Azadlıq.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər seçim etməli olacaqlar; ölkə rəhbərliyinin bununla bağlı prinsipial qərar verdiyi iddia olunur
Milli Məclisin yeni tərkibində rektor deputatlar təmsil olunmayacaq. Bu barədə “Yeni Müsavat”a adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib. Mənbəmizin sözlərinə görə, artıq rektorlara bu barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Naxçıvan Universitetinin sabiq rektoru İsa Həbibbəyli, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev mandat daşıyırlar.
Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov rektor deputatların mandatdan məhrum edilmələri üçün müvafiq qurumlara dəfələrlə çağırış etmişdi. Hesab olunur ki, İlyas müəllimin müraciəti hüquqa əsaslanmaqla yanaşı, eyni zamanda müəyyən dairələrlə razılaşdırılmış da ola bilərdi.