[r32]
Xəbər verdiyimiz ki, prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunu təsdiq edib. Bu sənədin təsdiq olunması ilə ləğv olunmuş Nəqliyyat Nazirliyində nazir müavini vəzifələrini tutmuş Arif Əsgərovla Musa Pənahovun talelərinə də aydınlıq gəlmiş olub. Onlar nazir müavini statusunu itiriblər.
Xatırladaq ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdikdən sonra Nəqliyyat Nazirliyində rəhbər vəzifələrdə çalışmış bir sıra vəzifəli şəxslərlə bağlı qeyri-müəyyənlik yaranmışdı. Bu sıradan Musa Pənahovla Arif Əsgərovun məsələləri də açıq qalırdı. Lakin unikal.org xəbər verir ki, Nazirliyin yeni strukturunun təsdiq olunması ilə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini vəzifələrini tutmuş İltimas Məmmədovla Elmir Vəliyev kimi, Musa Pənahov və Arif Əsgərov da rəhbərlikdən kənarda qalıblar.
Xatırladaq ki, artıq Əli Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rabitə sahəsi üzrə müavini vəzifəsinə təyin olunub. Nəqliyyat üzrə müavin vəzifəsi isə hələlik boşdur. İstisna deyil ki, bu vəzifəyə məhz Musa Pənahov təyin olunacaq.(Azpolitika.info)