İçeriğe geçmek için "Enter"a basın

Bayılda torpaq uçqunu təhlükəsi – “Vəziyyət təhlükəlidir”

25-01-2018


[r32]
Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə ilə əlaqədar olaraq 100-dən çox evin sakini ərazidən köçürülüb.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürüşmənin aktiv olduğu zonaya gedərək sakinlərlə görüşüblər.

Camaatla söhbət aparılıb və onlara müvəqqəti olaraq qohum və yaxınlarının evinə köçmələri təklif olunub. Kimin köçməyə yeri yoxdursa, xüsusi olaraq bu işlə əlaqədar rayonun idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Təxminən 100-dən çox evin sakini köçürülüb”, – deyə İ.Kərimov bildirib.

O, əraziyə baxış keçirildiyini, həmçinin oranın xəritəsinin çıxarıldığını, lakin hazırda təhlükəli zonada neçə evin olduğunun hələ ki müəyyənləşdirilmədiyini əlavə edib.

İcra nümayəndəsi köçürülmənin Səbail Rayon Polis İdarəsi əməkdaşlarının nəzarəti altında həyata keçirildiyini qeyd edib. (Report)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov virtualaz.org-a açıqlasmasında bildirib: “Sürüşmə zonası Bayıl yamacında, Teleqüllənin ətrafında yerləşir. Bu zona ixtisaslaşdırılmış atlaslarda sürüşmələrə meyilli ərazi kimi qeyd olunub. Son zamanlar sürüşmə zonası genişlənib. Həmçinin, Bayıl yamacının sağ tərəfində, “Bayılov dərəsi” adlanan ərazidə 80 metr uzunluğunda çat yaranıb. Həmin ərazidə hələ ötən ilin noyabrında bir neçə santimetrlik müxtəlif çatlar qeydə alınmışdı. Son 3 ay ərzində şat 8 metrə qədər artdı. Sürüşmə artıq rayonun təxminən 7 hektar ərazisini əhatə edir. Yaşayış evlərinə ziyan dəyib, əhalinin təxliyəsinə başlanıb.

Hazırda bizim mütəxəssislərimiz göstərilən sahədə müvafiq tədqiqatlar aparırlar, təbii fəlakət zonasını işarə verən mayaklar yerləşdirirlər. Bayıl yamacından aşağıda da müxtəlif ölçülü, təxminən 50 çat yaranıb. Torpağın yarıldığı yerlərdə aralanan hissələr 20-25 santimetr təşkil edir. Bizim əməkdaşlardan başqa orada FHN-ın, Elmlər Akademiyasının və başqa strukturların mütəxəssisləri də işləyirlər. Mütəxəssislər sürüşmənin əhatəsini, xarakterini, səbəblərini, həmçinin mümkün nəticələrini müəyyənləşdirirlər. Tədqiqatların nəticələri hökumətə təqdim ediləcək. Sürüşməni dayandırmaq və ya birtəhər qarşısını almaq, istənilən başqa tektonik proseslər kimi, mümkün deyil.

Bizim mütəxəssislərimiz israrla məsləhət görürdülər və bu gün də təkid edirlər ki, sürüşmə ərazisində tikinti dayandırılsın. Tikinti torpağın dayanıqlığını azaldır və sürüşmə proseslərini sürətləndirir. Ən böyük narahatlıq doğuran odur ki, sürüşmə aktiv mərhələdədir. Vəziyyət olduğca təhlükəlidir!”.

Bayılda torpaq uçqunu təhlükəsi – “Vəziyyət təhlükəlidir”