İçeriğe geçmek için "Enter"a basın

Söyülməkdən qorxub gizlənən deputatlar VƏ… – Hanı bu xalqdan milyonlar oğurlayanlar?

01-04-2018


[r32]
Milli Məclisin üzvlərinin bir çoxu Avropadan Azərbaycan rəhbərliyinə təhqirlər yağdıran mühacirlərə qarşı çıxmaqdan, Azərbaycan prezidentini müdafiə etməkdən boyun qaçırırlar. Bu barədə martın 30-da Mətbuat Şurasının təşkilatçılığı və Prezidentin köməkçisi Əli Həsənovun iştirakilə keçirilən “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbirdə bildirilib. Tədbirdə çıxış edən bir sıra media rəhbərləri şikayətləniblər ki, deputatlar söyüş-təhqir yağdıran mühacirlərə cavab verilməsi təklifindən imtina edirlər.

“Bəzi millət vəkillərimiz, diaspora təmsilçilərimiz var, bəzən bizim müxbirlərimiz rəy üçün onlara müraciət edəndə, danışmaqdan imtina edirlər və deyirlər ki, Avropadakı bu şəxslərin səviyyəsinə enmək istəmirlər” – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şikayətlənib.

“Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı da münasibət bildirməkdən imtina edən deputatları qınayıb.

Ad çəkmək istəmirəm, deputatlardan biri deyir ki, məni bu işlərə qatmayın, danışsam, məni də söyəcəklər” – bir başqa baş redaktor bildirib.
Həqiqətən də, xalqdan səs almasalar da, məhz bu hakimiyyətin hesabına mandat, toxunulmazlıq, mənsəb sahibi olan deputatların əksəriyyəti ortada görünmürlər – belə görünür ki, Azərbaycan prezidentinin, digər ölkə rəhbərlərinin təhqir olunması onları çox da narahat etmir. Bəziləri isə hətta açıq şəkildə bildirirlər ki, söyülmək istəmədiklərinə görə bu məsələyə qarışmaq istəmirlər. Yəni başqa vaxt sədaqətdən, yüksək hörmət və ehtiramdan bəhs edən bu möhtərəmlər, özlərinin liderinə, ölkənin rəhbərinə görə heç söyülmək belə istəmirlər. Əslində, bu, heç təəccüblü də deyil. Azərbaycan parlamentinin formalaşdırılması prinsipi hamıya gün kimi aydındır və bu prinsiplərlə mandat yiyəsi olanların sədaqəti də, qabiliyyəti də elə bundan artıq olmamalıdır.

Ümumiyyətlə, son vaxtlar “söyüş müxalifətinin” ortaya çıxardığı bəzi gerçəklər diqqəti cəlb edir. Bir neçə şəxs hər gün videolar paylaşır və bu videolarda Azərbaycan prezidenti və daha bir neçə vəzifəli şəxs ən nalayiq ifadələrlə təhqir olunurlar. Lakin, sanki bir neçə nəfərdən başqa bu vəziyyət heç kimi narahat etmir. BƏS HANI YAP-ın 600 MİN ÜZVÜ? BƏS HANI BU İQTİDARIN HESABINA AZƏRBAYCAN XALQINDAN MİLYONLAR, MİLYARDLAR OĞURLAYANLAR? Niyə 3-5 nəfərdən başqa kimsə sinəsini qabağa verib, öz liderini, öz iqtidarını, öz dövlətini müdafiə etmir?

Əlbəttə, sual oluna bilər: 3-5 nəfər Avropada oturub, təhqir dolu videolar paylaşırsa, buna qarşı istər deputat olsun, istər YAP üzvü, istərsə də vəzifə adamı, nə edə bilər? Haqlı sualdır. Prinsipcə, bunun qarşısını almaq mümkün deyil. Sən nə etsən də, söyüş söyənlər söyməkdə davam edəcəklər.

Amma… Gəlin bir anlığa təsəvvür edək ki, Avropada olsa da, yeri-yurdu bəlli olan, tez-tez bəlli məkanlarda aksiyalar keçirən adamlar Türkiyə prezidenti Ərdoğanı söyüb-təhqir edirlər. Bu zaman nə baş verərdi? Əmin olun, həmin adamlar nəinki Avropanın siyasi mərkəzlərində aksiya keçirə bilməz, heç gizləndikləri yerlərdən başlarını çıxara bilməzdilər! Avropadakı türklər, fanatik ərdoğançılar onları doğulduqlarına peşman edərdilər! Bir təhqiramiz videoya qarşı Yutub minlərlə cavab videosu ilə aşıb-daşardı!…

İndi sə gəlin Yutuba daxil olub, Vidadi İsgəndərlinin təhqirlərinə qarşı bircə YAP-çı gəncin adekvat cavab videosunu tapmağa çalışaq… YAP iqtidarından faydalanan, onun hesabına Bakıya cırıq şalvarla gəlib, indi on milyonlara, yüz milyonlara sahibi olanların birini görək ki, bir video paylaşıb, “atəşi” liderindən yayındırıb, öz üzərinə çəkməyə çalışır…

Bəs hanı bu adamlar? Hanı çoxminli iqtidar yaltaqları? Hanı ölkəni qarış-qarış satan icra başçıları? Hanı milyonlara pul deməyən nazirlərin övladları? Hanı dövlət sifarişləri hesabına milyonçu olan iş adamları? Hanı hər il dövlətdən yüzminlər alan baş redaktorlar, ev alarkən prezidentə təşəkkür növbəsinə düzülən jurnalistlər, katibələr, sürücülər və digərləri?

Bu qədər təhqirlərdən sonra bircə kişi öz cibinin pulu ilə təyyarəyə oturub, bütün günü Avropanın küçələrində şəkil yapışdıran adamların sadəcə üzünə tüpürmək üçün hələ də Avropaya uçmayıbsa, demək ki… demək papağı qarşıya qoyub, yaxşı-yaxşı fikirləşməyin vaxtıdır!(Azpolitika.info)

Söyülməkdən qorxub gizlənən deputatlar VƏ… – Hanı bu xalqdan milyonlar oğurlayanlar?