[r32]
“Prezidentlə ata-bala kimi söhbət edirik. Hərdən soruşulur ki, haqqımda bəzi məlumatlar yazılır. Təbii ki, bunların hamısı iftira və yalandır”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
“Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Bu işdə mənəviyyat qarşısında borcumuz var. Məsələ tək məndən getmir. Əsas məsələ mənəviyyatı ləkəməkdən gedir. Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır. Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq”, – deyə, A.Paşazadə əlavə edib.
O qeyd edib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: “Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentimizə, həm də mənə – şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyx haqqında deyilənlər düzdür”, – deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?” /”Report”, “APA”