İçeriğe geçmek için "Enter"a basın

Nazirlə deputatın sözləri çəpləşdi

08-11-2017


[r32]
Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Modern.az xəbər verir ki, S.Şərifov deyib ki, o, Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənmədiyi barədə səsləndirilən iradla razılaşmır.

S.Şərifov S.Novruzovun “Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək” fikirlərinə də münasibət bildirib.

Nazir deyib ki, neçə illərdir Milli Məclisə gəlir və heç zaman da burada özünü qonaq kimi hiss etmir.

“Milli Məclisdə mənim də təmsil olunduğum iqtidarın-hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri təmsil olunur. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”.

Nazir deyib ki, o ki, qaldı Milli Məclisin büdcəsinə, Milli Məclis büdcəni özü müəyyənləşdirir. “Əgər Milli Məclis büdcəsinin artırılmasını məqsəduyğun hesab edərsə, biz məsələyə baxıb, büdcəni artıra bilərik”.

S. Şərifov onu da əlavə edib ki, iclasda Azərbaycana qarşı qara piarlarda parlamentdən başqa heç kimin sinəsini qabağa verməməsi ilə bağlı fikirlər səsləndi:

“Onu deyə bilərəm ki, son dövrlərdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında təkcə Milli Məclis deyil, eyni zamanda hökumət üzvləri də sinəsini qabağa verərək, öz töhfəsini verib”.

Qeyd edək ki, S.Novruzov çıxışında deyib ki, Azərbaycanın dövlət büdcəsi sosializmdən fərqlənməlidir, yeni dəyərlər əsasında qurulmalıdır. O, gələn ilin büdcəsində deputatlar üçün maaş artımının nəzərdə tutulmamağına da etiraz edib.

Nazirlə deputatın sözləri çəpləşdi