[r32]
Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: “2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.
31 nəfər yanğından xilas edilib.
***
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.
Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, prezidentdən başqa daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokurorun müavini Rüstəm Usubov da hadisə yerindədirlər və yanğın olan əraziyə baxış keçirirlər.
Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda polis əməkdaşları müəssisədə post qurub.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib”.