İçeriğe geçmek için "Enter"a basın

“İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta evimizə daxil olacaq”– Erməni KİV

13-02-2018


[r32]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı Ermənistanda ciddi narahatlığa səbəb olub. Azərbaycan dövlətinin başçısının dediyi “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır… İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir” sözləri işğalçı ölkənin mediasında fəal şərh edilir.

Ermənistanın bir sıra KİV-ləri ölkənin hakimiyyət orqanlarını emosional və qeyri-adekvat şəkildə münasibət bildirməkdən çəkinməyə, Azərbaycan Prezidentinin çıxışını ayıq-sayıq şəkildə təhlil etməyə çağırıblar.

Ermənistan rəhbərliyinin siyasətinin fiaskosu

Ermənistanın 1in.am informasiya portalı yazır: “Bizim hakimiyyət bir məsələni təkidlə inkar edir ki, Əliyevin özünə güvənməsinin mənbəyi, yumşaq desək, bizim dövlətimizin biabırçı vəziyyətdə olması, dağıdıcı mühacirətdir… Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq. Əliyevin çıxışının həyəcan doğuran tonu bizim hakimiyyətin nümayəndələrinin qulağına nə qədər xoş gəlməsə də, praqmatik siyasi əsasa malikdir. Bu, boşalan Ermənistan dövlətinin institusional və perspektiv iflasa uğramasıdır. Ermənistanın hakimiyyət orqanlarının nümayəndələri bir aşkar faktı – özlərinin siyasətinin açıq-aydın fiaskosunu gizlətmək məqsədilə dünəndən başlayaraq qılınclarını yellədirlər”.

Portalda daha sonra qeyd edilir ki, Ermənistan dövlətinin davamlı tənəzzülü milli gündəliyin və idealların olmamasına dəlalət edir. 1in.am portalı vurğulayır: “Bizim vəzifəmiz Azərbaycan Prezidentinin kölgəsini qılınclamaq deyil, inkişaf strategiyası və gələcək barədə təsəvvür formalaşdırmaqdır”.

“İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta evimizə daxil olacaq”– Erməni KİV