Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirik.
8 Mart – qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin “qadın bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.
Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.