaq”. Amma bunu bizə arzulayan yoxdur.(Davamı var)
Söhbətləşdi:

Elçin Rüstəmli

Strateq.az

“Qarabağı Azərbaycandan qoparmaq planları hazırlanır” – Müsahibə