İçeriğe geçmek için "Enter"a basın

Akif Çovdarovun cəzası elan edildi – Əmlakı müsadirə olundu, paqonları söküldü (YENİLƏNDİ)

30-10-2017


[r32]
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatacaq.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçiriləcək iclasda təqsirləndirilən şəxslərə hökm oxunması gözlənilir.

Oktyabrın 4-də baş tutmuş iclasda təqsirləndirilən şəxslərdən sonuncusu A.Çovdarov son söz deyib. Sabiq MTN genralının son nitqindən sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Bu gün saat 14:30-da məhkəmə heyəti müşavirədən qayıdıb hökmü elan edəcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.

Prokuror Dövlət Təhlükəsiliyi Xidmətinin verdiyi mülki iddianın təmin edilməsini istəyib. Bundan başqa, zərəçəkmişlərin mülki iddiasında maddi zərərin vurulmasında məhkəmənin mülahizəsinə buraxmasını bildirib, mənəvi zərərin ödənilməsinin təmin olunmamasını xahiş edib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbs qoyulub. /“Report”

***

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə general A.Çovdarova və digərlərinə hökm oxunacağı gözlənilirdi.

Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətində azadlıqdan məhrum edilib.

Hökmə əsasən Səlim Məmmədov isə, 11 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmün davamında Akif Əliyevin və Orxan Osmanovun da cəzaları elan edilib. A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı A.Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Səlim Məmmədovun 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxslərin hamısı son sözlə çıxış edərək, onlara qarşı irəli sürülmüş ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıblar.

***
Maddi zərərçəkmişlərin bir neçəsinin mülki iddiası təmin edilib.

Çovdarov və digərlərinin əmlakının müsadirə olunaraq zərərçəkənlərə ödənilməsinə qərar verilib.

Vosmoy bazarı dövlət nəfinə müsadirə olunub. Karvansaray epizodu, zərərçəkən Qədim Ədilov epizodu üzrə cinayət işinə xitam verilib.

Səlim Məmmədovun pensiyası üzərinə qoyulan həbs götürülüb.

A.Çovdarov və S.Məmmədovun ailə üzvlərinin yaşadıqları evlər müsadirə edilməyərək özlərinə qaytarılıb.

***

Vəkillər hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

***
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı təqdimat verilib.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə Çovdarovla bağlı ölkə başçısına, digər 3 şəxsə görə isə (Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov) rütbəsinin alınması üçün müvafiq icra hakimiyyətinə təqdimat göndərilib.

DTX-nın 3 milyon manatlıq mülki iddiası təmin edilib.

Təqsirləndirilənlərin 33,5 milyon manatlıq əmlakının hamısı yox, əksər hissəsi müsadirə edilib.

Akif Çovdarovun cəzası elan edildi – Əmlakı müsadirə olundu, paqonları söküldü (YENİLƏNDİ)