[r32]
Vəzifədən çıxarılandan az sonra – bu ilin aprel ayında səhhəti qəfil pisləşdiyindən, əvvəlcə Gəncə Beynəlxalq Hospitalında, sonra isə Türkiyədə “American Hastanesi”ndə uzun müddət müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov Bakıya qayıdıb.
Azadlıq.az xəbər verir ki,“AzPolitika.info”nun məlumatına görə, bir qədər əvvəl sabiq nazirin Bakıya dönərkən çəkilmiş fotosu yayılıb. Şəkli Fazil Məmmədov xüsusi təyyarə ilə Azərbaycana gələn zaman həyat yoldaşı və Türkiyədən olan həkimlərlə birgə çəkdirib.
Şəkildən göründüyü kimi, Fazil Məmmədov xeyli dəyişib. Xəstəlik sabiq nazirin zahiri görkəmində də müəyyən izlər buraxıb.
Xatırladaq ki, infarkt diqanozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilən Fazil Məmmədovun səhhəti kəskin ağırlaşdığından, bu ilin iyun ayında Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılmişdı. Türkiyədə “American Hastanesi”ndə aparılan müayinələr zamanı Fazil Məmmədovda təhlükəli xəstəlik hesab olunan pankreatit xəstəliyi aşkarlanmışdı.
Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu, adətən, tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.
Sabiq naziri Türkiyədəki “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin müalicə etdiyi bildirilir. Fazil Məmmədovun səhhətinin artıq normallaşdığı bildirilir. Allah şəfa versin!