
27.01.2015 / 17:58 xeber –
“Şir evdən getdi” filminin adı bu gün az qala “gəlin evdən getdi” ifadəsi ilə əvəzlənib. Bunu nə Elgiz, nə Zaur, nə də bir başqası həll edə bilər. Bunun üçün insan institutları, psixoloji məsləhətxanalar lazım. Bəzən gizli məsələlərin ictimailəşdirilməsi vəziyyəti daha da ağırlaşdırır. Tərəfləri daha da aqressivləşdirir. Hər iki tərəf el yanında alnıaçıq, üzüağ görünmək üçün “açır sandığı, tökür pambığı”. Əlbəttə, üz ağlığı təkcə pambıqla bağlı deyil. Lirik-sentimental türk musiqisinin sədaları altında çözülən problem müəyyən bir an üçün şirin qılıq və şən ovqat yaratsa da, sonradan yara daha da dərinləşir.
Bu mövzuda yazmayacaqdım, əgər Milli Elmlər Akademiyasının bağında bir xanım əlində mikrofon mənə yaxınlaşmasaydı. Deyəsən, məni tanımışdı. Televiziyada işləyir. İlk sualı da bu oldu:
– Qızların qaçırılmasına necə baxırsınız?
Suala hazır deyiləm, yolun ortasında qəfil tutan yağış kimi verilən sual da qəfil qoşulub qaçan qıza oxşadığından, suala cavab, hadisəyə səbəb axtarıram. Cavab verməmiş ikinci sual qaçan qızın böyük bacısı kimi özünü çatdırır:
-Bilirəm ki, siz tərəkəməsiniz, tərəkəmələrdə qız qaçırmaq məsələləri necədir?
Cavab verməyə çalışıram, çünki bir az da ləngisəm, 3-cü sual özünü yetirəcək.
– Qız qaçırmaq məsələsində 3 süjet xətti var. Birincisi, həvəskar qaçırmaq. Yəni yetkinlik yaşına çatmayanlar düşünmədən bu addımı atırlar – valideyn razı oldu, olmadı. “Hamı arvad alır, qoy mən də alım”, “mən qaçırmasam, başqası qaçırdacaq” və sair məsələləri əsas götürərək gənclər belə addım atırlar. Bundan fəxr, qürur duyurlar, hətta damaqlarına siqaret qoyub şellənirlər. Sonrası isə acı faciələrə gətirib çıxardır. Dolanışıq, hərbi xidmət, valideyn münasibətləri bəzən məsələni daha da qəlizləşdirir.
İkincisi, biz tərəkəmlərdə qız qaçırmaq qədim zamanlarda bir kişilik məktəbi olub. Məsələn, oğlanın 20-25 yaşı olurdu, qəşəng atı olurdu, atının da qəşəng yəhəri olurdu, yəhərin tapqırın (yəhəri atın qarnına bağlayan qayış), quşqunun (yəhərin atın quyruğun altından keçən qayışı), sinəbəndin (yəhərin atın sinəsindən keçən qayışı) bağlayıb, gedib qonşu obadan və ya öz obasından sevib-seçdiyi ərlik bir qızı qaçırırdı. Burda atla qaçırmağın mühüm rolu o idi ki, at oğlanın özünün idi, qızı dolandırmaq, belə deyək, onu saxlamaq üçün oğlanın imkanı varıydı. Oğlan ata, çölə, təbiətə bağlı olduğundan varlığı saf idi, elə qızın da varlığında təbiətdən gələn bir duruluq olurdu. Oğlanla qızın bu vaxtlarına ərlik və ərənlik vaxtları deyillər. Necə ki qatığın bir uyuşma məqamı olduğu kimi, bu yaşın da izdivacı yaxşı uyuşurdu. Mexanizmlər dəyişsə də, bu gün bizim kəndlərdə mənəvi cəhətdən bu məsələlər davam edir və buna da pis baxmıram. Əgər ərlik və ərənlik yaşına çatmış növcavanlar belə bir qərara gəliblərsə, demək, burda bir həqiqət olmamış deyil.
Üçüncüsü, müasir dövrdə, xüsusən şəhərdə və kəndlərdən şəhərə qız qaçırmaq telefonla, yəni SMS-lə həyata keçirilir. O da ola, telefonu kimdənsə oğurlayasan. Təsəvvür edin, at və telefon. Bir canlı, bir cansız. Ürəyi, hiss və duyğunu o qədər hiss etməyən və hiss etdirməyən bu qurğu qız qaçırmaq məsələlərində bu gün aradüzəldən arvadlara dönüb. Əgər bu qurğu insan olsaydı, bu qədər faciələr baş verməzdi.
Qız qaçırılması bəzən də valideynlərin etirazından sonra baş verir. Burda da qeyri-bərabərlik mühüm rol oynayır. İnsanın kamil olmaması ucbatından gənclər bəzən məhv olurlar. Qaçır, ya qaçırma, elçi get, ya getmə – bütün məqamlarda Azərbaycan insanının kamilləşməsi lazımdır.
Mebel salonları, brilyant dükanları, şadlıq saraylarının bahalığı ilə gənclərimiz üz-üzə dayanıb. Atla qaçırmada (mənəvi mənada) bu problem o qədər yoxdur, amma telefonda var. Özü də oğurluq telefonda. Elə cinayət məcəlləsində də qız qaçırmağın adı insan oğurlamaqdır. Bu da cinayətdir. Axşam şəhərə çıxanda təzə tikilmiş və hətta istifadəyə verilmiş onlarla binaların mənzillərində işıqlar yanmır. Əgər o işıqlar yansa, onda izdivac, sevda bağlamış gənclərimizin ailələrində də işıqlar yanacaq.
Məndən müsahibə alan qız deyir:
– Kifayətdi, Qəşəm müəllim.
– Necədir, bəyəndiniz fikirlərimi?
– Yox – dedi, – mən də qaçırılmışam.
– Atla, yoxsa telefonla?
– Telefonla…
– Xoşbəxt oldunuz?
– Yox… ayrıldıq və dediklərinizi efirə verməyəcəm.
– Narahat olmayın, mənim öz efirim var.
– Harada?
– Lent.az-da…
Hər şeyi mənanın üzərinə yükləmək bəzən yaxşı alınmır, bəzən mənasızlığın özü də ən gözəl mənadır.
Hər şey aparıcının sualından başladı.
– Qızların qaçırılmasına münasibətiniz bilmək istərdik.
Susuram. Bu sorğuya cavabım yox. Həyat özü hər şeyi yoluna qoyur. Qaçırsan da günah, qaçırmasan da.
Aparıcı valı dəyişir. Tərəkəmələrdə qız qaçırırlar? Tarixən bu məsələ sizdə necə olub və indi necədir?
Tərəkəmə dedi, elə bil evimin qapısı döyüldü. Əlbəttə, cavab verməliyəm bu döyüntüyə…
Mənbə : Lent.az