[r32]
“Xural” qəzetinin dünən saxlanılan baş redaktoru Əvəz Zeynallının məhkəməsi başa çatıb. Məhkəmə jurnalisti 200 manat cərimələyərək, sərbəst buraxıb.
***
“Xural” qəzetinin dünən saxlanılan baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi artıq başlayıb. “AzPolitika.info”nun məlumatına görə, jurnalist saat təxminən 14:30 radələrində məhkəməyə gətirilib. Ancaq proses bir qədər gec başlayıb. Ailəsinin və jurnalistlərin məhkəmə prosesinə buraxılmaması prosesdən öncə müəyyən gərginliyin yaşanmasına səbəb olub.
Əvəz Zeynallının yaxınlarının prosesdə iştirakı təmin olunmasa da, məhkəmə zalında xeyli adam var. Ehtimal olunur ki, bunlar şahid kimi işə cəlb olunan şəxslərdir.
Qeyd edək ki, Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni əmrinə tabe olmama). Bu maddə ilə jurnalist 200 manat cərimə və ya 30 sutka həbslə cəzalandırıla bilər.
***
Vəkili “Xural” qəzetinin dünən saxlanılan baş redaktoru Əvəz Zeynallı ilə görüşüb.
Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
E.Sadıqov müvəkkilinin ona qarşı irəli sürülən ittihamla razılaşmadığını bildirib:
“Əvəz bəy izahatında da qeyd edib ki, bu, ona qarşı qurma oyundur. Qətiyyən razılaşmır. Əvəz Zeynallı dünən yolun bağlanmasına münasibətini bildirib. İnsanların hər gün o yola görə əziyyət çəkdiyini ictimailəşdirib. Bundan sonra Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsinin göstərişilə saxlanıldığını deyir. Məhz həmin şəxsin göstərişilə Əvəz Zeynallını tutublar”.
Jurnalistin xanımı Məlahət Zeynallı Modern.az-a deyib ki, Əvəz Zeynallı bu gün Binəqədi rayon Məhkəməsinə çıxarılacaq.
Qeyd edək ki, Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni əmrinə tabe olmama).
* * *
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün məhkəmə qarşısına çıxarılacaq.
Bu barədə “Report”a onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, ötən gün Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ə.Zeynallıdan izahat alınıb: “Əvəz Zeynallı çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb. Bu gün Əvəz Zeynallı Binəqədi Rayon Məhkəməsinə aparılacaq, lakin hələlik məhkəmənin vaxtı açıqlanmayıb”.
Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.
***
Bir neçə saat əvvəl Bakıda polis tərəfindən saxlanılan jurnalist Əvəz Zeynallı hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, saxlanmanın səbəbi barədə onlara dəqiq məlumat verilmir.
Vəkil virtualaz.org-a açıqlamasında isə Ə.Zeynallının saxlanması ilə bağlı bəzi təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, Əvəz Zeynallı polis əməkdaşlarının Binəqədi şosesini necə kəsdikləri barədə çəkiliş aparırmış. “Xural” nəşrinin baş redaktoru bu çəkilişi sosial şəbəkələrdə birbaşa yayımda paylaşırmış. Öz birbaşa yayımında jurnalist iddia edirmiş ki, yüzlərlə insan yolun bağlanmasına görə evə piyada qayıtmağa məcbur olub.
Polis əməkdaşları A.Zeynallıdan çəkilişi dayandırmağı tələb ediblər. Jurnalist polis əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edib. Bundan sonra Əvəz Zeynallı saxlanılıb və 4-cü Polis Bölməsinə aparılıb.
***
Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün polis tərəfindən saxlanılıb.
Bu barədə Strateq.az-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. Məktəbdən uşaqlarını götürüb evə qayıdan Ə.Zeynallı yolda tıxaca düşüb. O, bu zaman hərəkətin düzgün tənzimlənməməsi ilə bağlı polisə irad bildirib. Bundan sonra jurnalist Binəqədi rayon Polis İdarəsinin 4-cü şöbəsinə gətirilib. Hazırda orada saxlanılır. Araşdırma aparılır.