İçeriğe geçmek için "Enter"a basın

2 Fond birləşdirilərək yeni qurum yaradıldı – Deputatın oğluna vəzifə verilib

27-12-2017


[r32]
Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, fərmanın 1-ci, 2-ci və 7-ci hissələri, 3.1 – 3.4-cü, 3.6-cı, 4.1-ci və 5.1-ci bəndləri ləğv edilir; 3.5-ci bənddə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilir; 4.8-ci bənddə “Cəmiyyətin” sözü “Fondun” sözü ilə əvəz edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Fəxri Xanhüseyn oğlu Kazımovun İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib. APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib:

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

Qeyd edək ki, Fəxri Kazımov millət vəkili, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğludur. O, bundan əvvəl Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

2 Fond birləşdirilərək yeni qurum yaradıldı – Deputatın oğluna vəzifə verilib