İçeriğe geçmek için "Enter"a basın

Mikayıl Cabbarov “64-lər”dən ikisini işə qaytardı! – Nazir qərarını niyə dəyişdi?

20-02-2018


[r32]
Ölkə gündəmində hələ də öz aktuallığını saxlayan mövzulardan biri sözsüz ki, Fazil Məmmədovun vergilər naziri vəzifəsindən kənarlaşdırılaraq, yerinə Mikayıl Cabbarovun təyin olunması və bundan sonra nazirlikdə baş verənlərdir. Xüsusilə, yeni nazirin kadr siyasəti böyük diqətlə izlənilir. Ən çox şikayət olunan nazirliklərdən biri kimi, vergi orqanında ciddi kadr islahatlarına və təmizləmələrə böyük ehtiyac olduğu həm müstəqil ekspertlər, həm də ayrı-ayrı deputatlar və hökumət təmsilçiləri tərəfindən dəfələrlə səsləndirilib.

Elə Mikayıl Cabbarov da bu mövqedən şıxış edərək, ilk növbədə kadr dəyişikliklərinə başladı. Nəticədə, artıq xeyli məşhurlaşan 64 nəfərlik siyahı ortaya çıxdı və mətbuatda dərc edildi. Onu da qeyd edək ki, bu siyahıda yer alanların demək olar hamısı yüksək ranqlı vergi məmurlarıdır və onların böyük əksəriyyətini fəal vergi ödəyicilərinin hamısı tanıyır və onlarla birbaşa kontaktda olublar. Elə ən çox şikayət olunanların da böyük qismi bu siyahıdadır. Bu siyahıdan belə nəticə çıxarmaq olardı ki, yeni nazir həmin məmurların kimlərin adamları olmasından asılı olmayaraq, vergi sıralarını təmizləməkdə qəti qərar verib.

Ancaq “AzPolitika.info”ya daxil olan məlumata görə, sözügedən 64 nəfərlik siyahıya daxil olanlardan ikisi – Eldar Bədəlov və Eldar Abbasov işlərinə bərpa olunublar.

Xatırladaq ki, son kadr dəyişikliklərinə qədər Eldar Bədəlov Əlaqələndirmə və idarəetmə departamentinin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, Eldar Abbasov isə Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini vəzifəsində çalışıblar.

Saytımıza daxil olan məlumatda o da bildirilir ki, bu vergi məmurlarından biri maliyyə naziri Samir Şərifova yaxın şəxsdir və onun istəyilə işə bərpa olunub.

“64-lər”dən ikisinin işə bərpa olunması ilə bağlı xəbəri Vergilər Nazirliyinin mətbuat xidmətilə dəqiqləşdirmək cəhdimiz baş tutmadı.

Mikayıl Cabbarov “64-lər”dən ikisini işə qaytardı! – Nazir qərarını niyə dəyişdi?