İçeriğe geçmek için "Enter"a basın

Gültəkin Hacıbəylinin əmlakları VƏ… – Bəs 20 ildir deputat, nazir olanların nəyi var?

22-02-2018


[r32]
Bu gün bir sıra saytlarda sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinın böyük mal-mülk, əmlak sahibi olduğuna dair yazılar yayılıb. Bu yazıya uzun bir əmlak siyahısı daxil edilərək, onların Gültəkin Hacıbəyliyə məxsus olduğu, dəyəri milyonlarla ölçülə biləcək bu mal-mülkü onun deputat olduğu 5 il ərzində (Əslində G.Hacıbəyli 10 il deputat olub-red.) əldə etdiyi iddia olunub. Həmin siyahını təqdim edirik:

– Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa;

– Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi;

– Goradil kəndində 30 sot torpaq sahəsi;

– Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi;

– Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

– Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi;

– Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;

-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil;

– Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil;

– Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;

– Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;

– Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil;

Bundan əlavə Gültəkin Hacıbəylinin deputat olduğu illərdə təmsil etdiyi Goranboy rayonunun Nadirkənd kəndində 5 hektar, Borsunlu kəndində 6,25 hektar, Aşağı Ağcakənd kəndində 1,76 və 3,24 hektar olmaqla 2 torpaq sahəsi, həmçinin Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 ayrı torpaq sahəsi əldə etdiyi, ancaq bunların sonradan rayon sakinlərinin şikayətləri əsasında ondan geri alındığı bildirilir.

Qeyd olunan əmlakların həqiqətən Gültəkin Hacıbəyliyə məxsus olub-olmadığını, onundursa hansı vasitələrlə əldə etdiyini söyləmək çətindir. Hər halda od olmasa tüstü çıxmaz və yəqin ki, Gültəkin Hacıbəyli özü buna aydınlıq gətirəcək…

Ancaq bu məlumat başqa suallar ortaya çıxarır. Əgər cəmi 10 il deputatlıq edən bir xanım, saytların yazdığı kimi “orta ölçülü oliqarxlarla müqayisə oluna biləcək” səviyyədə əmlak sahibi olubsa, onda görün ki, BU ÖLKƏDƏ 15, 20, HƏTTA 25 İLDİR DEPUTAT OLANLARIN NƏLƏRİ VAR!

Hamıya məlumdur ki, nazirlər, komitə rəhbərləri və hətta icra başçıları ilə müqayisədə deputatlar daha az imkanlı, eyni zamanda məhdud səlahiyyətlidirlər. İndi təsəvvür edin ki, bir xanım deputat cəmi 10 illik deputatlığı dövründə dəyəri milyonlarla ölçülən əmlaklar əldə edə bilibsə, 15-20 İLDİR NAZİR, NAZİR MÜAVİNİ, KOMİTƏ SƏDRİ, GÖMRÜK RƏİSİ VƏ DİGƏRLƏRİ BU XALQDAN NƏLƏR OĞURLAYIB!

Zatən Azərbaycanda vəzifəsi olanın “yeyib-dağıtması”, mandatı olanın deputatlıqdan sui-istifadə edib özünə var-dövlət toplaması normal hesab edilir. Təsadüfi deyil ki, Hacıbəylinin əmlaklarının siyahısını yayan saytlardan biri sabiq depuatın bu qədər əmlaka necə sahib olmasını belə əsaslandırıb: “Bu həmin vaxtlar baş verirdi ki, xanım Hacıbəyli indikindən tamam fərqli statusda və siyasi mövqedə idi. Milli Məclisdə təmsil olunurdu, hakimiyyətin ən alovlu müdafiəçilərindən idi və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində yer alırdı…”(Azpolitika.info)

Gültəkin Hacıbəylinin əmlakları VƏ… – Bəs 20 ildir deputat, nazir olanların nəyi var?